WUF13-də universitetlərimiz də təmsil olunur

post-img

Ölkəmizdəki universitetlər də Ümumdünya Şəhərsalma Forumu çərçivəsində öz pavilyonlarında “ağıllı şəhər” modelləri, ekoloji nəqliyyat sistemləri, yaşıl memarlıq, rəqəmsal idarəetmə və iqlim dəyişikliklərinə uyğun layihələr təqdim edirlər.

Nigar Seyidli, Bakı Dövlət Universitetində xarici tələbələrlə iş şöbəsinin müdiri:

– Tələbələrin forum çərçivəsində müxtəlif maarifləndirici layihələrə qoşulması onların həm elmi biliklərinin, həm də praktiki bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Forum gənclərin beynəlxalq təcrübə ilə yaxından tanış olmaq və şəhərsalma sahəsində yeni yanaşmaları öyrənmələri üçün geniş imkanlar yaradır.

Belə tədbirlər gənclərin ekoloji düşüncəsinin formalaşmasına, şəhər mühitinə daha həssas yanaşmasına və innovativ ideyalarla çıxış etməsinə şərait yaradır.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsi bu baxımdan mühüm hadisədir.

Firuzə Əhmədova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin landşaft memarlığı kafedrasının müəllimi:

– WUF13 çərçivəsində universitetimizin pavilyonunda şəhər ekologiyası və davamlı inkişaf mövzularına xüsusi diqqət ayrılır. Pavilyonda həm qonaqlar, həm də tələbələr üçün iqlim dəyişikliyi fonunda şəhər mühitinin qorunmasına dair müxtəlif təqdimat və məruzələr təşkil olunur. Burada şəhər bağlarının urban ekosistemlərdə rolu, endemik bitkilərin süni qorunması, şəhər yaşıllaşdırılmasında geobotaniki yanaşmalar və vətəndaş cəmiyyətinin bu prosesdə iştirakı kimi aktual istiqamətlər ön plana çıxarılır.

Eyni zamanda, urban yaşıllaşdırmada fitosanitar nəzarətin əhəmiyyəti, çirkab suların mikro və makroyosunlar vasitəsilə təmizlənməsi, biomüxtəliflik və ekoloji tarazlığın saxlanılması ilə bağlı innovativ həllər nümayiş etdirilir. İştirakçılar şəhər mühitində yaşıl zonaların artırılması, ekoloji təhlükəsizliyin gücləndirilməsi və müasir landşaft memarlığının gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparırlar.

Pərvin Hacıyeva, Azərbaycan Texniki Universiteti biznesin idarə edilməsi kafedrasının baş müəllimi:

– Forum çərçivəsində universitet nümayəndələri şəhərsalma və urbanizasiya sahəsində həyata keçirdikləri elmi-tədqiqat layihələrini təqdim edirlər. Bizim pavilyonda “Dövlətin mənzil siyasətində şəhərsalma və urbanizasiyanın rolu” adlı elmi-tədqiqat işi nümayiş olunur və layihə ziyarətçilər tərəfindən maraqla qarşılanır.

Layihənin əsas məqsədi müasir şəhərsalma prinsiplərinin dövlətin mənzil siyasətinə təsirini araşdırmaq, urbanizasiya proseslərinin yaşayış mühitinin formalaşmasındakı rolunu təhlil etməkdir. Bununla yanaşı, universitet tələbələrinin də pavilyonda fəal iştirakına xüsusi önəm verilir. Tələbələrin belə beynəlxalq platformalarda təcrübə qazanmaları onların gələcək peşəkar fəaliyyətinə mühüm töhfə verir.

Pavilyonda təqdim olunan digər layihələrdən biri isə “Şəhərdaxili hərəkət (mobillik) planı”dır. Layihə çərçivəsində şəhər daxilində nəqliyyat axınının optimallaşdırılması, ictimai nəqliyyatın əlçatanlığının artırılması və dayanıqlı mobillik həlləri ilə bağlı məlumatlar diqqətə çatdırılır. Bu təşəbbüslər ali təhsil müəssisəsinin şəhərsalma və urban inkişafı sahəsində innovativ yanaşmalarını nümayiş etdirir.

Rauf Məmmədov, Azərbaycan İqtisad Universiteti Beynəlxalq Əməkdaşlıq Departamentinin direktor müavini:

– Universitetimizin pavilyonunda şəhərsalmanın iqtisadi aspektlərinə xüsusi diqqət ayrılır və bu sahənin ölkənin inkişafına təsiri təqdim olunur. Pavilyonda şəhərsalma proseslərinin iqtisadi nəticələri həm müsbət, həm də potensial çətinlikləri təhlil edilərək vizual və elmi materiallarla diqqətə çatdırılır.

Tələbələr müəllim heyəti ilə birgə şəhərsalma sahəsinin ölkəyə qazandırdığı iqtisadi imkanları da nümayiş etdirirlər. Buraya yeni iş yerlərinin yaradılması, investisiya axınının artırılması, infrastrukturun inkişafı və şəhər mühitinin daha səmərəli idarə olunması kimi istiqamətlər daxildir. Eyni zamanda, sürətli urbanizasiya prosesinin yaratdığı çağırışlar və onların idarə olunması ilə bağlı məsələlər də müzakirə olunur.

Pavilyonun digər mühüm istiqamətlərindən biri isə universitetin təqdimatıdır. Xarici iştirakçılara fəaliyyətimiz, elmi potensialımız və şəhərsalma sahəsində həyata keçirdiyimiz innovativ tədqiqatlar barədə məlumat verilir. Bu təqdimatlar universitetin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməyə və qlobal akademik mühitdə daha fəal mövqe tutmasına töhfə verir.

Hazırladı:
L.TƏHMƏZ,
R.İBRAHİMOV (foto)
XQ

Sosial həyat