2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi 30 illik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
26 oktyabr
• Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə bağlı Prezident İlham Əliyev xalqa müraciət edib.
• Prezident, Ali Baş Komandan İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib.
• Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib.
• Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri vurulub.
27 oktyabr
• Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Hücum cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturdulub. Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də bir T-72 tankı, dörd D-30 və üç D-20 topu, bir “Osa-AKM” ZRK, bir BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir radiolokasiya stansiyası və altı avtomobil texnikası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
• Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib.
• Baş Prokurorluğun məlumatına görə, Ermənistan ordusunun Bərdə rayonunu raket atəşinə tutması nəticəsində həlak olan mülki şəxslərin sayı dördə çatıb.
• Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib.
28 oktyabr
• Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində Azərbaycan Ordusunun Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad etməsi ilə bağlı məlumat verib.
• Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin Bərdəyə növbəti dəfə raket hücumu ilə əlaqədar rəsmi “Instagram” səhifəsində paylaşım edib.
• Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibə verib.
• Azərbaycan Ordusunun bölmələri şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini, xeyli sayda hərbi texnikasını darmadağın edib.
• Müdafiə Nazirliyi Qubadlı istiqamətində gedən döyüşlər zamanı düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatın videogörüntüsünü paylaşıb.
Mustafa KAMAL
XQ


