Tarixi ədalət döyüş meydanında bərpa edilirdi
Prezident İlham Əliyev xalqa 26 oktyabr 2020-ci il tarixli müraciətində bu günün Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olduğunu bildirir, Vətən müharibəsinin gedişini təhlil edirdi. Ali Baş Komandan ölkəmizin savaşda iştirakını haqq və ədalət uğrunda aparılan mübarizə, torpaqlarımızın geri alınmasını isə diplomatik strategiyanın və milli birliyin uğuru kimi qiymətləndirirdi.
Dövlət başçısı müraciətində respublikamızın haqq səsini tarixi sənədlərlə əsaslandırır, Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələrinə istinad edərək Qarabağın tarixi Azərbaycan torpağı olduğunu xatırladırdı. Ölkə rəhbəri, eyni zamanda, respublikamızın son illər ərzində ardıcıl fəaliyyət nəticəsində dünya ictimaiyyətini Qarabağın, eləcə də münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırıldığını, bu barədə artıq dünyada daha obyektiv fikir yaradıldığını, daha obyektiv təsəvvür formalaşdırıldığını qeyd edirdi: “Məhz bizim yorulmaz səylərimiz nəticəsində buna nail ola bilmişik. Mən deyəndə ki, biz tarixi ədaləti bərpa edirik, tam haqlıyam. Mən Münhen təhlükəsizlik konfransında bütün dünyaya sübut edə bilmişəm ki, bu, bizim tarixi torpağımızdır”.
Bununla da dövlətimizin başçısı daxili auditoriyaya milli kimliyin gücləndirilməsinin önəmini bildirir, eyni zamanda, beynəlxalq ictimaiyyətə hüquqi əsaslı mesaj ötürürdü. Prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycan döyüş meydanında işğalçıdan tarixi torpaqlarını geri almaqla bərabər, tarixi ədaləti də bərpa edirdi.
Ölkə rəhbəri müraciətində ATƏT-in Minsk qrupunun və həmsədr dövlətlərin fəaliyyətsizliyini kəskin tənqid etdi, uzun illər aparılan danışıqların nəticəsiz qaldığını, beynəlxalq vasitəçilərin isə neytrallıq prinsipini pozduqlarını diqqətə çatdırdı. Vətən savaşının baş sərkərdəsi Ermənistanın Qarabağda Cenevrə konvensiyalarına zidd qanunsuz məskunlaşma apardığını, bunun beynəlxalq cinayət olduğunu, Azərbaycanın mədəni irsinin dağıdıldığını da bildirdi. Bu tənqid Azərbaycanın artıq yeni diplomatik istiqamətini göstərir, vasitəçilik formatlarının yenilənməsi, real nəticə verən mexanizmlərin yaradılması zəruriliyini şərtləndirirdi.
Azərbaycan lideri müraciətində münaqişənin həlli üçün hüquqi bazanın kifayət qədər geniş olması ilə bağlı fikirlərini də diqqətə çatdırdı: “BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə bərabər, digər sənədlər də mövcuddur. Məsələn, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər qurumların müvafiq qətnamə qəbul etmələri bunun bariz ifadəsidir. Avropa İttifaqı ilə paraflanmış sənəddə ölkəmizin suverenliyi, sərhədlərimizin toxunulmazlığı və ərazi bütövlüyü haqqında xüsusi müddəa var. Yəni bu, hüquqi bazadır və bu baza imkan verir ki, bu gün biz döyüş meydanında düşmənə dərs verək…”.
Prezident İlham Əliyevin vurğuladığı kimi, bütün bunlara baxmayaraq, Minsk qrupunun həmsədr ölkələri tərəfindən yenidən BMT Təhlükəsizlik Şurasının iclası çağırılır. Lakin bu dəfə də qarşıya qoyulan məqsədin gerçəkləşməsinə – Azərbaycanın əleyhinə sənədin qəbul edilməsinə imkan verilmir.
Əlbəttə, belə canfəşanlığın səbəbi heç də sirr deyildi – niyyət 1993-cü ildə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilən qətnamələri kölgədə saxlamaq, yaxud onların qüvvədən düşməsinə, öz əhəmiyyətini itirməsinə nail olmaq idi. Digər tərəfdən, burada ədalətdən söhbət gedə bilməzdi. Çünki bu, yenə də işğalçıya dəstək göstərilməsi cəhdi idi. Amma Qoşulmama Hərəkatı Təşkilatı buna imkan verməyərək, Azərbaycana dəstək göstərdi və arzulanan sənədin imzalanması gerçəkləşmədi.
Dövlət başçısının “Biz BMT qətnamələrini özümüz icra edirik” ifadəsi Azərbaycanın beynəlxalq hüququn faktiki tətbiqində nümunəyə çevrildiyini göstərirdi. Ölkə rəhbərinin qeyd etdiyi yeni reallıq anlayışı isə həm hərbi, həm diplomatik, həm də ideoloji səviyyədə yeni dövrün başlandığını ifadə edirdi. Bununla da Azərbaycanın artıq regionda güc balansını dəyişən, öz suveren hüquqlarını gerçəkləşdirən ölkə olduğu görünürdü.
Prezidentin müraciətində diqqətçəkən məqamlardan biri də humanitar yanaşma idi. Bununla bağlı dövlət başçısı Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları kimi bütün hüquqlara malik olacaqlarını bildirirdi. Bu, sülh və birgəyaşayış üçün vacib siqnal kimi səslənirdi. Belə bir yanaşma həm daxili sabitlik, həm də beynəlxalq imic baxımından mühüm önəm daşıyırdı.
Azərbaycan lideri xalqa müraciətində, eyni zamanda, Ermənistanın xaricdən silah və hərbi dəstək aldığını qeyd edərək, bunun sülh prosesinə mane olduğunu vurğulayırdı. Bu məqam beynəlxalq hüquq çərçivəsində silah axınının qarşısının alınmasını və şəffaf nəzarət mexanizmlərinin tətbiqinin vacibliyini gündəmə gətirirdi.
Müraciətdə BMT, İƏT, Qoşulmama Hərəkatı və Avropa İttifaqı kimi qurumların sənədlərinə istinad edilməsi isə Azərbaycanın Vətən savaşında keçirdiyi əməliyyatların beynəlxalq hüquqa əsaslandığını göstərirdi. Prezident İlham Əliyev “ədaləti müdafiə edə bilmirsinizsə, kənara çəkilin” çağırışı ilə beynəlxalq təşkilatların məsuliyyətini xatırladırdı. Ölkə rəhbəri, eyni zamanda, erməni diasporunun illərlə apardığı dezinformasiya siyasətinə qarşı Azərbaycanın müasir informasiya müharibəsində qazandığı uğurları da vurğulayır, bu məsələdə diplomatiya ilə yanaşı, media siyasətinin də strateji rol oynadığını göstərirdi.
Müraciətdən irəli gələn başlıca istiqamətlər isə aşağıdakılar idi:
– hərbi uğurların diplomatik və hüquqi müstəvidə möhkəmləndirilməsi;
– azad edilmiş ərazilərin sosial-iqtisadi və mədəni bərpası;
– yeni vasitəçilik mexanizmlərinin formalaşdırılması;
– region xalqları üçün təhlükəsizlik və hüquq təminatının gücləndirilməsi.
Beləliklə, Prezident İlham Əliyevin 26 oktyabr 2020-ci il tarixli xalqa müraciəti Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi və mənəvi əsaslarını birləşdirən güclü manifest idi. O, müasir dünyada ədalətin yalnız beynəlxalq tribunalarda deyil, həm də döyüş meydanında və diplomatiya masasında qazanıldığını göstərirdi. Azərbaycanın əsas vəzifəsi bu qələbəni davamlı sülh və inkişaf mərhələsinə çevirmək idi. Tarixi ədalətin bərpası ilə başlanan bu mərhələ milli iradənin və beynəlxalq hüququn birgə qələbəsi kimi tarixə yazıldı.
Vaqif BAYRAMOV
XQ

