Ermənistanın şübhələri gerçəyə deyil, əsassız gümana söykənir

post-img

Dünyanın aparıcı media qurumları son günlər ABŞ Prezidenti Donald Trampın adı ilə adlandırılan TRIPP (Trump Route for International Peace and Prosperity) layihəyə geniş yer ayırırlar. Bu layihə beynəlxalq münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi təqdim olunur. Bildirilir ki, məqsəd qlobal sabitliyin möhkəmləndirilməsi və iqtisadi əməkdaşlıq üçün dayanıqlı platforma yaratmaqdır. Ekspertlər həm layihənin real perspektivini müzakirə edir, həm də onun hansısa geosiyasi məqsədlərdən xali olmadığını bildirərək bu istiqamətdə fikirlər yürüdürlər. Bütövlükdə, TRIPP ətrafında yaranan debatlar siyasi gündəmin diqqət mərkəzinə çevrilib.

Bugünlərdə ABŞ-ın “Fox News” xəbər korporasiyasının saytında (foxnews.com) TRIPP layihəsi ilə bağlı məqalə dərc edilib. Məqalədə bildirilib ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistanla cəsarətli razılığa gəlməklə İran hakimiyyətinə strateji zərbə vurub: “Xüsusilə, bu ayın əvvəlində Azərbaycan və Ermənistanla imzalanmış saziş (avqustun 8-də Prezident İlham Əliyev, Prezident Donald Tramp və Baş nazir Nikol Paşinyanın Vaşinqtonda keçirilmiş görüşünə dair Birgə Bəyannamənin imzalanması nəzərdə tutulur–S.H.) ensiz torpaq zolağı olan, lakin Avropa üçün kritik ticarət və enerji marşrutuna çevriləcək Zəngəzur dəhlizini ABŞ-ın 99 illik icarəyə götürməsinə imkan verir. Qeyd edilib ki, dəhlizin açılması yüz minlərlə insanın öz yurd-yuvasından didərgin düşməsinə, on minlərlə insanın həyatını itirməsinə səbəb olan keçmiş Qarabağ münaqişəsi başa çatdıqdan sonra diqqət mərkəzinə düşüb: “Trampın müdaxiləsi hər iki tərəfi danışıqlar masasına gətirdi və müşahidəçilərin fikrincə, Xəzər hövzəsini İrandan tamamilə yan keçərək Avropa ilə birləşdirən həyati əhəmiyyətli yeni ticarət və təhlükəsizlik kəməri yaratdı”.

Bildirilib ki, TRIPP kimi tanınan saziş iqtisadi baxımdan Vaşinqtonun Xəzər karbohidrogen ehtiyatlarının Avropaya axınına nəzarətdə birbaşa rolunu təmin edir: “ABŞ dəhlizdən keçən dəmir yolu və avtomobil yolu infrastrukturunu, telekommunikasiya şəbəkələrini və enerji boru kəmərlərini idarə edəcək və Amerika şirkətlərinə neft, qaz və malların regional tranzitində dominant mövqe verəcək. Bu nəqliyyat arteriyasına nəzarət etmək ABŞ-a təkcə gələcək ticarət və investisiyalarda milyardlarla dollar qazandırmır, həm də Avropanı alternativ təchizat marşrutları ilə təmin edir. Bu, həm “qoca qitə”nin Rusiya və İrandan asılılığını azaltmaq deməkdir”.

Qeyd edilib ki, dəhliz müttəfiqlər üçün Xəzərin enerji daşıyıcılarına daha ucuz və təhlükəsiz çıxışı təmin edir: “Tehran üçün bu, itirilmiş gəlirlər, itirilmiş təsir imkanları və Şərq–Qərb ticarətində zəruri broker kimi çıxış etmək qabiliyyətinin sonu deməkdir. Razılaşma NATO-nun dəstəyi ilə əldə edilib və bəzi müşahidəçilər artıq bunu tarixi adlandırırlar”.

Amerikada yaşayan iranlı jurnalist və dissident Banafşe Zand sayta deyib ki, bu addım ABŞ üçün gözəl qazancdır və onun regiondakı bədxahlarına “şapalaq” vurur. Zand bildirib ki, bu saziş təkcə tarixi deyil, həm də Vaşinqton üçün birbaşa qələbədir: “Amerikalı podratçılar Xəzər hövzəsindən Zəngəzur və Türkiyədən keçərək Avropaya daşınan neft və qaza nəzarət edəcəklər. Rentabellik yüksəkdir və bütün bunlar NATO-nun xeyir-duası ilə baş verir”.

***

Ermənistandakı bəzi dairələr isə məqalədə əksini tapan fikirlərdən narazı qaldıqlarını gizlətmirlər. Onlar “Fox News” xəbər korporasiyasının hökumətyönlü olduğuna diqqəti çəkərək yazıda Zəngəzur dəhlizi sözünün işlədilməsindən qıcıqlanıblar: “Amerikanın hökumətyönlü “Fox News” saytı iranlı dissidentin “Sünik”dən keçən yolun ABŞ-a 99 il müddətinə, guya, icarəyə veriləcəyi ilə bağlı rəyini dərc edib. Nəşrdə bu marşrut Zəngəzur dəhlizi kimi təqdim olunur. Türkiyə rəsmi şəxsləri, o cümlədən nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və Prezident Rəcəb Tayyib Ərdoğan layihəni dəfələrlə Zəngəzur dəhlizi adlandırıb və onun Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq üçün əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Türkiyə rəsmisinin bəyanatına münasibət bildirib və ölkə ərazisində dəhlizin ola bilməyəcəyini bildirib. Lakin ertəsi gün türkiyəli nazir bu termini bir daha təkrar edib”.

Məqalədə Ermənistanın mövqeyinin nədən ibarət olduğuna bir daha aydınlıq gətirilib. Qeyd edilib ki, Ermənistan hakimiyyəti açılacaq yolun dəhliz formasında olmayacağını dəfələrlə bildirib: “Baş nazir Nikol Paşinyan jurnalistlər üçün keçirdiyi brifinq zamanı erməni-amerikan ortaq şirkətinin yola nəzarət etməyəcəyini qeyd edib. Onun sözlərinə görə, söhbət yalnız Ermənistanın yurisdiksiyasına təsir etməyən və marşrut boyu hərəkəti məhdudlaşdırmayan biznes idarəçiliyindən gedir”.

Bundan əlavə, yolun ABŞ-a 99 illik icarəyə verilməsi ilə bağlı informasiyanın rəsmi olaraq təsdiqini tapmadığı vurğulanıb: “Bununla belə, 99 illik icarə məsələsi “Fox News”un məqaləsində qeyd olunur. Bundan əlavə, Donald Tramp Vaşinqtonda keçirilən üçtərəfli görüş zamanı “Ermənistan dəhlizin inkişafı üçün ABŞ-la eksklüziv tərəfdaşlıq qurur və gələcəkdə onu daha 99 il uzadacağına söz verib” deyib.

Yazının sonunda belə bir qənaətə gəlinir ki, erməni cəmiyyətinin Türkiyə rəsmilərinin bu marşrutu Zəngəzur dəhlizi adlandırmaqda davam etmələri, ABŞ-a yolun icarəyə verilməsi və ölkə rəhbərliyinin suverenliyi qorumaq üçün hansı real addımlar atacağı ilə bağlı aydın cavablara ehtiyacı var.

Qeyd etmək lazımdır ki, Ermənistanda Zəngəzur dəhlizi ilə bağlı səslənən narazılıqlar daha çox emosional və qərəzli təbliğat siyasi manipulyasiya xarakteri daşıyır. “Fox News”da dərc edilən məqalə ətrafında qaldırılan səs-küyün mahiyyətinə baxdıqda, faktların şişirdildiyi və cəmiyyətin yanlış istiqamətə yönləndirildiyi açıq görünür. Bu cür iddialar yalnız mücərrəd şəkildə təqdim olunur və sübutlardan məhrumdur. Belə olan halda Ermənistan daxilində bu məsələni siyasi qalmaqala çevirmək, əslində, daxili auditoriyanı qorxu və şübhə altında saxlamağa xidmət edir.

Digər mühüm məsələ odur ki, Türkiyə rəsmilərinin Zəngəzur dəhlizi ifadəsini işlətməsi tamamilə təbiidir. Çünki layihə Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyə və daha geniş regionla birləşdirən strateji yolun reallaşması anlamını daşıyır. Ermənistan tərəfi isə “dəhliz” anlayışına qıcıq göstərərək bunun, guya, ölkə suverenliyini pozacağı fikrini tirajlayır. Halbuki, Azərbaycan və Türkiyə dəfələrlə bəyan ediblər ki, bu marşrutun açılması Ermənistanın ərazi bütövlüyünə təhlükə yaratmır, əksinə, regionun iqtisadi inteqrasiyası üçün yeni imkanlar yaradır. Əgər Paşinyan özü yolun Ermənistanın yurisdiksiyasından çıxmayacağını etiraf edirsə, o halda niyə cəmiyyət hələ də qorxu içində saxlanılır? Başqa sözlə, burada faktlardan daha çox qərəzli siyasi şərhlər və əsassız iddialar ön plana çıxır.

Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov XQ-yə açıqlamasında bildirdi ki, erməni cəmiyyətində yaradılan əsassız narahatlıq həm də revanşist kəsimin və onlara bağlı olan media orqanlarının illərdir apardıqları təbliğatın nəticəsidir. Onun sözlərinə görə, bu düşərgə bir tərəfdən yolun dəhliz olmayacağını deyir, digər tərəfdən isə Türkiyə və Azərbaycanın mövqeyini təhlükə kimi təqdim edir: “Bu isə daxili ictimai rəyi çaşdırır, etimad böhranı yaradır və əslində, Ermənistanın öz maraqlarına zərbə vurur. Çünki regionda kommunikasiyaların açılması təkcə Azərbaycan və Türkiyəyə deyil, həm də Ermənistana iqtisadi fayda gətirəcək. Lakin erməni siyasətçiləri bu reallığı qəbul etmək əvəzinə, xalqı illüziya ilə yaşadır, suverenlik məsələsini süni şəkildə gündəmə gətirirlər. Digər tərəfdən, “Fox News” hökumətyönlüdür, ona görə də yazıda dəhliz ifadəsi işlədilib” tipli arqumentlər də məntiqsizdir. Əgər hansısa Qərb mediasında belə bir termin istifadə olunubsa, bu, daha çox beynəlxalq siyasi diskursda həmin anlayışın artıq işlək formaya çevrildiyini, beynəlxalq leksikona daxil edildiyini göstərir. Ermənistanın media və siyasi dairələrinin buna qarşı çıxışı isə yalnız reallığı qəbul edə bilməməkdən irəli gəlir”.

Politoloq qeyd etdi ki, nəticə etibarilə Ermənistan cəmiyyətinə lazım olan aydınlıq artıq mövcuddur. Bu aydınlıq ondan ibarətdir ki, dəhliz anlayışı onların dövlətçiliyinə təhdid yaratmır: “Sadəcə, Ermənistandakı bəzi dairələr bu məsələdən daxili auditoriyanı öz maraqları naminə yönləndirmək, ictimai rəyi qorxu altında saxlamaq üçün istifadə edirlər. Halbuki, real çıxış yolu əməkdaşlıq, iqtisadi inteqrasiyadan faydalanmaq və qonşularla normal münasibətlər qurmaqdır. Ermənistan bu yolu seçməsə, həm iqtisadi, həm də siyasi təcrid vəziyyətində qalmaqda davam edəcək”.

Səxavət HƏMİD
XQ



Siyasət