Dünən Naxçıvanın Heydər Əliyev Sarayında muxtar Respublikanın ümumtəhsil məktəbləri üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək bal toplamış tələbələrlə görüş keçirilib.
Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bilik yarışında böyük nailiyyətlər qazanan gəncləri səmimi-qəlbdən salamlayıb, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, eləcə də tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edib, müəllimlərinə təşəkkürünü bildirib.
Səlahiyyətli nümayəndə qeyd edib ki, ötən tədris ilində muxtar respublikada 4 min 752 şagird ümumi orta, 3 min 992 şagird tam orta təhsili uğurla başa vurub. 4 şagird qızıl nişana, 281 şagird isə fərqlənmə attestatına layiq görülüb. Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində 396 məzun 500–700, o cümlədən 291 nəfər 500–600, 77 məzun 600–650, 28 şagird isə 650–700 intervalında bal toplayıb. Ötən illə müqayisədə yüksək nəticə göstərən məzunların sayı 16 faiz artıb. Bu da muxtar respublikada son 30 ildə əldə olunan ən yüksək göstəricidir.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov 2025-ci ilin Naxçıvan təhsili üçün ən uğurlu illərdən biri olduğunu vurğulayıb. Nazir bu il ilk məzun buraxılışı olan Naxçıvan Dövlət Universitetinin gimnaziyasını uğurlu nəticə münasibətilə təbrik edərək deyib ki, gimnaziyanı 36 məzun bitirib. Onlardan 16-sı 500-700 intervalında bal toplayıb. Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin şagirdi Nərmin Əliyeva ABŞ və digər ölkələrin universitetlərinə qəbul üçün keçirilən beynəlxalq SAT imtahanı üzrə 1600 ballıq sistemdən 1580 bal nəticə göstərərək ölkə birinciliyi və dünya üzrə ən yüksək nəticə göstərən 1 faizlik tələbə siyahısına daxil olub.
Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin məzunu Oruc Rəhimlinin anası Səfurə Hüseynova övladlarının əldə etdiyi nailiyyətlərin ölkə başçısının təhsilə göstərdiyi diqqət və gənclərimizə yaratdığı imkanların bariz nəticəsi olduğunu deyib, ölkə başçısına bütün valideynlər adından minnətdarlığını bildirib.
Ali məktəblərə keçirilən qəbul imtahanlarında 690 bal toplayaraq muxtar respublika birincisi olan Naxçıvan Qızlar Liseyinin məzunu Sehrin Cəfərova əmin edib ki, ölkəmizin inkişafına töhfə verən savadlı, bacarıqlı, əzmkar və vətənpərvər gənclik nümunəsi olacaqlar.
Tədbirdə 500-700 intervalında nəticə əldə etmiş məzunlar mükafatlandırılıb.
Səbuhi HƏSƏNOV