Vandallığın əbədi üz qarası

post-img

Zəfərin həyatverici şəfəqləri

Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin oktyabr ayında Soçidə keçirilən “Valday” beynəlxalq diskussiya klubunda gələcəyə istiqamətlənən geniş çıxışında ölkəmizin ərazi bütövlüyü və sərhəd toxunulmazlığı məsələlərinə xüsusi önəm vermişdi. Dövlətimizin başçısı nitqində səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” sözləri onun dahi bir siyasətçi olduğunu bir daha dünyaya nümayiş etdirmişdi. Bundan bir müddət sonra Azərbaycan öz ərazi bütövlüyünün və pozulan sərhədlərinin bərpasını gerçəkləşdirdi. 2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı birləşmələrinin növbəti təxribatlarına cavab olaraq başlanan haqq mübarizəsi nəticəsində işğalda olan ərazilərimiz düşməndən geri alındı. Bütün bunlar Azərbaycan liderinin mövcud reallıqları dərk edən, vəziyyəti düzgün qiymətləndirməyi bacaran və çox böyük informasiyaya sahib güclü, uzaqgörən bir siyasi şəxsiyyət olduğunu göstərdi.

Bu gün, eyni zamanda, qurtuluş, dirçəliş rəmzi kimi səsləndirilən bu qürurlu ifadənin – “Qarabağ Azərbaycandır və nida”nın arxasında həm də Ermənistanın 30 ilə yaxın həyata keçirdiyi qəsbkarlıq siyasətinin, törətdiyi dağıntıların, yaşatdığı insan faciələrinin və məhv etdiyi mədəni irsimizin acı izləri var. Çünki Ermənistan işğal zamanında Qarabağda yaşayış evlərini, infrastrukturu, eləcə də mədəni və dini irsi yerlə bir edib. Yüzlərlə məscid, türbə, ziyarətgah və qəbiristanlığı vandalizmə məruz qoyub. Belə bir vəhşilik işğaldakı ərazilərdə yaşayan soydaşlarımızın izlərini silmək, varlığını inkar etmək məqsədi daşıyıb.

İbadət və mənəviyyat məkanı olan Ağdam Cümə məscidi işğal illərində tövlə kimi istifadə edilib. Bu, bütöv bir inanca və mədəniyyətə qarşı təhqir idi. Şuşa şəhərindəki 18-ci əsrə aid Gövhər Ağa məscidi dağıdılıb, Zəngilan, Qubadlı, Füzuli və Cəbrayıl rayonlarında onlarla qədim qəbiristanlıq yerlə bir edilib. Minilliklərə təsadüf edən tarix kitabları torpağın altına basdırılıb. Ermənilər tərəfindən alban-xristianlıq dövrü abidələrinə də düşmən münasibət bəslənilib, bir sıra hallarda isə döyüş mövqeyi kimi istifadə olunub, ətrafına və içərisinə minalar basdırılıb. UNESCO və digər beynəlxalq təşkilatlara bu barədə edilən müraciətlər, təqdim olunan fotolar və faktlar da bu dağıntıları təsdiqləyib. Təəssüf ki, həmin qurumlar, eləcə də beynəlxalq ictimaiyyət uzun illər bu cinayətləri susqunluqla qarşılayıb.

Vətən müharibəsində qazanılan tarixi Zəfər ilə torpaqla bərabər, ruhumuz da azad oldu. Məscidlərdə eşidilən ilk azan səsi, necə deyərlər, səmanı titrətdi. Şuşa məscidində illərdən sonra qılınan namaz, sanki daş-divarı diriltdi. O dağların, minarələrin, müqəddəs yerlərin susqunluğuna son qoyuldu. Qeyd edək ki, Şuşada işğal dövründə ciddi ziyan görən 1883-cü ilin yadigarı Saatlı məscidi yenidən bərpa edilərək 2023-cü ildə açıldı. 2021-ci ildə isə Aşağı Gövhər Ağa məscidində restavrasiya işlərinə Heydər Əliyev Fondunun dəstəyi ilə başlandı. Məscidin interyerindəki tarixi motivlər müasir üsulla bərpa edildi. Eyni zamanda, Azərbaycanın mədəniyyət incisi adlandırılan Şuşa şəhərində Çöl Qala, Yuxarı Gövhər Ağa, Mamayı, daha sonra isə rayonun Daşaltı kənd məscidində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimləri reallaşdı.

Xatırladaq ki, Şuşada işğaldan sonra 18 tarixi-mədəni abidə bərpa edilib və 2 yeni məscidin tikintisinə başlanılıb. Şəhərin məhəllələrində yerləşən Şuşa qalası, Pənah xanın sarayı, Qara Böyük Xanım bürcü, Xan qızı Natəvanın evi, Hacıqulların malikanəsi, Əsəd bəyin evi və s. kimi XVIII əsrə aid memarlıq abidələri xalqımız üçün itirilmiş arzuların gerçəkləşən əks-sədası olub.

İllərlə işğal altında qalan Şuşadakı Qazançı kilsəsi də öz sahibinə qovuşdu. Şəhərin qəsbindən əvvəl Azərbaycan dövləti tərəfindən restavrasiya olunmuşdu və xristian abidəsi kimi qorunurdu. Bu da Azərbaycan xalqının dini tolerantlığa hörmətinin ifadəsi idi. Lakin işğal dövründə düşmən özünə aid etdiyi bu dini abidəni dağıtdı, bununla da onun keçmişə, tarixə necə yanaşması bir daha təsdiqini tapdı. Doğma torpaqlarımız yağıdan geri alındıqdan sonra bu kilsə də bərpa edildi. Çünki bu coğrafiyanın həqiqi sahibi, mədəniyyətin, dinin və insanlığın daşıyıcısı Azərbaycan idi.

Zəngilandakı İmamzadə türbəsi, Füzulidəki qədim ibadətgahlar, Cəbrayıldakı viran qalmış məscidlər... Bu abidələrdə xalqın inancla dolu tarixi yaşayır. İndi o yadigarlar da bərpa edilir, indi o abidələrin sığındığı torpaqlar əkib-becərilir, o ərazilərdəki düşmənin dağıtdığı, taladığı yaşayış məntəqələri yenidən tikilir, sahmana salınır. Qarabağda dağıdılan hər evin, hər abidənin bərpası ilə xalqımızın tarixi yaddaşı, kimliyi bərpaolunur, xoşbəxt, firavan gələcəyə yol açılır. İndi hər bərpaolunan abidədən, sanki, bir səs eşidilir: “Bu torpaqlar bizimdir, bu tarix bizimdir, bu torpaqların səmasında dolanan ruhlar azaddır”.

Nurəngiz ADİLQIZI
XQ

Siyasət