Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfəri çərçivəsində dövlətimizin başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində iştirakı, həmçinin burada keçirdiyi görüşlər dünya mediasının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, Türkiyənin rəsmi Anadolu agentliyinin materialında “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində dövlət və hökumət başçıları Rəcəb Tayyib Ərdoğan, Kasım-Jomart Tokayev, Şavkat Mirziyoyev, Sadır Japarov, Kral II Abdulla, Şahbaz Şərifin Azərbaycan Prezidentinin müdrik və düşünülmüş rəhbərliyi sayəsində regionda sülhün və təhlükəsizliyin bərqərar olması barədə fikirləri yer alıb. Agentlik vurğulayıb ki, Prezident İlham Əliyev mərasimdəki çıxışında Azərbaycan ilə Ermənistan arasında sülhün təkcə iki ölkə üçün deyil, bütün geniş region üçün əhəmiyyətini vurğulayıb. Materialda diqqətə çatdırılıb: “Zayed İnsan Qardaşlığı Mükafatı”na görə təşəkkürünü bildirən Azərbaycan Prezidenti qeyd edib ki, Vaşinqtonda imzalanan Birgə Bəyannamədən ötən altı ay Azərbaycan-Ermənistan münasibətlərinin inkişafı baxımından çox mühüm olub. Yazıda Prezident İlham Əliyevin aşağıdakı sözləri sitat gətirilib: “Biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni bu altı ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk. Bu səhər ermənistanlı həmkarımla görüşdüm və gələcək addımlarımızı müzakirə etdik”.
Türkiyənin “Hürriyet” qəzetinin dərc etdiyi “Əbu-Dabidə kritik təmas: Əliyev Paşinyan ilə görüşdü” sərlövhəli məqalədə bildirilib ki, tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər. Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər. Bakı və İrəvan ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər.
Qardaş ölkənin “İhlas” xəbər agentliyinin və “Haber Global” telekanalının saytında, həmçinin “Akşam”, “Yeni Akit”, “Birgün” qəzetlərində, “Haber365”, “Haberlerim”, “Son dakikam”, “Haber sitesi” və geniş auditoriyaya malik digər portallarda Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması, həmçinin onun Ermənistanın Baş naziri ilə keçirdiyi görüş barədə materiallar dərc olunub.
Rusiyanın TASS agentliyinin saytında dərc olunmuş “Əliyev Azərbaycan ilə Ermənistan arasında praktik əməkdaşlığın başladığını bəyan edib” sərlövhəli yazıda qeyd olunur ki, “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülən Azərbaycan Prezidenti son altı ay ərzində Bakı ilə İrəvan arasında münasibətlərin konfrontasiyadan qarşılıqlı fəaliyyət mərhələsinə keçdiyini bildirib. Rusiyanın rəsmi agentliyi dövlətimizin başçısının sözlərini sitat gətirib: “Biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni bu altı ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk. Bu səhər ermənistanlı həmkarımla görüşdüm və gələcək addımlarımızı müzakirə etdik”.
Prezident İlham Əliyevin Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi və dövlətimizin başçısının çıxışından sitatlar Rusiyanın “Kommersant” qəzeti, “RİA Novosti” agentliyi, “News.ru” portalının materiallarında da yer alıb. Rusiya mətbuatı qeyd edib ki. mərasimdə İlham Əliyev 30 ildən çox müharibə aparan ölkələrin artıq altı aydır ki, sülh şəraitində yaşadıqlarını bildirib. 8 avqust 2025-ci ildə ABŞ-da sülh müqaviləsinin paraflanmasına istinad edir). “Dəfələrlə qeyd etdiyim kimi, biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur”, -deyə Azərbaycanın lideri vurğulayıb.
Azərbaycan Prezidentinin Əbu-Dabi səfəri İtaliyanın nüfuzlu media orqanlarında da işıqlandırılıb. Bu ölkənin “Notizie da Est”, “Latestata”, “Farodiroma”, “Parroççia” qəzetləri, həmçinin “Agenzie Nova” agentliyi Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması, həmçinin dövlətimizin başçısının Ermənistanın Baş naziri ilə keçirdiyi görüş barədə materiallar dərc ediblər. Yazılarda qeyd olunub ki, Azərbaycan Prezidenti Ermənistanla 30 ildən artıq davam edən münaqişəyə son qoyub, bununla da Cənubi Qafqaz regionunun inkişafına töhfə verir. Vurğulanıb ki, məhz sülh istiqamətində səylərinə görə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu nüfuzlu mükafata layiq görülüblər.
Vatikanın rəsmi “Vatican News” nəşri də Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması, həmçinin dövlətimizin başçısının Ermənistanın Baş naziri ilə keçirdiyi görüş barədə material dərc edib.
Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri BƏƏ mediasında da geniş işıqlandırılıb. Bu ölkənin rəsmi WAM agentliyi dövlətimizin başçısının fevralın 2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü barədə xəbər dərc edib və videomaterial yayımlayıb. Agentliyin daha bir materialında isə Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması barədə geniş məlumat verilib. BƏƏ-nin rəsmi agentliyi qeyd edib: “Azərbaycan Prezidenti bu mükafata görə münsiflər heyətinə dərin minnətdarlığımı bildirib, Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülməsini özü üçün böyük şərəf adlandırıb. O vurğulayıb ki, bu böyük liderin uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və uğurlu ölkələrindən birinə çevirib”.
Materialda Prezident İlham Əliyevin aşağıdakı sözləri sitat gətirilib: “Əziz qardaşım Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini davam etdirir. Bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün nümunədir”.
BƏƏ-nin “Al İttihad”, “The Travel Dubai”, “UAE Barq”, “Al Vatan”, “Nabd” qəzet və portalları da Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması barədə materiallar dərc edib. Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı dinlərarası dialoqun inkişafına verdikləri töhfəyə, həmçinin sivilizasiyaların bir-birinə daha da yaxınlaşması istiqamətində göstərdikləri səylərə görə Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibə və Roma Papası, Zati-müqəddəsləri Leoya dərin minnətdarlığını bildirib, həmçinin mərasimə ünvanladıqları xoş müraciətlərində bir daha Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan bütün həmkarlarına təşəkkür edib. Dövlətimizin başçısının sözləri də sitat gətirilib: “Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq”.
Pakistanın “Pakistan in the World” nəşri və Qazaxıstanın “İnform.kz” portallarında da Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi barədə xəbərlər dərc olunub.












