Azərbaycan çinlilər üçün cəlbedici məkandır

post-img

Turizmin inkişaf strategiyası iqtisadi fayda əldə etməyi hədəfə alıb

Azərbaycan və Çin arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsinə yüksəib və bu əməkdaşlıq dinamik, çoxşaxəli və qarşılıqlı faydalı xarakter daşıyır. İki ölkənin maraqlarına cavab verməklə yanaşı, həm də sülh, sabitlik, sosial-iqtisadi tərəqqiyə xidmət edir. 

Bu barədə Azərbaycan Prezidenti ­İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüş zamanı çıxışında deyib: “Azərbaycan ilə Çin arasındakı qarşılıqlı fəaliyyət ikitərəfli gündəliyin bütün spektri üzrə möhkəmlənir. Bu, siyasi, iqtisadi-ticari, sərmayə, enerji, nəqliyyat-logistika sahələrini, rəqəmsal iqtisadiyyatın, elm və texnologiyanın, təhsil və mədəniyyətin inkişafını ehtiva edir. Bu ilin iyul ayından bəri hər iki ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq olunur ki, bu da turizmin inkişafına təkan verir”.

Vizasız rejimin tətbiqi iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu, onun yüksələn xətt üzrə inkişaf etdiyini və strateji tərəfdaşlığın keyfiyyətcə daha yüksək səviyyəyə keçdiyini göstərir. Yeni qaydaya əsasən, Azərbaycan və Çin vətəndaşları iyulun 17-dən qarşılıqlı şəkildə 30 günədək vizasız səfər etdirə bilirlər. Ümumilikdə bir il ərzində 180 günü keçməmək şərtilə ölkələr arasında sərbəst gediş-gəliş mümkündür.

Bu cür qarşılıqlı gediş-gəlişlər iqtisadi, mədəni, elmi və sosial sahələrdə əməkdaşlığın inkişafında əvəzsiz rol oynayır. Məhz bu kontekstdə viza rejiminin aradan qaldırılması təkcə dövlətlərarası münasibətlərin inkişafına deyil, həm də xalqlar arasında inam və etimadın güclənməsinə zəmin yaradır. Eyni zamanda, humanitar və iqtisadi münasibətlərin dərinləşməsi baxımından da bu qərarın əhəmiyyəti böyükdür. Nəzərə almaq lazımdır ki, Çin hazırda dünyanın ən iri turist ixracatçısıdır və onun vətəndaşlarının səfər etdiyi ölkələr arasında Azərbaycan da var. Onların diqqətini yalnız Bakı şəhərinin memarlıq və tarixi abidələri deyil, eyni zamanda, Azərbaycanın müxtəlif bölgələri cəlb edir. Məsələn, Şəki şəhərindəki Xan Sarayı, qədim karvansaraylar və ipəkçilik ənənələri, Qəbələnin füsunkar dağ mənzərələri və müasir turizm infrastrukturu, Nic kəndindəki dini və etnik müxtəliflik, Şamaxıda yerləşən Diri Baba türbəsi və Cümə məscidi, Nabranın dəniz–meşə sintezi, İsmayıllının tarixi Lahıc qəsəbəsi və oradakı xalq sənətkarlığı çinli turistlər üçün xüsusi maraq doğurur. 2024-cü ildə Çinli turistlərin ən çox ziyarət etdikləri bölgələr sırasında Naftalan birinci yeri tutub. Ardınca Qax, Qusar, Qəbələ, Şəki, Quba və Gəncə gəlir.

***

Hazırda digər turizm mərkəzlərinin təbliği istiqamətində də tədbirlər görülür. Çin turizm bazarında Azərbaycan haqqında məlumatlılığın artırılması və bu bazarda iştirakın gücləndirilməsi məqsədilə Çinin müxtəlif şəhərlərində təqdimatlar keçirir, turizm şirkətləri arasında biznes görüşləri təşkil edilir. Bakı ilə Pekin arasında həyata keçirilən AZAL reysləri və “Çin Cənub Hava Yolları” vasitəsilə Urumçi şəhərinə olan birbaşa uçuşlar isə bu əlaqələrin coğrafi əlçatanlığını artırır.

Bir faktı da xüsusilə qeyd etmək yerinə düşərdi. Belə ki, turizm sahəsində uğur qazanmaq üçün yalnız logistika və reklam kifayət deyil. Çinin özünəməxsus səyahət davranışları da nəzərə alınmalıdır. Məsələn, Çinli turistlər xarici ölkələrin mədəniyyətini tanımaq istəsələr də, səfərləri zamanı adətən öz milli mətbəxlərinə üstünlük verirlər. Buna görə də ictimai iaşə müəssisələrində Çin mətbəxi ilə bağlı təkliflərin artırılması və bu sahədə çeşidli menyuların təqdim olunması vacibdir. Bununla yanaşı, turizm paketlərinin qiymət siyasəti, marşrutların düzgün planlaşdırılması, xidmət keyfiyyəti və fərdi tələblərə uyğun məhsulların hazırlanması kimi məsələlər də ciddi təhlil olunmalı və praktik addımlar atılmalıdır. Bunları vaxtında qura bilsək, vizasız rejimin tətbiqi regional turizmin inkişafına mühüm təsir göstərəcək. İstənilən halda, viza rejiminin ləğvi ilə qarşılıqlı turizm axınında ciddi artım gözlənilir. 

Yada salaq ki, Çin dünyanın ən böyük turist ixracatçısı kimi beynəlxalq bazarda mühüm rol oynayır. Onların bir ildə xərcləri 250 milyard dollar təşkil edir. Bu böyük rəqəmdir. 150 milyon çinli turistin cəmi 1 faizi Azərbaycana səfər etsə, ölkəmizə böyük gəlir gətirərdi. Əgər bir çinli turistin orta xərci 1000 dollar olarsa, 1,5 milyon turistin Azərbaycana gəlməsi ildə 1,5 milyard dollar qazanc deməkdir.

Bunlar perspektiv üçün nəzərdə tutulan göstəricilərdir. Reallıqda isə, ötən il Çindən Azərbaycana gələn turistlərin sayı 1,9 dəfə artaraq 45 minə çatıb. Bu ilin birinci yarısında Çindən gələn turistlərin sayında 60 faiz artım qeydə alınıb. Yəni artım tempi gələcəyə böyük ümidlər yaradır. Bu, təkcə turizm deyil, həmçinin, nəqliyyat, ictimai iaşə, mehmanxana və digər xidmət sahələrinin inkişafına təkan verəcək. Yeni iş yerlərinin açılması, regionların iqtisadi aktivliyinin artması və yerli sahibkarlığın genişlənməsi baxımından bu proses strateji əhəmiyyət daşıyır. Eyni zamanda, bu artım vergi gəlirlərinin çoxalmasına və dövlət büdcəsinə əlavə vəsaitin daxil olmasına səbəb olacaq.

Beləliklə, vizasız rejim Azərbaycanın beynəlxalq turizm bazarında daha cəlbedici mövqe qazanmasına, xüsusilə də Çin kimi nəhəng bir bazarda tanınmasına, regionların turizm xəritəsində daha görünən olmasına və ölkənin dayanıqlı turizm inkişaf strategiyasına uyğun olaraq uzunmüddətli iqtisadi faydalar əldə etməsinə real zəmin yaradır.

***

Viza rejiminin ləğvi həm də iqtisadi münasibətlərin dərinləşməsinə xidmət edir. Hazırda iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq yeni mərhələyə daxil olub. Artım tempi ilə diqqət çəkir. 2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 561 milyon dollar təşkil edirdisə, bu rəqəm 2024-cü ildə 3,7 milyard dollara qədər artıb. Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 2,5 milyard ABŞ dolları təşkil edib. Ötən ilin eyni aylarındakı göstərici ilə müqayisədə 26,7 faiz artım qeydə alınıb. Bununla da Çin hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında dördüncü pillədə qərarlaşıb. Çin şirkətləri hazırda Azərbaycanda sənaye, enerji, informasiya texnologiyaları, ticarət və kənd təsərrüfatında fəaliyyət göstərirlər. Çin investorlarının Azərbaycan iqtisadiyyatına marağı getdikcə artır və bu, qarşıdakı illərdə daha böyük sərmayələrin cəlb ediləcəyini göstərir. 

2024-ci ilin əvvəlinə olan məlumata görə, Çin Azərbaycan iqtisadiyyatına 931 milyon dollar, Azərbaycan isə Çin iqtisadiyyatına təxminən 1,8 milyard dollar investisiya yatırıb. Artıq Çində 6 Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Bu artım təkcə rəqəmlərlə deyil, eyni zamanda, iqtisadi əməkdaşlığın strukturunda, sənaye, kənd təsərrüfatı, yüngül sənaye, energetika və digər sahələrdəki birgə layihələrlə müşahidə olunur. Azərbaycan həm də “Bir kəmər, bir yol” təşəbbüsünün fəal iştirakçısıdır və bu təşəbbüs çərçivəsində Asiya ilə Avropa arasında alternativ nəqliyyat marşrutlarının inkişafına töhfə verir. Xüsusilə Orta Dəhliz Azərbaycanın tranzit ölkə kimi rolunu xeyli gücləndirib. Bu barədə dövlətimizin başçısı deyib: “Şərq–Qərb və Şimal–Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb. Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb”.

Azərbaycan regionda enerji sektorunda da lider ölkələrdən biridir. Ölkəmiz yalnız enerji ixracatçısı kimi deyil, həm də innovativ texnologiyalar və ekoloji təmiz enerji mənbələrinin inkişaf etdirilməsi üzrə regional mərkəz kimi öz mövqeyini gücləndirir. Çinlə bu sahədə əməkdaşlıq da genişləndirilir. Çin “yaşıl enerji” texnologiyalarında qabaqcıl təcrübəyə malikdir və bu təcrübənin Azərbaycanın enerji sektoruna transferi ölkənin enerji təhlükəsizliyini gücləndirəcək, həm də ekoloji dayanıqlılıq səviyyəsini yüksəldəcək.

Pünhan ƏFƏNDİYEV
XQ

 



Siyasət