Rasputindən Zatulinə

post-img

Rusiyaya siyasi təxribatçılar lazımdırmı?

Bəzi şəxslərin hadisə və proseslərə yanaşmasına heyrətlənməyə bilmirsən. Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini, Kremlin əsas ruporlarından olan Konstantin Zatulin isə heyrətləndirmək üzrə çempiondur. Əlbəttə ki, söhbət pis mənada heyrətləndirməkdən gedir.

Əslində, Zatulin obrazı Rusiyanın ictimai-siyasi düşüncə sisteminin qısırlıq göstəricisidir. Başqa qənaətə gəlməyə əsas yoxdur. O boyda dövlət olasan, söz demək üçün dayaz təfəkkür sahibinin, şovinistin xidmətinə eytiyac duyasan. O təfəkkür sahibi ki, karyera pillələrindəki yüksəlişində müxtəlif iqtisadi maxiyanasiyalar həlledici rol oynayıb. Qeyd edək ki, Zatulin Rusiyada xiffəti çəkilən SSRİ-ni iqtisadi zəmində parçalayaraq varlananlardan olub. Sovetlər Birliyi qalsaydı, o və onun kimilər ömürlük həbs cəzasına məhkum ediləcəkdilər...

Bəli, Zatulinin şovinistliyi heç kəsə sirr deyil. Təsəvvür edin, bu xislət daşıyıcısı 2019-cu ildən Dövlət Dumasının miqrasiya və vətəndaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi postunu da tutur. El arasında deyildiyi kimi, quzunu qurda tapşırmaq budur. Deməli, Rusiyanın ayrı-ayrı rəsmilərinin ölkələrində dövlət səviyyəsində etniklərin hüquqularının qorunmasından, onların imtiyazlarından danışmaları tam mənasızdır. Axı ortada Zatulinin çirkin neonasist obrazı var. Amma bu, hələ son deyil. Çünki Rusiyada tam bir “zatulinlik” hökm sürməkdədir.

Əminliklə deyə bilərik ki, hazırkı Rusiya Zatulin Rusiyasıdır. Eynilə Rasputin Rusiyası kimi. Bu arada “Rasputin Rusiyası” anlayışı dövlət idarəçiliyində korrupsiyanın və bacarıqsızlığın adi hal alması, təsadüfi adamların, elə Rasputinin özü kimi yerdənbitmə avantürist fiqurların təsirinin güclənməsi ilə assosiasiya olunur. Nəzərə alaq ki, sıravi Sibir kəndliliyindən pravoslav mistikliyə kimi qalxmış, hakim sülalə təmsilçilərinin qılığına girməyi bacarmış Qriqori Rasputin XIX əsrin sonu – XX əsrin əvvəllərinin Rusiyasında həm saray daxilində, həm də cəmiyyət arasında nifrət obyektinə çevrilmişdi. Onu fəaliyyəti imperiyanın zəifləməsinə, monarxiyanın nüfuzdan düşməsinə gətirib çıxarmışdı. Müvafiq olaraq, “Rasputin Rusiyası” anlayışı həm də çar ailəsinin zəifliyi, aristokratiyanın çürüməsi və çarizmin böhranı kimi də xarakterizə olunur. Güman edirik, “Zatulin Rusiyası” anlayışının nəzəri baxımdan izahı üçün əlavə şərhə ehtiyac yoxdur.

Rusiyada zatulinlərin sayı kifayət qədər çoxdur və hazırda dünyanın ərazicə ən böyük məmləkəti, sanki, belələrinin çiyinlərində qərarlaşıb. Həqiqətən, çox acı durumdur. Acı durum özünü K.Zatulinin “Lenta.ru”ya müsahəsində dediklərində də göstərməkdədir. O, özünün inkişafdan qalmış, yalnız fitnə və təxribat təmayülünü saxlamış siyasi təfəkkürünün ənənəvi anti-Azərbaycan mahiyyəti üzrə bir neçə məqama diqqət yetirib. Daha doğrusu, bilavasitə Rusiyanı qıcıqlandıran cəhətlərə nəzər salıb. Deputat bildirib ki, Azərbaycan öz istiqaməti ilə gedir. Belə çıxır ki, ölkəmiz müstəqil siyasi xətt yeritməməli imiş.

...Zatulin Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini təcavüz qismində qiymətləndirib və əlavə edib ki, rəsmi Bakı kursunu 2023-cü ildən sonra ortaya qoydu. Onun sözlərinə görə, Azərbaycan Ermənistana qeyri-milli qüvvələrin rəhbərliyindən yararlanaraq, Türkiyənin köməyi ilə planlarını gerçəkləşdirdir. Guya, ölkəmiz həmin vaxt Kremllə əməkdaşlığa ehtiyac duyurmuş: “Lakin Bakının planları reallaşan kimi, Rusiya ilə əlaqələrin zərurəti aradan qalxdı”.

Ruslarda bir ifadə var: “Каждый судит в меру своей испорченности”. Azərbaycan dilinə tərcümədə “hər kəs özünün korlanmışlıq (pozğunluq) dərəcəsinə görə mühakimə edir” kimi səslənir. İndi Zatulin hadisə və proseslərə özünün siyasi pozğunluq pəncərəsindən baxaraq sübut edir ki, dəyər və prinsiplər onun üçün hansısa əhəmiyyət daşımır. Problem ondadır ki, Rusiyanın ictimai rəyində təmsil olunanların bir çoxu da məhz Zatulin kimi düşünür. Belələri əsl mahiyyəti kənara qoyub aşkar manipulyasiya yolu tuturlar.

Əsl mahiyyət ondadır ki, ötən ilin dekabrında Rusiya səmasında “Azərbaycan Hava Yolları”na məxsus təyyarəyə atəş açılıb. Nəticədə hava gəmimiz hərəkətini itirib və qəza enişi edib. Eniş peşəkarlıq nöqteyi-nəzərdən uğurlu sayılsa da, göyərtədəki 70-ə yaxın sərnişindən 40-a qədəri həyatını itirib. Azərbaycanın tələbi budur ki, amansız hadisəni törədənlər məsuliyyətə cəlb olunsunlar. Rusiya isə..

Əslində, Rusiya ölkəmiz tələb səsləndirməzdən əvvəl hərəkətə keçməli, dost ölkə sayılan Azərbaycanın sərnişin təyyarəsinə atəş açanları cəzalandırmalı, ümumən üzərinə düşən məsuliyyəti yerinə yetirməli idi. Amma bunu yox, olayı pərdələmək cəhdlərini gördük. Azərbaycanın Rusiyaya münasibətində soyuqluq məhz belə cəhdlərdən sonra başlandı. Rəsmi Moskvaya bağlı ayrı-ayrı dairələrin, o cümlədən Zatulinin “Azərbaycan təyyarə olayını Rusiya ilə münasibətləri korlamaq üçün istifadə edir” şəklində fikir bildirməsi isə odun üstünə benzin tökmək effekti yaratdı.

Sual yaranır: Təyyarəmizə atəş açanların məqsədi nə idi? Hər halda, atəş Azərbaycan səmasındakı Rusiyaya məxsus hava gəmisinə deyil, Rusiya səmasında hərəkət edən Azərbaycan təyyarəsinə açılıb. Zatulinin diqqətə çatdırdığımız məntiqinə söykənsək, deyə bilərik ki, Rusiyada ölkəmizlə münasibətləri korlamaq istəyənlər “fəaliyyətdədirlər” və təyyarəmizə atəş açmaq əmrini məhz onlar veriblər.

Ən başlıcası, rəsmi Moskva bu yolu tutanları cəzalandırmırsa, üstəlik, hadisəni törədənlərin qorunduğuna dair təəssürat varsa, daha bir nəticə budur ki, hər şeyi planlaşdıran məhz Kremldir. Deməli, sonradan Zatulin və onun kimi sərsəmlərin meydana atılıb ölkəmizə qarşı hədyanlar yağdırmaları da düşünülmüş gediş imiş. Çünki Rusiya rəhbərliyindəkilər “A” planının nəyəsə yaramayacağının fərqinə varıblar. “A” planına gəlincə, bu, təyyarənin göydə quşlarla toqquşması, göyərtədə qaz balonunun partlaması və sair cəfəngiyyatlar idi.

Zatulin və digərlərinin qəsdən diqqət yetirmədikləri əsl mahiyyət həm də budur ki, Azərbaycan tərəfi Rusiya ilə münasibətlərin normallaşması üçün təyyarə olayına düzgün hüquqi qiymətin verilməsinin vacibliyini dəfələrlə açıqlayıb. Bu məqam, hətta, Vaşinqtonda da vurğulandı. Ona görə orada vurğulandı ki, Rusiyada kimlərsə Azərbaycan Prezidentinin ABŞ-a işgüzar səfərini, eləcə də Birləşmiş Ştatlar Prezidenti Donald Trampla səmimi münasibətlərini, həmçinin, Ağ Ev rəhbərinin şahidliyi ilə Bakı–İrəvan sülhünün paraflanmasını ölkəmizin Rusiyadan üz döndərməsi qismində qiymətləndirməsinlər. Amma Zatulin ağzına gələni danışırsa və bu məxluqun səsi daha ucadan eşidilirsə, tam əminliklə demək olar ki, Rusiyada normal düşüncənin cəmiyyətdə hakimliyi müstəvisində ciddi problemlər yaşanmaqdadır.

Zatulin anormal düşüncəsini işə salaraq onu da bildirib ki, Azərbaycanın Ermənistana təzyiqlər göstərməsi, Zəngəzur dəhlizi təşəbbüsünü irəli sürməsi, amerikalıları, israilliləri və digərlərini regiona cəlb etməsi Rusiyanın maraqlarına tərs mütənasibdir. Görəsən, Zatulin 2023-cü ilin əvvəlində Avropa İttifaqının mülki müşahidə missiyası Ermənistanda yerləşdiriləndə niyə “regionda kənar oyunçular” məntiqini işə salmırdı? Çünki adam Rusiyadakı erməni lobbi və diaspor təşkilatlarının arxasında maliyyənin dayandığı direktivlərinə möhtacdır. O lobbi və diaspor ki, böyük ölçüdə Kremllə bağlıdır, həm Azərbaycana, həm də Ermənistan hakimiyyətinə qarşı zidd mövqedədir.

Zatulinin təxribatçı məntiqində daha bir cəhət özünü Azərbaycan–Türkiyə müttəfiqliyinə münasibətdə göstərməkdədir. Ermənipərəst deputat bu müttəfiqliyin, eyni zamanda, böyük Turan mahiyyətinin olduğunu vurğulayıb və onun sözlərindən gəlinən nəticəyə görə, Bakı Ankara ilə birgə Rusiya daxilindəki türkdilli regionlarda aranı qarışdırmaq, həmçinin Mərkəzi Asiya ölkələrini anti-Kreml əhval-ruhiyyəsinə kökləmək niyyətindədir.

Göründüyü kimi, Zatulinin azərbaycanfobiyası pik həddə çatıb. O qədər pik həddə ki, komitə sədrinin müavini hər cür cəfəngiyyatı siyasi düşüncə kimi sırımağa çalışır. Məsələn, o, Mərkəzi Asiya respublikalarının müstəqil dövlət statuslarını nəzərə almır. Rusiyanın türk birliklərinə gəlincə, Zatulin ölkəsinin ictimai fikrinə hakim kəsilmiş millətçiliyə və şovinizə, başqa xalqların nümayəndələrinə qarşı ayrıseçkiliyə baxmalıdır və nəzərə almalıdır ki, bu ayrıseçkilik artıq normaya çevrilib. Vaxtilə keçmiş SSRİ, ondan əvvəl çar Rusiyası eyni xətti yürüdürdü və hazırda onların tarixin hansı bataqlığına gömüldüyü məlumdur. Zatulin və onun kimilərin hərəkət və davranışlarına korrektə etmələri həm də Rusiyanın eyni aqibətdən qurtulmasının şərtidir. Hərçənd, ölkədə bunu düşünənlərin sırası olduqca seyrəkdir.

Digər tərəfdən, siyasi konspirologiyanı işə salan Zatulin, öz aləmində, İranı da Azərbaycana qarşı qaldırır. “Məndə çox aydın təəssürat var ki, Azərbaycan əhalisinin əhəmiyyətli hissəsini azərbaycanlıların təşkil etdiyi İran İslam Respublikasında sabitliyi pozmağa cəhd etmək üçün İrana qarşı bəzi sui-qəsdlərdə iştiraka hazırdır”, – deyən əbləh deputat Bakının Birləşmiş Ştatlar və İsraillə müttəfiqliyinin Tehrana qarşı yönəldiyinə dair sərsəm mesaj verməyi də yaddan çıxarmayıb.

Heç şübhəsiz, Zatulin fikirləri ilə anti-Azərbaycan ritorikasını geniş götürdüyünü sanır. Halbuki, cılızlıq edir, bu adamın dilə gətirdikləri real siyasətdən uzaq fantaziyalardır. Ən böyük problem isə odur ki, hazırda Rusiya dövləti də keçmişin stereotiplərinə xas belə fantaziya mahiyyətli düşüncələrlə idarə olunur. Bu düşüncədə dünyaya yalnız makaronun dar dəliyindən baxış var. O dəlik ki, ondan ətraf yalnız bir trayektoriya üzrə görünür. Yekun nəticədə bu gün Rusiya üçün ya düşmən var, ya da kölə. Ölkənin, həqiqi dostu və müttəfiqi yoxdur. Rusiya başqa dövlətin dostluğunu və müttəfiqliyini özünə yaraşdırmır. Çində Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci zirvə toplantısında Prezident Vladimir Putinə münasibət isə ölkənin özünü hamıdan yüksəkdə görməsinin doğurduğu miskin mənzərənin yalnız bir səhnəsidir. Axı çox istəyən azdan da olur.

Birmənalı şəkildə demək olar ki, Rusiyanın düşdüyü hazırkı xoşagəlməz durumun kökündə həm də Zatulin kimi avantüristlərin, şəxsi mənafe hərisləri olan çaqqalların yuxarı başa çıxarılması dayanır. Özünü ağıllı sayan K.Zatulin isə “Lenta.ru”ya ölkəsinin Azərbaycanla münasibətlərini şərh edərkən, “pis sülh müharibədən yaxşıdır” fikrini də dilə gətirib və bir növ, minnət qoyub: “Amma bu, o demək deyil ki, Moskva əməkdaşlığın dərinləşdirilməsini düşünməlidir”.

Sonda onu da bildirək ki, dövlətlərarası əməkdaşlıq və münasibətlər təbii maraqlardan, ixtilafların və mübahisələrin miqyasının nə dərəcə geniş götürülülməsindən asılıdır. Məsələn, Ermənistan vaxtilə Azərbaycan torpaqlarını işğal etdiyi üçün onunla heç bir şəkildə əməkdaşlıq mümkün deyildi. Yəni Bakı və İrəvan arasında təbii maraq ola bilməzdi. Hazırda isə ölkəmizlə münasibətləri korlayan, üstəlik düzəltməyə çalışmayan tərəf məhz Rusiyadır. Zatulinlərin dilə gətirdiyi anti-Azərbaycan mahiyyətli fikirlər mahiyyətcə pis sülhü müharibəyə çevirmək perspektivini hədəf seçir. Kremlə bu lazımdırmı? Lazımdırsa, özünün siyasi parniklərindəki digər zatulinlərin də zəncirini açsın və Moskvada yaddan çıxarmasınlar ki, Azərbaycanın siyasi əbləhlərin dili ilə ifadə olunan şantajlardan çəkinəcəyi yoxdur və olmayıb.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət