3 Oktyabr – Xalqın xilaskarını seçdiyi gün

post-img

Azərbaycan tarixində elə günlər var ki, bu tarixlər xalqın qəlbində həm qürur, həm də minnətdarlıqla xatırlanır. 1993-cü il 3 oktyabr məhz belə günlərdən biridir. Bu gün Azərbaycan xalqı öz müstəqilliyini qorumaq, dövlətini yaşatmaq üçün xilaskarını seçdi.

Həmin dövrdə ölkəmiz ən ağır sınaqlardan keçirdi. Ermənistanla müharibə, daxildəki siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və idarəçilik böhranı Azərbaycanı parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Xalqın ümid yeri isə yalnız bir nəfər idi – böyük dövlət xadimi Heydər Əliyev. Onun möhkəm siyasi iradəsi, təcrübəsi və şəxsi nüfuzu Azərbaycanın xilası üçün son şans idi.

Seçkilərdə Heydər Əliyevin 98 faizdən artıq səs toplaması xalqın ona olan inamını açıq şəkildə nümayiş etdirdi. Bu nəticə göstərirdi ki, xalq öz taleyini Heydər Əliyevin əllərinə etibar edir. Bu etimad illərin sınağından keçmişdi. Hələ Sovet dönəmində Azərbaycanı inkişaf etdirən, milli kadr siyasəti aparan, xalqın rifahını yaxşılaşdıran Heydər Əliyevin xidmətləri unudulmamışdı. 20 Yanvar faciəsi zamanı isə onun xalqla həmrəyliyi əsl liderlik nümunəsi olmuşdu.

Prezident seçildikdən sonra Heydər Əliyev qətiyyətli addımlar ataraq, əvvəlcə ölkədə sabitlik yaratdı. Atəşkəsin əldə edilməsi, ordunun yenidən qurulması, milli dövlət institutlarının formalaşdırılması ölkənin gələcəyini təmin edən strateji addımlar idi.

Heydər Əliyev yaxşı bilirdi ki, güclü dövlət güclü ordu ilə mümkündür. Buna görə də ordunun vahid komandanlıq altında formalaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi və döyüş ruhunun artırılması onun əsas prioritetlərindən biri oldu.

Onun uzaqgörən siyasətinin nəticəsi idi ki, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının təməlini qoydu. Azərbaycan dünya enerji bazarında mühüm aktora çevrildi. Bu isə müstəqil dövlətimizin həm iqtisadi, həm də siyasi dayaqlarını möhkəmləndirdi.

3 oktyabr seçkiləri xalq-dövlət birliyinin təntənəsi idi. Azərbaycan xalqı bu günlə öz gələcəyini qorumağı bacardı, öz xilaskarını seçərək dövlətçiliyi dağılmaq təhlükəsindən xilas etdi.

Heydər Əliyev xalqın yaddaşında sadəcə Prezident deyil, həm də müstəqilliyimizin qarantı, dövlətçiliyimizin banisi, milli birliyin rəmzi kimi qalır. Onun adı Azərbaycanın taleyində dönüş yaradan 3 oktyabr günü ilə əbədi bağlıdır.

Mirələm Calalov,

YAP “Bakıxanov prospekti 42” (RTTTYM PHŞ) üzrə ərazi partiya təşkilatıının sədri,

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” PHŞ-in direktoru



Siyasət