“Adevarul” nəşri: Yeni geosiyasi xətt və Asiya–Yaxın Şərq oxunda dəyişən balans

post-img

Rumıniyanın nüfuzlu “Adevarul” nəşrində dərc olunan geniş analitik materialda Yaxın Şərq və Cənubi Asiya arasında formalaşmaqda olan yeni geosiyasi konfiqurasiya təhlil edilib.

AZƏRTAC xəbər verir ki, məqalə Çinin Xarici İşlər Nazirliyinin himayəsi altında nəşr olunan və ölkənin ən qədim, ən təsirli xarici siyasət jurnallarından biri sayılan “Shijie zhishi” dərgisinin 23-cü sayında dərc edilmiş analitik yazıya əsaslanır. “Adevarul” bu materialı Çin ekspert baxışının Avropa oxucusu üçün təqdimatı və genişləndirilmiş şərhi kimi təqdim edir.

Məqalədə vurğulanır ki, Pakistan–Səudiyyə Ərəbistanı arasında dərinləşən strateji əməkdaşlıq artıq təkcə ikitərəfli münasibətlər kontekstində deyil, daha geniş Asiya geosiyasətinin əsas elementlərindən biri kimi çıxış edir. Bu əməkdaşlıq təhlükəsizlik, enerji, maliyyə və hərbi-texniki sahələri əhatə etməklə yanaşı, regionda yeni güc balansının formalaşmasına xidmət edir. Çin analitiklərinin fikrincə, bu xətt ABŞ-ın ənənəvi təsir mexanizmlərindən qismən kənarda qurulan alternativ təhlükəsizlik və əməkdaşlıq arxitekturasının tərkib hissəsidir.

“Adevarul” yazır ki, Çin bu prosesdə səssiz, lakin sistemli oyunçu kimi çıxış edir. Pekin Pakistan vasitəsilə Cənubi Asiyada, Səudiyyə Ərəbistanı vasitəsilə isə Yaxın Şərqdə öz iqtisadi və siyasi təsirini artırır. Xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində enerji marşrutları, liman infrastrukturu və logistika xətləri bu üçtərəfli yaxınlaşmanın maddi bazasını təşkil edir. Çin mənbələrinə istinadən bildirilir ki, bu əməkdaşlıq Qərb mərkəzli qlobal sistemə alternativ regional dayaqlar yaratmaq məqsədi daşıyır.

Məqalədə Türkiyənin və Azərbaycanın rolu ayrıca vurğulanır. “Adevarul” qeyd edir ki, Ankara son illər Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya arasında körpü rolunu gücləndirərək Pakistan və Səudiyyə Ərəbistanı ilə paralel xətt üzrə əməkdaşlığını genişləndirir. Türkiyənin hərbi-sənaye, təhlükəsizlik və diplomatik fəallığı bu yeni geosiyasi oxun funksional tamamlayıcısı kimi təqdim olunur.

Azərbaycan isə bu kontekstdə enerji təhlükəsizliyi və nəqliyyat-logistika baxımından mühüm regional oyunçu kimi dəyərləndirilir. “Adevarul” yazır ki, Bakı həm Türkiyə ilə strateji müttəfiqlik, həm də Çinlə iqtisadi əməkdaşlıq vasitəsilə Avrasiya miqyasında formalaşan yeni marşrutların ayrılmaz hissəsinə çevrilib. Xüsusilə Orta Dəhliz layihəsi Azərbaycanın rolunu Asiya–Avropa əlaqələrində daha da artırır və Pekinin uzunmüddətli planları ilə üst-üstə düşür.

Çin mənbəyinə əsaslanan təhlildə vurğulanır ki, bu proseslər təkqütblü dünya modelindən uzaqlaşmanın real əlamətləridir. Pakistan–Səudiyyə Ərəbistanı xətti, Türkiyənin aktiv regional siyasəti və Azərbaycanın artan strateji çəkisi fonunda Asiya mərkəzli yeni əməkdaşlıq formatları meydana çıxır. Bu formatlar həm təhlükəsizlik, həm də iqtisadi baxımdan Qərb strukturlarından asılılığı azaltmağa yönəlib.

Nəticə etibarilə, “Adevarul” nəşrinin təqdim etdiyi bu analitik materialda Çin ekspertlərinin baxışı əsasında Yaxın Şərq, Cənubi Asiya və Avrasiya arasında yeni güc xəritəsinin konturları cızılır. Azərbaycanın və Türkiyənin bu prosesdəki mövqeyi isə regional deyil, daha geniş geosiyasi çərçivədə qiymətləndirilir və onların formalaşmaqda olan çoxqütblü dünya düzənində mühüm rol oynadığı xüsusi qeyd olunur.

Siyasət