Dünyanın qəbul etdiyi danılmaz bir həqiqət var. Azərbaycan lideri İlham Əliyev sülh uğrunda mübarizədən qalib ayrıldı. Prezident İlham Əliyevin liderlik missiyası da məhz bundan ibarət idi. Fikir dahisi Siseron əbəs yerı qeyd etmirdi ki, əgər biz sülh içində yaşamaq istəyiriksə, mübarizə aparmağa məcbur qalacağıq. Azərbaycan təxminən otuz il ərzində işğalçıya sülh əlini uzatdı. Lakin qarşı tərəfin dekonstruktiv mövqeyi, danışıqları imitasiya etməsi və yeni təhdidlərlə çıxış etməsi münaqişənin hərbi yolla həllini qaçılmaz etdi. Nəticədə tarixə 44 günlük Vətən müharibəsi kimi düşən bu qəhrəmanlıq salnaməsi xalqımızın iradəsini, ordumuzun gücünü və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Bu mübarizənin sonu yenə sülh oldu. Çünki xalqımızın və dövlətimizin əsas məramı müharibə yox, ədalətə və beynəlxalq hüquqa söykənən davamlı sülh olub. Müharibənin şəriksiz qalibi olan Prezident İlham Əliyev postmünaqişə dövründə bölgədə yeni reallıqlar yaratdı. Bu gün Azərbaycan sülh gündəliyinin müəllifi və təşəbbüskarı kimi çıxış edir. Prezident İlham Əliyev qalib sərkərdə, sülh lideri kimi regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasına xidmət edən strateji xətt yürüdür. Məhz bu siyasət Azərbaycanın gücünü döyüş meydanında olduğu kimi diplomatiya masasında da təsdiqləyir. Bölgəni qanlı münaqişədən sülh yoluna çıxaran, “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyi tam mənası ilə haqq etmiş ölkə başçımızın Əbu-Dabi şəhərində bu ali mükafatın təqdimolunma mərasimində etdiyi çıxış mühüm mesajlarla yadda qaldı.
Prezident İlham Əliyev nitqində Azərbaycanın sülhə verdiyi önəmi və regiondakı nüfuzunu vurğulayaraq BƏƏ-nin qurucusu Şeyx Zayedin siyasətinə və Şeyx Məhəmmədin inkişaf və tərəqqi xəttinə toxunaraq dinlərarası dialoq və sivilizasiyalararası yaxınlaşmanın vacibliyini önə çəkdi. Bu təşəbbüslərin regionda sabitlik, əməkdaşlıq və davamlı tərəqqi üçün nümunə olduğunu söylədi. Dövlətimizin başçısı Azərbaycan və Ermənistan arasında əldə olunan sülh və ticarət əlaqələrinin genişləndirilməsindən danışaraq prosesin region üçün rəmzi və praktik əhəmiyyətini diqqətə çatdırdı. Uzunmüddətli münaqişələrə baxmayaraq siyasi iradə və beynəlxalq dəstək sayəsində sülhün mümkün olduğunu bəyan edən Prezident bunun regionda sabitliyin möhkəmlənməsinə, inkişafın sürətlənməsinə mühüm töhfə verdiyini açıqladı.
Bu mükafat Azərbaycanın sülhə və dialoqa verdiyi önəmin beynəlxalq səviyyədə tanınmasının göstəricisi kimi tarixə düşdü. Eyni zamanda Azərbaycanın regionda sabitliyi və əməkdaşlığı təşviq edən lider mövqeyini ortaya qoydu. Çünki Azərbaycan bütövlükdə sülh ölkəsidir, münaqişələrin əleyhinədir. Bakı dünya üçün sülh körpüsüdür və təhlükələrin həlli istiqamətində ən etibarlı tərəfdaşlardan biri kimi çıxış edir. Dialoq, əməkdaşlıq və sülh təşəbbüsləri ölkəmizin əsas siyasətidir.
Prezident İlham Əliyev isə dünyanın yaşamadığı qalibiyyətlə sülh yaradan lider kimi regionda və beynəlxalq aləmdə nümunəvi mövqe sərgiləyir!
Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı

