Yaxud Bakı-Vaşinqton təmasları, regional sülh gündəmi və qarşılıqlı fayda
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaz ölkələrinə - Azərbaycana və Ermənistana fevralın 9-11-i aralığında planlaşdırılan səfəri regionun siyasi həyatında son dərəcə böyük hadisədir. Fikrimizi əsaslandıran bir neçə məqam var. Şərti olaraq iki hissəyə ayırdığımız bu yazıda həmin məqamlardan söz açacaq, eyni zamanda, Birləşmiş Ştatların ali təmsilçisinin Azərbaycana gəlişi ilə bağlı bəzi nüansları diqqətə çatdıracağıq.
Əlbəttə, cənab Vensin regiona səfərinə, ilk növbədə, ABŞ-ın öz maraqları prizmasından yanaşmaq lazımdır. Ölkənin vitse-prezidenti xarakter olaraq bu maraqların son dərəcə fəal təbliğatçısı, kifayət qədər rasional və praqmatik kursun tərəfdarıdır. Şübhəsiz, belə bir fiqurun Azərbaycana və Ermənistana gəlişi Vaşinqtonun regional sülh təşəbbüslərini dəstəkləməsi baxımından ciddi məsələdir. Deməli, Birləşmiş Ştatlar siyasətdə ardıcıllıq prinsipini nümayiş etdirir.
İkincisi, ABŞ-ın Cənubi Qafqazla bağlı sülh gündəliyi aydındır. Yəni Vens bölgəyə, əslində, aydın olan kurs naminə gəlsə də, onun səfəri yaşadığımız coğrafiyanın Birləşmiş Ştatlar üçün əlahiddəliyinin təsdiqidir. Nəzərə alaq ki, indiyədək sırf praktik anlamda belə bir hal yaşanmayıb. Deməli, bu baxımdan da səfərin əlamətdar səciyyə daşıdığı vurğulanmalıdır.
Üçüncü məqam. Cənab Vensin Cənubi Qafqaz ölkələrinə səfəri, bilavasitə, Azərbaycan və Ermənistan arasında sülh prosesini irəli aparmaq məqsədi daşıyır. Bir qədər konkretləşdirərək bildirək ki, Vensin səfəri ötən il avqustun 8-də Bakı və İrəvan arasında Vaşinqtonda Prezident Trampın şahidliyi ilə əldə olunmuş razılaşmaya dəstəyin davamıdır.
Haşiyə çıxaq ki, cənab Tramp dünyanın bir sıra münaqişəli zonalarında qan tökülməsinin qarşısını almağa müvəffəq olub. Hərçənd, iddia etmək olmaz ki, həmin zonalarda sülh sabit təbiətə malikdir. Yəni bunu demək hələlik tezdir. Cənubi Qafqaza gəldikdə isə müsbət mənada fərqli durum var və bu durumun Azərbaycan və Ermənistan liderləri arasında Birgə Bəyannamə məntiqi mövcuddur. Yəni regionda sülh mücərrədlikdən uzaqdır, obrazlı desək, üfüqdən boylanmır və məxsusi parametrlərə malikdir. Amma əldə olunmuş nailiyyətlərin qorunması vacibdir. Deməli, Vensin regiona səfəri ABŞ-ın barış mühitinin sabitliyini təmin etmək qətiyyətinin təcəssümü qismində də qiymətləndirilməlidir.
Dördüncü məqam. Bəli, Cənubi Qafqazda sülhün konkret parametrləri var və həmin parametrlər haqqında söz açdığımız Birgə Bəyannamədə əksini tapır. Buna görə də ABŞ vitse-prezidentinin səfəri zamanı regional sabitlik, iqtisadi əməkdaşlıq və ən əsası, bütün bunların rəhni sayılan “TRIPP marşrutu”nun müzakirə olunacağı birməmalıdır. O marşrut ki, Birgə Bəyannamənin 4-cü bəndi bilavasitə ona həsr olunub. Sənəddə bildirilir: “Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik”.
Yeri gəlmişkən, sözügedən sənədin 3-cü bəndində, əslində, “Tramp marşrutu”nu, bir növ, ehkamlaşdıran məqam yer alır: “Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir”.
Deməli, qarşıya qoyulmuş vəzifələrin icrası mütləqdir və buna görə ABŞ-ın Cənubi Qafqazda diplomatik fəallıq göstərməsi günün tələbidir. Ekspertlər də hesab edirlər ki, Vensin səfəri Vaşinqtonun bu fəallığı gücləndirməklə, bölgəni daha çox diqqətdə saxlamaq, enerji və iqtisadi əməkdaşlıq məsələlərində öz təsirini artırmaq niyyətindən qaynaqlanır.
Beşinci məqam. Vensin səfərinə, həmçinin, ABŞ-ın Cənubi Qafqazda Rusiya, Türkiyə və İran kimi region gücləri ilə, müəyyən mənada, balanslaşdırılmış siyasət yürütmə cəhdinin bir hissəsi kimi də yanaşılır. Amma aydındır ki, mövcud trayektoriyada kortəbiilik yolverilməzdir. Çünki Cənubi Qafqaz kifayət qədər həssas nöqtədir və bu platformada hansısa diktə cəhdləri sülh mühitinə xələl gətirə bilər. Hesab edirik ki, Vaşinqton administrasiyası durumun fərqindədir. Həm də ona görə ki, Azərbaycan tərəfindən ciddi şəkildə dəstəklənən “region region ölkələri üçündür” şüarı var.
Bəli, rəsmi Bakının bu şüar xüsusundakı prinsipial baxışına inamın və etimadın nəticəsidir ki, regional güclər “Tramp marşrutu” layihəsini hegemonluğun deyil, sülhün simgəsi olaraq təsəvvürə gətirirlər. Yəni Bakı mövcud düzəndə, xeyli dərəcədə, tənzimləyici rol oynamaqdadır. Bu rolun, eyni zamanda, Azərbaycan-ABŞ münasibətləri kimi bərabərtərəfliliyə əsaslanmış bazası var. İndi yazımızın ikinci bölümünə keçid alaq.
* * *
Nəzərə alaq ki, cənab Vensin ölkəmizə səfəri müstəqillik illərində ABŞ-dan Azərbaycana edilən ən yüksək səviyyəli səfərlərdən biri kimi tarixə düşəcək. Yəni indiyədək Birləşmiş Ştatların heç bir vitse-prezidenti ölkəmizdə olmayıb. Mahiyyətə gəlincə isə rəsmi Bakı Vensin respublikamıza gəlişini müsbət qarşılayır. Ölkəmiz bu qənaətdədir ki, onun səfəri Vaşinqtonun regional sülh prosesinə yeni impulsu olacaq. Bu yerdə bir məqamı da xüsusi vurğulayaq: Azərbaycan–ABŞ əməkdaşlığının müştərək sülh prioriteti Cənubi Qafqazın sərhədlərini aşan hadisədir və bu barədə sonda söz açacağıq.
Hələlik onu deyək ki, Azərbaycanın ABŞ-la münasibətlərinin məxsusi gündəliyi də var. Məlum olduğu kimi, ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu imzalandı. Sənəd təkcə texniki mexanizm deyil, habelə Bakı–Vaşinqton əlaqələrində yeni mərhələnin konturlarının göstəricisidir.
Strateji İşçi Qrupu tərəflərin münasibətləri epizodik dialoqdan çıxarıb, davamlı, strukturlaşdırılmış əməkdaşlıq müstəvisinə keçirmək niyyət və əzmlərinin nəticəsidir. Yəni belə bir mexanizm ölkələr arasında siyasi dialoqun müntəzəmliyini, uzunmüddətli strateji planlaşdırmanı təmin edir. Bu isə öz növbəsində qərarların koordinasiyalı şəkildə hazırlanmasını və qəbulunu rəhbər tutur. Hesab edirik ki, cənab Vensin ölkəmizə səfəri müştərək məsləhətləşmələr platformasının daha da güclənməsinə təkan verəcək.
Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində ötən il atılmış addım özlüyündə ABŞ-ın Azərbaycanın geostrateji rolunu tanımasıdır. Belə nəticəyə gəlmək mümkündür ki, ölkəmiz Birləşmiş Ştatlar üçün Cənubi Qafqazda stabilləşdirici aktordur və onun Avropa ilə Asiya arasında enerji və nəqliyyat qovşağı missiyası qəbul edilir. Deməli, eyni zamanda, Azərbaycanın regional təhlükəsizlikdə mühüm tərəfdaş obrazının konturları da Vaşinqton üçün prioritetdir. Şübhəsiz, ilk növbədə, Strateji İşçi Qrupunun özünün fəaliyyətə başlaması vacibdir. Eləcə də onun gündəliyində dayanan məsələlərin təsdiqlənməsi. Vensin səfəri bu istiqamətdə də irəliləyişlərə nail olunması üçün nikbinlik yaradır.
Onu da bildirək ki, Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasına dair ötən il Vaşinqtonda əldə edilmiş razılaşma Bakının regional məsələlərdə etibarlı tərəfdaş missiyasını gücləndirməklə yanaşı, Azərbaycanın xarici siyasətdə manevr imkanlarını artırır, ölkəmizin balans siyasətini gücləndirir, həmçinin, müxtəlif güc mərkəzləri ilə paralel və çevik əməkdaşlıq imkanlarını genişləndirir.
* * *
Sonda bir məqamı da vurğulayaq. Cənab Vensin Azərbaycana səfəri xüsusunda Bakı–Vaşinqton əlaqələrinin müasir xarakterindən söz açırıqsa, əlbəttə, Prezident Trampın şəxsi rolunu vurğulamalıyıq. Məlum olduğu kimi, Prezident İlham Əliyevlə Prezident Tramp arasında pozitiv münasibətlər mövcuddur və bu, Bakı–Vaşinqton münasibətlərinin hazırkı dinamikasını vurğulayan ən mühüm cəhətdir. Dövlət başçılarının istər ötən il avqustun 8-də Ağ Evdəki səmimi söhbətləri, istər Prezident İlham Əliyevin sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak üçün Nyu-Yorka səfəri gedişindəki təmasları, istərsə də oktyabrda Misirdə Yaxın Şərq Sülh Sammiti və bu ilin yanvarında Davos Ümumdünya İqtisadi Forumu çərçivəsindəki dialoqları bu baxımdan xüsusi vurğulanmalıdır. Əlbəttə, bu sıraya prezidentlərin telefon zəngləri və məktublaşmalarında ifadəsini tapmış səmimi ton da əlavə olunmalıdır. O ton ki, məğzində, eyni zamanda, haqqında söz açacağımızı bildirdiyimiz və sərhədləri Cənubi Qafqaz arealını aşan sülh dayanır. Söhbət bəşəri sülhdən və ona töhfədən gedir. Bəli, Azərbaycan Prezident Trampın Yaxın Şərq üzrə Sülh Şurası təşəbbüsünün fəal dəstəkçisi, qurumun təsisçi üzvü və şuranın Nizamnaməsinə tərəf ölkədir. Məlumdur ki, bununla əlaqadar Trampın dövlətimizin başçısına ünvanladığı dəvət məktubu və Azərbaycan liderinin həmin məktuba cavabı var. Hər iki məktub Bakı–Vaşinqton əməkdaşlığının bazasında dayanan başlıca amilin də məhz sülh olduğunu təsdiqləyir. Nəzərə alaq ki, Sülh Şurasına dəvət məktubunda “bizim səylərimiz nümunə göstərməyə hazır olan, yeni nəsillər üçün təhlükəsiz və çiçəklənən gələcəyə parlaq şəkildə sərmayə yatıranlara nəsib olan bir şərəfi - daimi sülhün qurulması kimi nəcib məsuliyyəti çiyinlərinə götürmək istəyən seçilmiş ölkələr qrupunu bir araya gətirəcəkdir. Yaxın gələcəkdə əksəriyyəti yüksək hörmətə sahib dünya liderləri olan möhtəşəm və etibarlı tərəfdaşlarımızı bir araya gətirəcəyik” kimi fikirlərlə xoş ovqat yaradan Prezident Trampa Prezident İlham Əliyevin cavabı belə olmuşdu: “Bu dəvəti Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul edirəm”.
Göründüyü kimi, ABŞ-ın vitse-prezidenti cənab Vensin ölkəmizə səfəri Azərbaycan–Birləşmiş Ştatlar ikitərəfli münasibətlərinin zəngin gündəliyinin olduğu zaman kəsiyinə təsadüf edir. Bu zənginlik isə özlüyündə gələcək üçün mühüm bazadır. Əminik ki, cənab Vensin səyləri ilə Vaşinqton–Bakı əməkdaşlığı daha rəvan müstəviyə çıxacaq.
XQ-nin analitik qrupu

