Regional əməkdaşlıqda yeni körpü

post-img

Azərbaycan–Özbəkistan münasibətləri tarix boyunca heç vaxt bu gün olduğu qədər yaxın olmayıb. Şübhəsiz ortaq soykök, dil, din və mədəniyyət xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, dövlətlərimizin münasibətlərinə güc verir. Amma bu münasibətlərin müttəfiqlik və qardaşlıq zirvəsinə yüksəlməsində liderlərin, İlham Əliyev və Şövkət Mirziyoyevin parlaq siyasəti əvəzsiz rol oynayır. Ölkələrimiz yalnız bir-birini beynəlxalq platformalarda müdafiə etmir, hətta eyni mövqedən çıxış edərək birlik və qardaşlığımızı bütün dünyaya nümayiş etdirirlər. Şübhəsiz ki, Prezident İlham Əliyev birləşdirici lider kimi Türk dünyasının inkişafına, inteqrasiya proseslərinə və vahid güc kimi fəaliyyətinə yeni dinamika qatır. Ölkə başçımızın Özbəkistana növbəti səfəri isə bu qardaşlıq iradəsinin, qarşılıqlı etimadın və xoş niyyətin parlaq göstəricisi kimi yadda qaldı.

Prezident İlham Əliyevin Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün Özbəkistana səfərə dəvət olunması da məhz Azərbaycan–Özbəkistan qardaşlığının, sarsılmaz dostluğun və regional əməkdaşlığın yeni mərhələyə yüksəlməsinin canlı göstəricisidir. Ölkəmiz Mərkəzi Asiya dövlətləri üçün yeni sima deyil. Azərbaycan Mərkəzi Asiyada qəbul edilən, yüksək qiymətləndirilən tərəfdaş və etibarlı dövlət kimi ön sıralarda yer alır. Etiraf olunduğu kimi ölkəmiz Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayan strateji tranzit qovşağı və nəqliyyat nəhəngidir.

 “Orta Dəhliz”in əhəmiyyəti nəzərə alsaq Azərbaycanın regional inteqrasiya və əməkdaşlıq prosesindəki rolu daha önəmli və əvəzsizdir.
Mərkəzi Asiya Dövlət Başçılarının “Mərkəzi Asiya+Azərbaycan” formatında 7-ci Məşvərət Görüşünün iclasında dövlətimizin başçısının çıxışı ciddi mesajlarla yadda qaldı. Prezident İlham Əliyev Azərbaycanın artıq üçüncü dəfədir ki, Mərkəzi Asiya sammitlərində iştirak etdiyini bildirərək bəyan etdi ki, ölkəmizlə Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik. Dövlət başçısı çıxışında Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa işlərindən danışaraq bu prosesdə Mərkəzi Asiya ölkələrinin göstərdiyi dəstəyi xüsusi vurğuladı. Həmçinin Prezident iqtisadi və nəqliyyat sahələrinə toxunaraq Azərbaycanın Şərq və Qərb, Şimal və Cənub arasında birləşdirici körpü rolunu oynadığını bildirdi. Orta Dəhlizin inkişafı yükdaşıma imkanlarını artırır, infrastruktur müasirləşir, gömrük prosedurları və rəqəmsal sistemlər koordinasiya olunur, bu da region ölkələri üçün əməkdaşlıq imkanlarını genişləndirir. Son illərdə Orta Dəhliz vasitəsilə daşınan yük həcmi əhəmiyyətli dərəcədə artıb, gediş vaxtları qısaldılıb. Azərbaycanın limanları, dəmir yolu və hava limanları isə ölkəni regional və beynəlxalq nəqliyyat mərkəzinə çevirib, gələcəkdə buraxılış qabiliyyətinin ildə 25 milyon tona çatması planlaşdırılır.

Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması təsadüfi deyil. Çünki Prezident İlham Əliyevin bəyan etdiyi kimi bu həm dostluq, həm də qardaşlıq münasibətlərini möhkəmləndirən platformadır və geniş coğrafiyada əməkdaşlığın, qarşılıqlı fəaliyyətin inkişafına xidmət edir. Bu format Azərbaycan üçün regional inteqrasiya imkanlarını genişləndirir, iqtisadi və nəqliyyat əlaqələrini gücləndirir və ölkənin strateji əhəmiyyətini artırır. Azərbaycanın bu platformaya tamhüquqlu iştirakçı kimi qoşulmasına dair tarixi qərarın qəbul edilməsi ölkəmizə və onun liderinə göstərilən xoş niyyətin bariz nümunəsi kimi yadda qaldı. Prezident Şavkat Mirziyoyevin ifadə etdiyi kimi qardaş Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qismində qoşulmasına dair prinsipial qərar Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpünün qurulmasına və vahid əməkdaşlıq məkanının formalaşmasına geniş imkanlar açacaq. Bu isə şübhəsiz ki, hər iki region arasında strateji qarşılıqlı əlaqələri və dayanıqlılığı daha da möhkəmləndirəcək.

Beləliklə, Prezidentin Özbəkistana səfəri və Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qismində qoşulmasına dair qərar ölkə rəhbərinin qlobal liderlik mövqeyinin təcəssümü kimi yadda qaldı. Bu addım Azərbaycanın təkcə siyasi tərəfdaşlıqda deyil, həm də iqtisadi layihələrin həyata keçirilməsi, ticarət və logistika imkanlarının genişləndirilməsi sahəsində regionda seçilən və təşəbbüskar ölkə olduğunu bir daha nümayiş etdirdi.

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Siyasət