Türk dünyası Ümummilli Lideri hörmətlə anır

post-img

"Bu gün müasir Azərbaycan dövlətinin banisi, böyük dövlət xadimi Heydər Əliyevi vəfatının ildönümündə dərin ehtiramla yad edirik. O, yalnız bir lider deyil, Azərbaycanın taleyini yenidən formalaşdıran, millətinə yol göstərən tarixi bir dahidir".

Bunu jurnalistlərə açıqlamasında Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlçuk Karakılıç deyib.

"Heydər Əliyev Azərbaycanın ən həssas dövrlərində krizi idarə etmə bacarığı, uzaqgörənliyi və diplomatik dühası ilə yeni bir mərhələnin əsasını qoyan lider idi. Səmimi şəxsiyyəti, xalqla qurduğu yaxın ünsiyyət və insani yanaşması onu sadəcə hörmət edilən deyil, həm də sevilən dövlət xadiminə çevirmişdi.

1990-cı illərin əvvəllərində işğal, xaos və daxili çətinliklərlə üz-üzə qalmış Azərbaycanı toparlayıb müasir bir dövlətə çevirmək yalnız strateji zəkaya sahib bir liderin görə biləcəyi iş idi. Dövlət institutlarının yenidən qurulması, xarici siyasətin balanslı bir vizyona oturması və Azərbaycanın beynəlxalq arenada nüfuz qazanması birbaşa Heydər Əliyevin qətiyyətli iradəsinin nəticəsidir. Bu gün Azərbaycanın güclü regional aktor kimi tanınmasının təməlində də məhz bu möhkəm siyasi miras durur.

Heydər Əliyev yalnız bir siyasətçi deyildi, xalqını tanıyan, dəyər verən, dövlət ciddiyyəti ilə insani səmimiyyəti bir araya gətirən nadir liderlərdən idi. Azərbaycan xalqının ona “Baba” deməsi də bunun təbii ifadəsidir. Türkiyənin görkəmli dövlət adamı, sabiq prezidenti Süleyman Dəmirəllə olan dostluğu və tale yaxınlığı isə iki ölkənin ortaq yaddaşında xüsusi yer tutur. Heydər Əliyevin "Bir millət iki dövlət" deyimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin timsalında iki ölkə arasında dostluğu,  qardaşlığı daha da möhkəmləndirdi.

Bu gün Azərbaycanın siyasi sabitliyi, iqtisadi uğurları və beynəlxalq nüfuzu varsa, bunun əsasında Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. O, təkcə öz dövrünü deyil, gələcək nəsillərin yaşayacağı Azərbaycanı düşünərək addım atan bir lider idi. Qısası, Heydər Əliyev  Azərbaycanın özüdür. Vəfatının ildönümündə Heydər Əliyevi bir daha ehtiram və minnətlə anırıq", - deyə S.Karakılıç əlavə edib.

Kəmalə ABDİNOVA
XQ

Siyasət