Azərbaycan Respublikasının Ǫeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsinə əsasən Bakı İncəsənət Mərkəzi Eksperimental Yaradıcılıq İctimai Birliyi tərəfindən “İrəvan Ǫala Şəhərinin etnoqrafik xəritəsi” və eyniadlı saytı hazırlanıb.
Layihə çərçivəsində İrəvan qala-şəhərinin çoxəsrlik etnik mənzərəsini əks etdirən vizual materiallar, qala daxilində mövcud olmuş dini və ictimai obyektlər haqqında məlumatlar toplanmışdır. İlk dəfə hazırlanmış bu xəritə elmi-etnoqrafik yanaşma əsasında, vizual və yazılı arxiv mənbələrinin qarşılaşdırılması yolu ilə tərtib edilmişdir. Xəritənin hazırlanması üçün toplanmış materiallar İrəvan qalasının 1509-cu ildə əsasının qoyulmasından başlayaraq, 1827-ci ildə qala-şəhərin Rusiya imperiyası tərəfindən işğalınadək olan dövrü əhatə edir.
Layihənin məqsədi İrəvan qala-şəhərinin etnik mənzərəsini və memarlıq infrastrukturunu elmi mənbələr əsasında vizual şəkildə bərpa etməkdən ibarətdir. Bu məqsədlə qala daxilində müxtəlif dövrlərdə mövcud olmuş memarlıq obyektləri haqqında maksimum məlumat toplanmışdır.
Toponimlərin dəqiqləşdirilməsi ilə yanaşı, ayrı-ayrı memarlıq nümunələrinin adları vizual görüntülərlə uyğunlaşdırılmış, onların geolokasiya koordinatları müəyyən edilərək xəritə üzərində sistemləşdirilmişdir.
Tədqiqat zamanı I Şah İsmayılın fərmanları, Səfəvi–Osmanlı müharibələri ilə bağlı mənbələr, Şərq, Avropa və Rusiya səyyahlarının qeydləri və abidələrin təsvirləri, həmçinin XVII–XIX əsrlərə aid qravür şəhər panoramları, eləcə də topoqrafik xəritələr geniş şəkildə təhlil edilmişdir.
Hazırlanmış yeni xəritə İrəvanın tarixi-etnik irsinin vizual və obyektiv şəkildə bərpasına imkan yaradır. Layihənin nəticələri elmi tədqiqatlar və geniş ictimaiyyətin maarifləndirməsi məqsədi ilə istifadə oluna biləcək orijinal mənbə funksiyasını daşıyır.
Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədli XQ-yə mövzu barədə daha ətraflı danışaraq bildirdi ki, layihə “təxminən” 6 ay müddətində reallaşıb:
- Bu layihə Bakı İncəsənət Mərkəzinə məxsusdur. Ötən il biz Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə bu mövzu ilə bağlı müraciət etdik. Onlara da təşəkkür edirik ki, bizə dəstək oldular. Bu layihənin digərlərindən fərqi İrəvan Qala Şəhərinin görüntüsünü vizual olaraq insanlara təqdim etməyimizdir. Biz burada çalışmışıq ki, İrəvan Qala Şəhərində mövcud olan məscidlərin adlarını, sayını, ara məhəllələri, orda olan karvansaraylar, bazar və başqa mədəni, dini məkanların siyahısını əldə edək, yerləşdikləri coğrafi məkanları dəqiqləşdirək. Bu işdə orta əsrlərdə avropa, rus səyyahları və rəssamlarının çəkdikləri qrafik və xəritələr, tarixçilərin yazdığı yazılı mənbələr bizim köməyimizə çatdı. Araşdırmalar da onu göstərir ki, bu şəhərin əhalisinin böyük hissəsi Azərbaycan türklərindən ibarətdir. Ümid edirik ki, bu layihənin İrəvan və Qərbi Azərbaycanın mədəni irsinin öyrənilməsində böyük rolu olacaq. Bunun vasitəsilə biz mədəniyyətimizə, tariximizə böyük töhfə vermiş olacağıq.
Fidan Salmanova
XQ





