Ağdamın bu tarixi kəndində həyat yenidən canlanır
Ağdamda Böyük Qayıdışın ilk ünvanlarından olan Xıdırlı kəndinin rahat, asfalt örtüklü küçələri ilə irəlilədikcə, buraya, təxminən, bir il əvvəl, 2024-cü ilin sentyabr ayında “Prezidentin izi ilə” olan səfərimi xatırladım. İndi ətrafda Qarabağın dirçəlişinin qürurverici mənzərəsi kimi göz oxşayan yeni yaşayış evlərinin, yaraşıqlı məktəb və uşaq bağçasının, müxtəlif təyinatlı binaların bir qisminin yeri həmin vaxt böyük tikinti meydançasını xatırladırdı.
Hər yerdə əzəli sakinlərinin doğma yurdlarına əbədi qayıdışlarına ciddi hazırlıq gedirdi. Ustalar, fəhlələr dayanmadan işləyirdilər, çoxsaylı tikinti texnikalarının zəfər marşını andıran səsləri aləmi götürmüşdü. İndi isə böyük amal uğrunda “savaş”ın uğurlu nəticələri göz önündədir. İşğal dövründə erməni vandalizminin qurbanına çevrilmiş, daşı daş üstdə qalmamış Xıdırlıda qısa müddətdə belə müasir kənd salınıb. Həmin vaxt yaşayış evləri ilə tanışlıq zamanı tək bir şeyin çatışmadığı haqqında düşünmüşdüm – bu gözəl təmirli, yaraşıqlı evləri isidəcək insan nəfəsi, şənləndirəcək körpə gülüşü... Çox şükür, artıq 2 aya yaxındır ki, Xıdırlıya həyat qayıdıb. Kənd gecələr gur işıqlara qərq olur, evlərin odu-ocağı qalanır! Elə budəfəki səfərimizin də məqsədi yeni Xıdırlının yeni növrağı ilə tanış olmaqdır...
Xoş gördük, yeni Xıdırlı!
Ağdam şəhərinin şimal-qərbində, rayon mərkəzindən 3 kilometr məsafədə yerləşən yeni Xıdırlının təməli 2022-ci il oktyabrın 4-də qoyulub. Mərasimdə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin gedişini hər zaman xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəsmi məlumatına görə, kəndin layihələndirilən ərazisinin sahəsi 417 hektardan çoxdur. Burada 1-ci və 2-ci mərhələ üzrə 1498 fərdi evin inşası, həmin evlərə 6 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulur.
Birinci mərhələ üzrə layihələndirilən ərazinin sahəsi 170.44 hektardır. Bu mərhələdə kəndə 719 ailənin, ümumilikdə 2951 nəfərin köçürülməsi planlaşdırılır. Artıq sözügedən sayda fərdi evin inşası həyata keçirilib ki, onlardan da 263-ü iki, 332-si üç, 121-i dörd, 3-ü isə beşotaqlıdır. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq bu günə qədər Xıdırlı kəndində 1359 nəfər sakindən ibarət 360 ailə daimi məskunlaşdırılıb, keçmiş məcburi köçkünlərin qayıdışı prosesi davam etdirilir.
Böyük Qayıdışa qardaş töhfəsi
Kənddə, yuxarıda qeyd etdiyimiz kimi, zəruri müasir infrastruktur yaradılıb, o cümlədən inzibati və xidmət binaları tikilib. Burada çoxfunksiyalı inzibati binanın, klub-icma mərkəzinin, tibb məntəqəsinin, təcili tibbi yardım bölməsinin, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evinin, məişət xidməti obyektinin, emalatxananın, tam orta məktəbin, körpələr evi-uşaq bağçasının inşası həyata keçirilib. Kəndin ərazisinin təxminən 20 faizi yaşıllaşdırılıb.
Yolumuz ağdamlılara Qırğızıstan Respublikasının hədiyyəsi olan Aykol Manas adına Xıdırlı kənd tam orta məktəbinin yanından keçir. Məktəbin qarşısında qələbəlikdir, ilk təhsil ilinə hazırlıq gedir. Öyrəndik ki, 528 şagird yerlik məktəb binası 5 blokdan, o cümlədən idman zalı bölməsindən ibarətdir. Ərazisi 2,7 hektar olan binada 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otağı, həmçinin 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana fəaliyyət göstərəcək. Təhsil müəssisəsinin maddi-texniki bazası şagirdlərin biliklərə yüksək səviyyədə yiyələnmələri üçün hərtərəfli imkana malikdir. Məktəbin ərazisində həm şagirdlərə, həm də əhaliyə xidmət göstərəcək qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri də inşa edilib. Bir sözlə, doğma yurdlarına geri dönmüş ailələrin övladlarını savadlı, sağlam, vətənpərvər yetişdirmələri üçün burada qardaş Qırğızıstan dövləti tərəfindən hər cür şərait yaradılıb.
Yenidən ata-baba yurdunda
Xıdırlıya yolunuz düşsə, mütləq Bayraq meydanına da baş çəkməyi unutmayın. Çünki buradan həm kəndin gözəl mənzərəsini seyr edə biləcək, həm də başınız üstə məğrur-məğrur dalğalanan müqəddəs bayrağımızın fonunda külündən doğulan Ağdamda yan-yana ucaldılan tikililəri – yeni şəhəri görəcəksiniz. Bu yüksəklikdən baxanda, el arasında deyilən kimi, Ağdam sanki ayaqlarının altında qalır...
Bayraq meydanı ilə tanışlıqdan sonra 104 b nömrəli evə yollandıq. Ev sahibi Ehtibar Süleymanovla görüş üçün əvvəlcədən zəngləşib razılaşmışdıq. Bizi qapıda qarşılayaraq içəri dəvət etdi. Gəlişimizi eşidən qonşusu Ərəstun Hüseynov da bizə qoşuldu. Üçotaqlı evlə tanışlıq zamanı Xıdırlıda sakinlərin rahat yaşamaları üçün hər şeyin nəzərə alındığına bir daha əmin olduq. Tam təmirli otaqlar, hamam, sanitar qovşağı, işıq və istilik sistemi, daimi su, sürətli internet... Evlərin tavanının hündür olması ilk baxışdan diqqətimizi çəkdi, “Qışda isitmək çətin olmayacaq ki?”, - deyə soruşduq. Ev sahibi gülərək cavab verdi ki, 3 metr 40 sm-dir, ancaq ikitərəfli izolyasiya edilib, yayda sərin olur, qışda isti. Beləcə, xoş əhvali-ruhiyyəli söhbətimizə başladıq. Öyrəndik ki, Süleymanovlar ailəsi işğaldan əvvəl də Xıdırlıda yaşayıb, indi kəndə ilk qayıdanlardandır.
Evlərinin açarını Azərbaycan Prezidentinin şəxsən təqdim etməsi isə onların həyatlarının ən əlamətdar hadisəsidir. E.Süleymanov həmin anı heç vaxt unutmayacaqlarını bildirdi:
– Xıdırlıdan çıxanda gənc ailə idik, 25 yaşım vardı. Məcburi köçkün kimi sonuncu dəfə Sumqayıt şəhərində 14 kvadratmetrlik yataqxana otağında məskunlaşmışdıq. Təkcə bu fakt uzun illər hansı əziyyətlər çəkdiyimizi göstərir. İyul ayında isə bütün həyatımız dəyişdi. Həm Vətən həsrətimiz bitdi, həm saray kimi evlə təmin olunduq. Ən möhtəşəmi də odur ki, evimizin açarlarını möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız özü şəxsən təqdim etdi (qürurla içində evin açarının da olduğu dəsti göstərir – M.R.). Bu, sözlə ifadə ediləcək hiss deyil...
Anam, həyat yoldaşım və oğlumla geri qayıtmışıq. Bir qızım, 2 nəvəm da var, qızım laçınlı ilə ailə həyatı qurub, onlar da, inşallah, Laçına qayıdacaqlar!
“Bu yerləri cənnətə çevirəcəyik!”
Evin xanımı Mehparə Süleymanova isə Xıdırlıda keçən hər günləri üçün Allaha şükürlər etdiyini dedi:
– Bu yaşadıqlarımız sanki şirin bir yuxudur. Allah bizə bu duyğuları bəxş edən, bizi öz ata-baba yurdumuza qaytaran Prezidentimizi qorusun, pənahında saxlasın! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Yenidən kəndimizə qayıtmaq, burada yaşamaq böyük xoşbəxtlikdir!
Ev sahiblərinin qonşuları, 70 yaşlı Ə.Hüseynov da Xıdırlının əzəli sakinidir. Bildirdi ki, doğma kəndlərinə qayıdandan bütün dərdləri unudub, ağrı-acıları canlarından çıxıb. Bundan sonra isə...
Bundan sonrasına keçməmişdən qeyd edim ki, mənim evimin açarını Qırğızıstan Prezidenti Sadır Japarov təqdim edib. Sonra da həm onunla, həm də cənab Prezidentimizlə birlikdə şəkil çəkdirmişəm. Belə xoş anı yaşamaq dünyada az-az insana qismət olar!
İnsan doğulanda ilk ayaq basdığı torpağa, havasını udduğu yurda ölənə kimi bağlı olur. Biz indi həmin torpaqdayıq. Bundan sonra bizim ən böyük vəzifəmiz əkib-becərmək, qurub-yaratmaqdır. Camaatımız qocaq camaatdı, Xıdırlını cənnətə çevirəcəyik!
Çayımızı içib sağollaşmaq, səfərimizi yekunlaşdırmaq üçün bayıra çıxanda üzbəüz qonşunun həyətində qısa müddətdə gördüyü işlər diqqətimizi çəkdi. Gələn gündən 12 sotluq həyətyanı sahəsində yaşıllıq salmağa başlayan, yayın istisinə meydan oxuyaraq ilin-günün bu vaxtı lobya yetişdirən, tövlə tikib mal-qara saxlayan Dilavər Şirinovla ayaqüstü söhbət əsnasında əmin olduq ki, həqiqətən xıdırlılılar tezliklə onsuz da gözəl olan bu kəndi daha da gözəlləşdirəcəklər. Tezliklə həyətlər daha yaşıl, Xıdırlı daha cazibədar olacaq. Çünki bu torpaqlara əsl sahibləri qayıdıblar!
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Ağdam
P.S. Yazının hazırlanmasına göstərdikləri köməyə görə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarına təşəkkür edirik.