II MƏQALƏ
“Əliyev üçbucağı”nın geosiyasi anlamı
Xatırladaq ki, I məqalənin sonuncu tezisi Prezident İlham Əliyevin ölkənin coğrafi determinantları ilə müasir geosiyasi reallığın başlıca cəhətlərini uyğunlaşdıra bildiyini ifadə edir. Bu, Prezident İlham Əliyevin üçtərəfli əməkdaşlıq platformalarının mühüm nəzəri və metodoloji bazasını təşkil edir. Həmin tezis “Əliyev üçbucağı” anlayışının məna yükünü müəyyənləşdirməyə imkan verir. Məsələnin bu aspekti üzərində geniş dayanmağa ehtiyac vardır.
Öncədən vurğulayaq ki, “Əliyev üçbucağı” anlayışının məna yükü çoxlu sayda geosiyasi anlayışların qarşılıqlı münasibətləri fonunda müəyyən edilmişdir. Onların bir qismini burada göstəririk: “daxili ox” (vahid strateji məkanda geosiyasi əlaqələrin keyfiyyətinin ifadəsi), “geosiyasi şüa” (geosiyasi qütbün təsir vektoru), “geosiyasi parça” (hər hansı geosiyasi platformada strateji paytaxtın digərləri ilə münasibətlərinin cəmi), “geostrategiya” (geosiyasi təhlilin hərbi aspekti), “inteqrasiya” (birləşmənin müxtəlif formaları), “passibilizm” (bu, coğrafi determinizmə aiddir və nəzəriyyə kimi coğrafi məkanın tarixi öncədən müəyyən etmədiyini, ancaq onun müəyyən məcraya yönəlməsini motivə etdiyini irəli sürür, termini Vidal de lya Blaş daxil etmişdir), “geosiyasi məkan” (bir qədər sonra izah edilir), “geosiyasi refleksiya” (geosiyasətin subyektinin proseslərə reaksiya vermək qabiliyyəti) və s.
“Əliyev üçbucağı” vurğulanan anlayışlardan başqa bir neçə termini də əhatə edir. Bu baxımdan o, geniş geosiyasi-nəzəri təhlilə ehtiyacı olan anlamdır.
Onun digər aspekti praktiki-tətbiqi formullarla əlaqəlidir. Bu keyfiyyətdə nümunə kimi, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Rusiya, Azərbacyan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Suriya, Azərbaycan-Türkiyə-Qazaxıstan, Azərbaycan-Özbəkistan-Türkmənistan və digərlərini göstərə bilərik.
“3+3”: əməkdaşlığın eksponensional inkişafı
Bunlardan başqa, “Əliyev üçbucağı”na fərqli anlam verən bir nümunə də mövcuddur. Bu, üçtərəfli əməkdaşlıq formullarının həndəsi və ya eksponensional (ikiqat, üçqat və s.) qaydada inkişaf etdirilməsi potensialı ilə bağlıdır. Yəni əməkdaşlıq formatında “üçlüyün” sayı artıqca yekun effekt ona uyğun artır (eksponensional artım). Nümunə kimi, “3+3” formuluna baxmaq olar.
Bu formul iki üçtərəfli əməkdaşlıq formatının sintezindən yaranmışdır. İlk “üçlük” – Azərbaycan, Ermənistan və Gürcüstan, “ikinci üçlük” – Türkiyə, Rusiya və İran. Bu cür kombinasiya geosiyasətdə mövcud olan “yeni regionalizm” prinsipinə uyğun qurulmuşdur. Eyni zamanda, yeni regionalizmə İlham Əliyev yaradıcı yanaşmışdır. Nəzəriyyədən əməkdaşlıq platformasının açıq olması götürülür, yəni “3”-lər digər iştirakçıların da formula daxil olmasını istisna etmirlər. Bu zaman “nüvə dövlətlərin” qəbul etdiyi qayda və normalara tam əməl etmə və yalnız qarşılıqlı faydalı münasibətlər qurmağa istiqamətlənmə şərti qoyulur. Regiondaxili miqyasda qarşılıqlı asılılıq (məsələn, iqtisadi, energetik, təhlükəsizlik və s.) və əməkdaşlıq mütləq şərt olaraq qəbul edilməlidir. Məsələnin bu cür qoyuluşunun başqa aspekti üçlü əməkdaşlıq formatının sonucda dünya miqyasında əməkdaşlığa töhfə verməsi ilə bağlıdır. Bu, mühüm strateji məqsəddir və hesab edirik ki, “Əliyev üçbucağı”nı həm mövcud olmağa dayanıqlı, həm də faydalılığa davamlı edən başlıca kriteriyadır.
Həmin kriteriya kontekstində “3+3”-ə baxanda yeni regionalizm daxilində maraqlı geosiyasi gediş edildiyi aydınlaşır. Belə ki, regional miqyasda “üçlük” regionu çevrələyən “geosiyasi qurşaq”la tamamlanmışdır. Obrazlı desək, Cənubi Qafqaz region olaraq daxili və xarici coğrafi sərhədlər üzrə “ikiqat müdafiəyə” alınmışdır. Daxildə Azərbaycan, Gürcüstan və Ermənistan əməkdaşlığı regionu təhlükəsiz və sabit etməlidir, xarici sərhəd qurşağında isə Türkiyə, Rusiya və İran regional əməkdaşlıq və təhlükəsizlik üçün uyğun mühit yaratmalıdırlar. Onlar həm də “daxili üçlüklə” birgə bütün əməkdaşlıq istiqamətlərində fəal iştirak etməlidirlər. Bura bütün sahələr, o cümlədən müdafiə və təhlükəsizlik də daxildir.
Buradan “Əliyev üçbucağı”nın geosiyasi məkan anlayışına inteqrasiya və təhlükəsizlik aspektlərində yeni məna çaları verdiyi və onu faktiki olaraq zənginləşdirdiyi nəticəsini ala bilərik. Məlumdur ki, müasir geosiyasətdə geosiyasi məkan anlayışının üç aspektini vurğulayırlar: 1) böyük coğrafi məkan olmaq; 2) geosiyasi subyektin təsir edə bilmə zonası; 3) dünyanın çoxölçülü və multistruktural zaman məkanı olmaq. Burada hər bir subyekt öz həyati maraqlarını gözləməlidir.
İlham Əliyevin üçlü əməkdaşlıq platformasında həmin həyati əhəmiyyətli maraqlar platformaya daxil olan hər bir üzv üçün digərlərinin maraqlarını nəzərə almaqla müəyyənləşir. Yəni təməldən üzv ölkələrin maraqlarının ortaq “zonası” formalaşdırılır. Bu kriteriya həm regionu coğrafi məkan kimi təminatlı edir, həm də üçtərəfli əməkdaşlıq platformasının qlobal səviyyədə gedən proseslərə real inteqrasiyası üçün geniş imkanlar yaradır.
Bu istiqamətdə Azərbaycan təcrübəsi artıq mövcuddur. Həmin təcrübə yuxarıda vurğulanan üçtərəfli əməkdaşlıq formulları üçün ümumi olan bir prosesdə formalaşmışdır.
Diqqət etsək, aydın olar ki, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Rusiya, Azərbacyan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Suriya, Azərbaycan-Türkiyə-Qazaxıstan, Azərbaycan-Özbəkistan-Türkmənistan üçtərəfli əməkdaşlıq platformalarının hər birinin geniş miqyasda “Bir qurşaq, bir yol” layihəsinə, kommunikativ-nəqliyyat-loqistika kontekstində isə Orta Dəhlizə aidiyyatı vardır.
Burada iki məqamı xüsusi qeyd etmək olar. Onlardan biri ondan ibarətdir ki, üçtərəfli əməkdaşlıq platformalarında əsas olaraq “3+3”-ə daxil olan dövlətlər – Azərbaycan, Türkiyə, İran, Rusiya və Gürcüstan iştirakçılar kimi nəzərdə tutulmuşdur. Onlar sanki, özlüyündə “üçlü əməkdaşlıq formatını” bir neçə dəfə təkrarlayırlar və bundan ortaq maraqlar müstəvisində reallaşdırılan layihələrdə istifadə edirlər. Burada Rusiyanın mövqeyi ilə bağlı bir mühüm cəhəti qeyd etmək gərəkdir. Məsələ ondan ibarətdir ki, Azərbaycan öncədən yenə də üçlü formada – Azərbaycan-Rusiya-Ermənistan münasibətləri daxilində Orta Dəhlizə birbaşa aidiyyatı olan Zəngəzur Dəhlizinin açılmasında Moskvanın aparıcı iştirakını qəbul etmişdi. Bakı həmin Dəhlizin açılması və ona nəzarətlə bağlı Kremlin şərtlərini qəbul etmişdi. Beş il onun reallaşması üçün də çalışdı. Ancaq nədənsə Moskvanın passivliyi və Gürcüstanla münasibətləri beynəlxalq hüquq normaları çərçivəsində inkişaf etdirməyə elə də həvəsli olmaması, bütövlükdə bu proyekt ətrafında situasiyanı dəyişdi. İndi daha çox Orta Dəhlizin Rusiyadan yan keçməklə reallaşmasından danışırlar. Buna da Kremlin reaksiyası adekvat deyildir. Moskva indi də layihənin bu formada reallaşamasını əngəlləmək üçün addımlar atır.
Deməli, “Əliyev üçbucağı” mahiyyət, məzmun və məqsədcə qətiyyən dəyişməmişdir. O başqa məsələdir ki, öncədən əməkdaşlıqda nəzərdə tutulan hər hansı dövlətin öz günahı ucbatından müəyyən korrektələr ola bilər. Məsələn, “Əliyev üçbucağı”nda Rusiyanı hər yerdə ABŞ əvəzləyə bilər və ya başqa variant mümkündür. Vurğulanan kontekstdə İlham Əliyevin üçlü əməkdaşlıq platforması üçün xarakterik olan bir maraqlı cəhətə baxmaq zəruridir.
Məsələ onunla əlaqəlidir ki, İlham Əliyevin əməkdaşlıq platformalarında “sivil yanaşma” üstünlük təşkil edir. Geosiyasətdə “Əliyev üçbucağı”nın mühüm əlamətlərindən biri bundan ibarətdir. Sivil yanaşma geosiyasi təlimlərdə strateji planlaşdırmada və qlobal təhlildə çoxlu sayda faktoru nəzərə alan modellər kompleksi toplusu ilə işləmək imkanı aspektində izah edilir. Bu imkan isə “geosiyasi refleksiya”, “strateji paytaxt” və “əməkdaşlıqda strateji məqsəd” kimi anlayışlar fonunda formalaşır. “Əliyev üçbucağı”na həmin özəllik prizmasında baxaq.
Geosiyasi refleksiya
Bu anlayış XXI əsr liderləri üçün prinsipial psixoloji və lideroloji əhəmiyyət kəsb edir. Onu iki aspektdə nəzərdən keçirmək lazımdır.
Birincisi, geosiyasi refleksiya liderin ölkənin yerləşdiyi coğrafi məkanın faydalılıq mühitinin məkan-zaman strukturunu düzgün dərk etməsi ilə bağlıdır. Burada “coğrafi məkanın faydalılıq mühiti” konkret dövlətin mövcud olduğu regionun ümumi təbii resurslarının verə biləcəyi faydanın maksimum səviyyəsini müəyyən etməklə əlaqəli termindir. Lider regionun coğrafi özəlliklərini, tarixini və müasir geosiyasi şərtlərin gerçək mənasını dəqiq bilməlidir ki, məkanın faydalılıq mühitinin imkanlarını nə azaltsın, nə də şişirtsin. Buna dərin geosiyasi reflektiv keyfiyyət gərəkdir.
İkincisi, lider ölkənin regiondaxili və daha geniş miqyasda geosiyasi məkanda yeri və rolunu dəqiq və obyektiv müəyyən etməlidir. Bu aspekt də geosiyasi refleksiyanın vacib elementi sayılır. Hətta aparıcı yeri tutur. Çünki lider dövlətin mövcud şərtlər daxilində həm regondaxili, həm də xarici geosiyasi prosesləri adekvat dərk etməsə və onlar arasında real nisbəti dəqiq müəyyən etməsə, uğurlu olmaq imkansızdır.
Təcrübə göstərir ki, İlham Əliyev üçtərəfli əməkdaşlıq platformalarında yüksək geosiyasi refleksiya qabiliyyətini nümayiş etdirmişdir. Mürəkkəb geosiyasi mühitdə Azərbaycan lideri iki səviyyədə adekvat geosiyasi reaksiya vermişdir. Onlardan biri Prezidentin Azərbaycan dövlətinin əməkdaşlıq platformasında yeri və rolunu obyektiv müəyyən etməsi ilə bağlıdır. İkincisi isə Cənubi Qafqazın bütöv region olaraq əməkdaşlıqda yeri və rolunun düzgün müəyyən edilməsi ilə əlaqəlidir.
Ancaq İlham Əliyev yanaşması daxilində geosiyasi refleksiyanın məzmunu bununla yekunlaşmır. Azərbaycan rəhbəri müxtəlif üçtərəfli əməkdaşlıq platformalarının qarşılıqlı təsirləri fonunda Cənubi Qafqazın region kimi daha geniş geosiyasi məkandakı əməkdaşlıq modellərinə cəlb edilməsini stimullaşdırmışdır. Yəni burada İlham Əliyevin geosiyasi refleksiyası özündə həm də regiondaxili və regionxarici geosiyasi proseslərin qarşılıqlı təsirlərini müasir dövrün tələblərinə uyğun görə bilməsini ehtiva edir. Buradan İlham Əliyevin lider kimi geosiyasi situasiyanı görə bilmək potensialını ifadə edən geosiyasi refleksiyasını regional coğrafi məkanın faydalılıq imkanları ilə regiondaxili və regionxarici geosiyasi prosesləri maksimum səviyyədə sintez edə bilmək qabiliyyəti kimi təsəvvür etmək imkanı meydana gəlir.
Vurğulanan özəlliyin anlamında geosiyasi məkanın lider tərəfindən necə dərk edilməsi və onu hansı kriteriyalarla üçtərəfli əməkdaşlıq formatı kontekstində qiymətləndirməsinin aktuallığı qarşıya çıxır. Bu özəllik müasir geosiyasətdə “geosiyasi məkan” anlayışının məzmunu ilə əlaqəlidir. Biz I məqalədə İlham Əliyevin “geosiyasi məkan” anlayışının bir sıra xüsusiyyətləri üzərində çox qısa dayandıq. İndi geosiyasi refleksiya kontekstində həmin anlayışın başqa mühüm cəhətlərinə baxmaq lazım gəlir. Konkret olaraq, üçtərəfli əməkdaşlıq platforması üzvlərinin həyati əhəmiyyətli maraqlarını təmin etmək üçün nüfuzetmə zonalarını və onlar arasında nisbətin optimal faydalılığını müəyyən etmələri vacib görünür. Bu faktor həm də qlobal səviyyədə çoxölçülü və multistruktur xarakterli qarşılıqlı təsir məkanlarına ölkələrin əməkdaşlıq platformasının üzvləri kimi inteqrasiyası potensialını motivə etməlidir. “Geosiyasi məkan”ın müasir nəzəri anlamında vurğulanan iki faktor - (1) nüfuzetmə dərəcəsi və onlar arasında münasibətlərin optimal müyyən edilməsi, 2) qlobal səviyyədə çoxölçülü və multistruktur xarakterli əməkdaşlıq imkanlarının aydınlaşdırılması, qarşılıqlı əlaqədə nzərə alınır.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru