Vətən axtarışı, mifik tapıntılar və Nikol Paşinyan obrazı

post-img

Baş nazir parlament seçkiləri ərəfəsində xalqına nəyin xəbərdarlığını edir?

Görəsən, Ermənistanın Baş naziri Nikol Paşinyan erməni xalqı və toplumunun düz yola qayıtması naminə başqa nə etməlidir? Nəzərə alaq ki, Nikol son 200 ildə buna cəhd göstərən ilk erməni lider statusuna artıq yiyələnib və mövcud anlamda onu bütövlükdə region üçün tapıntı saymaq mümkündür. Ancaq məsələ bununla bitmir. Erməni elektoratı da adekvat düşünməli və seçim etməlidir. Seçim isə uzaqda deyil, ona sayılı günlər qalır.

Bəli, Ermənistanda parlament seçkilərinə az müddət qaldığı bir dönəmdə Paşinyan və komandası aktiv seçki kampaniyası aparır. Hərçənd, ona qarşı çıxan qüvvələrin də boş dayanmadıqlarını söyləməliyik. Nikol sülh tərəfdarı kimi çıxış edirsə, müxalif cinah barış şərtlərinin ədalətli olmadığı sərsəmləməsinə baş vurur. Bu revanşist və şovinist cinah, eyni zamanda, Qarabağ avantürasına, ümumən, qonşulara qarşı ərazi iddiası məntiqinə köklənir...

Əlqərəz, Paşinyanın hər gün küçələrdə, prospektlərdə, mağazalarda, restoranlarda və digər ictimai iaşə müəssisələrində seçicilərlə şəxsən görüşməsi, onlara Ermənistanın xəritəsini və təmsil etdiyi “Mülki müqavilə” partiyasının seçki bukletlərini paylaması diqqətdən yayınmır. Yəni Baş nazir seçicilərlə təmas zamanı bildirdiklərini, faktiki olaraq, bu hərəkəti ilə də deyir. Amma onun Spitakda elektorat önündəki çıxışı əvvəlkilərdən daha təsirlidir. Çünki Nikol, obrazlı olsa da, son dərəcə konkret danışır. Məsələn, Paşinyan bildirib ki, erməni xalqı durğunluq psixologiyasından əl çəkməli və Ermənistan Respublikasını vətən və sığınacaq kimi qəbul etməlidir: “Nəhayət, vətən axtarışı prosesinin başa çatdığını bəyan etməliyik. Biz öz vətənimizi tapmışıq. Bu, Ermənistan Respublikasıdır”.

Həqiqətən, N.Paşinyan hər şeyi çox aydın şəkildə izah edir və onun fikri bir neçə siyasi və ideoloji məqamdan qaynaqlanır. Nəzərə alaq ki, Nikol “Tarixi Ermənistan” ideyasından “real Ermənistan” anlayışına keçidin vacibliyini önə çəkir. Yəni hay cəmiyyəti romantik təsəvvürlərlə deyil, mövcud beynəlxalq sərhədlər daxilində dövlət quruculuğu ilə məşğul olmalıdır. Deməli, keçmiş imperiya və ya “böyük Ermənistan” ideologiyası, ərazi iddiaları, diaspor mərkəzli mənasız şovinist romantizm yerinə, konkret sərhədləri olan Ermənistan Respublikasının maraqları əsas götürülməlidir. Başqa sözlə desək, ermənilər mifik vətəndən mövcud dövlətə keçməlidirlər.

N.Paşinyan Spitakda onu da bildirib ki, əgər Qarabağ və digər yerlərdə yaşamaq ideyası insanların şüuraltında qalmaqda davam etsə, Ermənistan vətən kimi deyil, müvəqqəti dayanacaq kimi qəbul ediləcək: “Əgər şüuraltımızda daim Vana, Muşa, Qarabağa və ya Naxçıvana getmək məcburiyyətində qalırıqsa, ölkəmizə müvəqqəti dayanacaq yeri kimi yanaşmağa başlayırıq”.

Bəli, erməni Baş nazirin düşüncələri İkinci Qarabağ müharibəsindən sonrakı reallıqdan qaynaqlanır. Məlum olduğu kimi, 2020-ci ildən sonra Ermənistan cəmiyyətində ciddi psixoloji və siyasi transformasiya başlamışdı. Hərçənd, Nikolun və komandasının da düz yola gəlməsinin elə asan olmadığını vurğulamalıyıq. Bu mənada Paşinyanın vaxtilə nə üçün “Qarabağ Ermənistandır, nöqtə” bəyanatını verməsi ilə onun indi dedikləri arasında hansısa əlaqə tapmaq mümkünsüzdür. Görünür, bu cəhət erməni toplumunun xarakterindən, yaxud xaraktersizliyindən qaynaqlanır.

Səsləndirdiyi fikrin müxtəlif arqumentlərlə izahını verən N.Paşinyan ermənilərin ərazi iddiasını yol kənarında dayanacaqda olmaq hissi ilə müqayisə edib. “İnsan bu halda tam dincələ və ya özünü təhlükəsiz hiss edə bilmir. Bugünkü siyasi prosesin əsas məqsədi Ermənistan Respublikasının dayanacaq yeri kimi qəbul edilməsini dəyişdirməkdir. Biz çatmışıq”, – deyən hökumət rəhbəri Qarabağ ermənilərinin də mənzil başına çatdıqlarını vurğulayıb. O deyib ki, bu kateqoriyadan olan haylar da durğunluq hislərini dəyişməli və Ermənistanda məskunlaşmalıdırlar: “İndi onlar bura gəliblər, biz istəyirik ki, bu insanlar da bizim kimi məskunlaşsınlar, dayanacaq hissini təyinat yeri hissi ilə əvəzləsinlər”.

Bəli, Paşinyan fikirləri ilə ermənilərin siyasi vətəninin artıq abstrakt tarixi məkan deyil, konkret Ermənistan dövləti olduğunun mesajını verir. Deməli, Ermənistan özünü yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində təqdim edirsə, bu, qonşularla münasibətlərin normallaşdırılması, kommunikasiyaların açılması və iqtisadi inteqrasiyadır.

Nikolun dedikləri, həmçinin, daxili siyasi mübarizədə özünün əleyhdarları ilə ciddi ideoloji ziddiyyət anlamı daşıyır. Nəzərə alaq ki, Ermənistanda haqqında söz açdığımız revanşist və şovinist kəsim mövcudluğunu qoruyur və bu düşərgə 7 iyun parlament seçkilərində hakimiyyətə gəlməyi hədəfləyir.

Sonda ümumiləşdirmə apararaq, Baş nazir Paşinyanın obrazlı ifadələrinə tarixi-siyasi kontekstdən yanaşaq. Axı əvvəldə də vurğuladıq ki, Nikol son 200 ilin ən optimal hay tapıntısıdır. İndiyədək ermənilərdə belə birinə, daha doğrusu, onun kimisinin özünə siyasi komanda formalaşdırmasına, tərəfdarlar toplamasına rast gəlinməyib. Müvafiq olaraq, Ermənistanın müstəqil dövlət kimi mövcudluğu da qeydə alınmayıb. Çünki daim başqalarının torpaqlarında vətən axtarışı aparan haylar, bir növ, tayfa təfəkkürünün daşıyıcısı kimi çıxış ediblər. Bu təfəkkür isə xarici qüvvələrin onları alətə çevirmələri üçün münbit şərait yaradıb.

Ancaq əlahəzrət tarixdə avantürizmin əsirinə çevrilmiş erməni toplumunun mənfur əməllərinə görə cəzalandırılmasına rast gəlinməkdədir. Hər cür təxribat, terror, qətl həyata keçir və düşün ki, cavabı olmayacaq, bu, qətiyyən mümkünsüzdür. Hay toplumu, ümumən, dünya erməniliyi sonuncu dəfə 2020 və 2023-cü illərdə cəzalandırıldı. Özü də tarixdə görmədiyi şəkildə. Elə bir formada ki, hələ də təsirindən çıxa bilmir. Paşinyan isə fikirləri ilə cəzanın ərazi iddiasından qaynaqlandığı məntiqini təlqin edir. Əslində, onun dedikləri erməniləri qəflət yuxusundan ayıltmağa çağırışdır. Çağırışa adekvat reaksiya olmayacaqsa, bəlalar və müsibitlər hayları tərk etməyəcək. Ən əsası isə Ermənistanın bir dövlət kimi mövcudluğu sual altına düşəcək. Deməli, 7 iyun parlament seçkiləri erməni xalqı və dövlətçiliyi üçün məhz ölümlə qalım arasında seçim anı olacaq.

Ə.RÜSTƏMOV
XQ

Siyasət