Ümummilli Lider Heydər Əliyev Azərbaycanın siyasi tarixində misilsiz rol oynamış, ölkənin milli maraqlarının qorunması və inkişafı yolunda yorulmaz fəaliyyət göstərmişdir. Onun respublikamıza rəhbərlik etdiyi dövrlər – 1969-1982 və 1993-2003-cü illər – Azərbaycan xalqının tarixi taleyində dönüş nöqtəsi olmuşdur. 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan SSR rəhbəri seçilməsi ilə respublikamızın inkişaf yolu açılmış, ölkənin tənəzzüldən tərəqqiyə doğru dönüşü təmin edilmişdir. Bu dönüşün əsasını Azərbaycan KP MK-nın 1969-cu il 5 avqust tarixli plenumunda qəbul olunan proqram sənədi qoymuşdur. Həmin sənəd ölkənin iqtisadi, mədəni və sosial sahələrində strateji hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik olmuşdur.
Heydər Əliyev hakimiyyətə gəldikdə Azərbaycanın qarşısında həll olunmamış bir sıra problemlər dururdu. Mədəni irsin qorunması, milli-mənəvi dəyərlərin inkişaf etdirilməsi, ana dilinin dövlət dili statusunun təmin olunması, Qarabağ və digər tarixi bölgələrdə sosial-iqtisadi inkişafın təşkili kimi məsələlər xüsusi önəm daşıyırdı. Ümummilli Lider, Dövlət Təhlükəsizlik Komitəsində (DTK) müxtəlif vəzifələrdə çalışdığı illərdə Azərbaycanın milli maraqlarını dərindən öyrənmiş, gənc kadrların işə qəbulu zamanı onların milli-mədəni biliklərini diqqətlə qiymətləndirmişdir. Bu, onun Azərbaycanın dövlətçilik maraqlarını hər zaman prioritet tutduğunu göstərirdi.
Heydər Əliyev erməni millətçilərinin əsassız ərazi iddialarına qarşı sərt mübarizə aparmışdır. 1960-70-ci illərdə Ermənistan SSR-də Azərbaycanın tarixi ərazilərinə dair anti-Azərbaycan təbliğat genişlənmiş, qondarma “erməni soyqırımı”nın ildönümü və digər mifoloji tədbirlər təşkil olunmuşdur. Heydər Əliyevin DTK sədri olduğu dövrdə bu təxribatların qarşısı alınmış, cinayətkarlar məsuliyyətə cəlb edilmişdir. Xankəndi və Qarabağda yayılan düşmənçilik vərəqələrinin tədqiqi və dağıdılması Heydər Əliyevin birbaşa nəzarəti altında həyata keçirilmişdir.
1969-cu ildən başlayaraq Heydər Əliyev Ermənistan SSR-in Azərbaycanla sərhəd əraziləri üzərində iddialarını da qarşısını almışdır. SSRİ rəhbərliyinə qarşı prinsipial mövqeyi ilə Azərbaycan xalqının milli maraqlarını qoruyan Ümummilli Lider, erməni millətçilərinin təxribatçı addımlarına imkan verməmişdir. Nəticədə, Qarabağ və digər bölgələrdə Azərbaycan xalqının hüquqları qorunmuşdur.
Heydər Əliyevin mədəni irs və tarixi abidələrə göstərdiyi diqqət də onun xidmətlərinin mühüm hissəsini təşkil edir. Şuşa şəhərinin bərpası, M.P.Vaqifin məqbərəsinin tikilməsi, Xurşidbanu Natəvanın abidəsinin açılışı və digər mədəni tədbirlər Ulu Öndərin milli-mədəni dəyərlərə verdiyi əhəmiyyəti nümayiş etdirir. Onun göstərişi ilə Şuşada ali təhsil müəssisələri yaradılmış, Pedaqoji İnstitutun Azərbaycan bölməsi fəaliyyətə başlamışdır. Bu addımlar Qarabağda milli ruhun yüksəlməsinə və elmi-mədəni mühitin formalaşmasına şərait yaratmışdır.
1993-cü ilin ikinci yarısından Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanın beynəlxalq aləmdə mövqeyi güclənmişdir. Ümummilli Lider Ermənistanın ərazi iddialarını beynəlxalq miqyasda ifşa etmiş, Azərbaycanın ərazi bütövlüyünün bərpası və regionda sülhün təmin olunması istiqamətində qətiyyətli addımlar atmışdır. Onun təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, azərbaycanlıların Ermənistan SSR-dəki deportasiyasına dair fərmanlar imzalanmışdır. Bu sənədlər həm tarixi ədalətin bərpası, həm də milli yaddaşın qorunması baxımından əhəmiyyət kəsb edir.
Heydər Əliyevin siyasəti onun ardıcıl və prinsipial xarici siyasət strategiyası ilə tamamlanırdı. O, Azərbaycanın milli maraqlarını qoruyarkən diplomatiyada qətiyyət göstərmiş, Sov.İKP MK Siyasi bürosu və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışdığı illərdə Azərbaycan əleyhinə qərarların qəbul olunmasına imkan verməmişdir.
Azərbaycanın müstəqillik dövründə Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, nəticədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində üçrəngli bayrağımız dalğalanmış, tarixi ədalət bərpa olunmuşdur. İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusunun uğurlu əməliyyatları Heydər Əliyevin qoyduğu dövlətçilik strategiyasının nəticəsi olaraq Azərbaycan tarixinə şanlı səhifələr yazmışdır.
Beləliklə, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın milli maraqlarını qoruyan, mədəni və tarixi irsin inkişafına yönəlmiş, xalqın rifahını hər zaman prioritet tutmuş dahi şəxsiyyət kimi daim xatırlanacaqdır. Onun rəhbərliyi altında formalaşan dövlətçilik strategiyası və prinsipial siyasət bu gün də ölkəmizin güclü və müstəqil mövqeyinin təməlini təşkil edir.
Emin Rəhimov,
Yeni Azərbaycan Partiyasının M.Füzuli küçəsi,
69 üzrə (FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) partiya təşkilatının sədri
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi "Azərdövlətlayihə"
Dövlət Baş Layihə İnstitutunun direktor müavini

