Məkrli ssenarilər üzərində qurulan oyunların sonu yaxınlaşır
Bu günlərdə ABŞ Prezidenti Donald Trampın milyarder Corc Sorosa qarşı cinayət işinin açılması ilə bağlı çağırışı Vaşinqtonun daxili siyasi gündəmini daha da qızışdırıb. Tramp Sorosu hökumətə qarşı etiraz hərəkatlarını maliyyələşdirməkdə ittiham edib və onu ABŞ dövlətçiliyinə zərbə vurmaqda günahlandırıb. Ölkə liderinin sərt ritorikasında Soros və onun fondu barədə təhqiredici ifadələrin işlədilməsi isə məsələnin qarşıdurma müstəvisinə keçdiyini göstərir.
Əslində, yaxın keçmişdə baş verən hadisələrə nəzər yetirsək, görərik ki, Tramp hələ seçkiöncəsi təşviqat kampaniyalarında Soros mövzusuna toxunmuşdu. Bu da təsadüfi deyil. Çünki uzun illər ABŞ-da, eləcə də Qərbin siyasi dairələrində Sorosun fəaliyyəti ətrafında mübahisələr gedirdi. Xüsusilə 2018-ci ilin payızında Brett Kavanonun Ali Məhkəmə hakimi vəzifəsinə təyinatı ilə bağlı qalmaqal qarşıdurmanın açıq şəkildə görünən məqamlarından biri idi. O zaman Donald Tramp bəyan etmişdi ki, Soros Fondu Kavanoya qarşı etirazları maliyyələşdirib. Sonradan məlum oldu ki, bu etirazları təşkil edən bir neçə qrup həqiqətən də “Açıq Cəmiyyət Fondu”ndan maliyyə alıb. Digər bir diqqətçəkən məqam ondan ibarətdir ki, D.Tramp Sorosu həm fərdi səviyyədə, həm də respublikaçı ideologiyanın qarşısında duran güc mərkəzi kimi görür. Sorosun maliyyə dəstəyi verdiyi təşkilatlar və şəbəkələr isə ABŞ siyasi mühitində “solçu gündəmin” əsas aparıcı qüvvələrindən sayılır.
Sorosçuların təsir dairəsi təkcə ABŞ-laməhdudlaşmır. 2017-ci ildə Konqresdə respublikaçılar Şərqi Avropada da Sorosun fəaliyyətinə qarşı mövqelərini sərtləşdirmişdilər. Konqresmen Kris Smit və senator Mayk Li dövlət katibi Reks Tillersona müraciət edərək Soros Fondu vasitəsilə Şərqi Avropada siyasi balansın pozulduğunu bildirmişdilər. Qanunvericilər iddia edirdilər ki, Sorosun təşəbbüsləri ABŞ-ın müstəqil qurumu sayılan USAID tərəfindən maliyyələşdirilir. Hətta ABŞ-ın Makedoniyadakı səfiri də açıq şəkildə solçu siyasi qrupların xeyrinə proseslərə müdaxilədə ittiham olunmuşdu. Respublikaçılar Dövlət Departamentindən Balkanlarda Soros şəbəkəsinə yönələn yardımla bağlı hesabat da tələb etmişdilər. Bu qarşıdurma cari ildə yeni mərhələyə qədəm qoydu. Hakimiyyətə qayıdan Donald Tramp fevral ayında USAID-i “saxtakarlıq və korrupsiya mənbəyi” adlandırdı.
Cari il iyulun 1-dən agentliyin fəaliyyətinin dayandırılması qərarı verildi. Sözügedən addım respublikaçıların uzun müddətdir tələb etdikləri siyasətin praktiki nəticəsi idi və Soros şəbəkəsinin maliyyə mənbələrini məhdudlaşdırmaq məqsədi daşıyırdı. Lakin qarşıdurma bitmədi. Əksinə, Sorosun dəstəklədiyi solçu təşkilatlar Tramp əleyhinə aksiyalar üçün 20 milyon dollardan artıq vəsait topladılar. Xüsusilə “Community Change” və “Community Change Action” təşkilatları Ağ Evin qarşısında 150 etirazçı toplayaraq prezidentin qərarlarına qarşı çıxmış və həmin illərdə Sorosdan külli miqdarda maliyyə mənimsəmişdilər. Təkcə 2023-cü ildə isə bu iki təşkilat “Açıq Cəmiyyət Fondu”ndan 4 milyon dollar ianə almışdılar. Bütün bu faktlar Trampın narahatlığının əsasını təşkil edir və göstərir ki, tərəflər arasındakı savaş artıq ölkədaxili müstəvidən çıxaraq qlobal miqyasda ideoloji savaşa çevrilib. Qeyd etmək vacibdir ki, Tramp tənqidlərinin hədəfini yalnız Corc Sorosla məhdudlaşdırmır, eyni zamanda onun oğlu Aleks Sorosu da ön plana çıxarır. Aleks Soros son illərdə Demokrat Partiyasına yaxınlığı ilə seçilir və ABŞ siyasətində təsir imkanlarını sürətlə genişləndirir.
Ümumiyyətlə, Soros Fondu müxtəlif ölkələrdə “xaos sponsoru” kimi fəaliyyət göstərib. Qərbin siyasi dairələrində belə qəbul olunur ki, fond müxtəlif regionlarda rəngli inqilabların təşkilatçısı və maliyyə dəstəkçisi rolunda da çıxış edib. Təsadüfi deyil ki, Corc Soros bəzi dövlətlərdə arzuolunmaz şəxs elan olunub, onun fondu isə fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Məsələn, Macarıstan hökuməti Sorosu milli təhlükə kimi qiymətləndirərək 2018-ci ildə fondun Budapeştdəki ofisini bağladı. Ölkənin Baş naziri Viktor Orban açıq şəkildə bəyan etdi ki, Sorosun miqrasiya siyasəti Avropa dövlətlərinin suverenliyinə təhdid yaradır və milli dövlətləri zəiflətməyə xidmət edir. Balkanlarda da Sorosun təsirinə qarşı ciddi müqavimət formalaşmışdı. Xüsusilə Makedoniyada 2017-ci ildən “Stop Operation Soros” (SOS) adlı ictimai hərəkat yarandı və onun daxili siyasətə müdaxilə cəhdləri ifşa edildi. Polşada isə fondun fəaliyyəti rəsmi şəkildə qadağan edilməsə də, hakimiyyət nümayəndələri Sorosu ölkə siyasətinə müdaxilə etməkdə və “liberal xaosun yayılmasına” zəmin yaratmaqda ittiham edirlər. Qardaş Türkiyədə də fondun fəaliyyəti dayandırılıb. Prezident Rəcəb Tayyib Ərdoğan açıq şəkildə bəyan etdi ki, Soros Gezi Parkı iğtişaşlarının əsas maliyyəçisi olub və ölkədə xaos yaratmaq niyyəti güdüb: “Soros xalqı parçalamaq və Türkiyənin sabitliyini pozmaq istəyən qlobal güclərin alətidir”. Bu səbəbdən fondun Türkiyədəki bütün layihələri ləğv edildi və ölkədən çəkilməyə məcbur oldu.
Sorosun fəaliyyətinin ziddiyyətli nəticələri Azərbaycanda da özünü büruzə verib. 2011-ci ildə korrupsiya faktları səbəbindən “Açıq Cəmiyyət Fondu” ölkəmizdə bağlanıb. Şübhəsiz, məsələ yalnız maliyyə pozuntuları ilə yekunlaşmırdı. Fondun ölkədə müxalifətçi qrupları dəstəklədiyi və müxtəlif QHT-lərə milyonlarla dollar maliyyə ayırdığı məlum idi. Bundan başqa, Soros Fondu Azərbaycana qarşı informasiya hücumlarının da əsas maliyyə mənbələrindən biri olub. Qərbin bir sıra media orqanlarında aparılan çirkin kampaniyalar məhz onun şəbəkəsi ilə bağlıdır. Bağlandıqdan sonra fondun USAID kanalı ilə Azərbaycandakı vəziyyətə müdaxilə cəhdləri iflasa uğradı. Çünki dövlət həm milli təhlükəsizlik baxımından, həm də ictimai sabitliyi qorumaq istiqamətində vaxtında tədbirlər gördü. Bu gün Soros Fondu və onun dayaqları arzuolunmaz strukturlar kimi tanınır və qadağan olunur. Sadalanan faktlar göstərir ki, Corc Sorosun təsir imkanları qlobal miqyasda ciddi şəkildə zəifləməkdə davam edir.
Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti
Prezident Donald Trampın Corc Soros və onun oğlu Aleks Sorosun RICO Aktı (mütəşəkkil cinayətkarlığa qarşı qanun) əsasında ittiham olunmasının zəruriliyini bildirməsi, onları ABŞ-da baş vermiş zorakılıq aksiyalarını dəstəkləməkdə günahlandırması, əslində, Soros üçün taleyin ironiyasıdır. Çünki Soros Fondu özü uzun illər OCCRP adlanan şəbəkəni, yəni “Mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı hesabat layihəsi”ni maliyyələşdirib. Bu şəbəkəni maliyyə ilə şirnikləşdirərək OCCRP-nin tərkibində birləşən jurnalistləri, media qurumlarını, QHT-ləri ayrı-ayrı siyasi liderlərə qarşı qərəzli şəkildə yönləndirib. Hədəfində olan şəxsləri “korrupsiya və cinayətkarlıq yolu ilə kapital qazanmaqda” ittiham edib. Amma hər kəs bilirdi ki, OCCRP və Sorosun “korrupsioner, cinayətkar” adlandırdığı şəxslər, əslində, “Soros İmperiyası”nın siyasi-iqtisadi hədəfinə tuş gələnlərdir. Onları şərləyib qaralamaqla Soros öz rəqiblərini zərərsizləşdirir.
Bu məsələ uzun illər dünyanın siyasi gündəmində yer tutub. Amma ABŞ Demokratlar Partiyası ilə müttəfiq olduğu üçün Soros Fondunun əsl simasını göstərmək, onu zərərsizləşdirmək çətin bir məsələyə çevrilmişdi. Əlamətdar haldır ki, bu gün Prezident Tramp Soros Fondunun iç üzünü açır, onun əsl qiymətini verir. Araşdırmalar başlayandan sonra, yəqin ki, USAID kimi Soros Fondunun da bütün mahiyyəti ortaya çıxacaq. Soros tərəfdarlarının narahatlıq içində olmaları bununla bağlıdır. Onlar bilirlər ki, Tramp komandası fondun bütün zərərli fəaliyyətini faktlarla ortaya qoyacaq, sonra da məsuliyyət tələb edəcək.
Nəzrin ELDARQIZI
XQ