Ümumdünya Şəhərsalma Forumunun 4-cü günü şəhər inkişafı ilə bağlı ən aktual problemlərin çoxşaxəli müzakirəsi ilə yadda qaldı. Gün ərzində keçirilən panel sessiyalar, dəyirmi masalar, müzakirələr və ekspert görüşlərində qlobal miqyasda getdikcə kəskinləşən mənzil böhranı əsas mövzulardan oldu. Artan urbanizasiya, əhali sıxlığı və tikinti xərclərinin yüksəlməsi fonunda şəhərlərin daha inklüziv və dayanıqlı mənzil modellərinə ehtiyacı olduğu qeyd edildi.
“Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı”
Anaklaudia Rossbax, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru:
– Azərbaycan Somali ilə birlikdə UN-Habitatın mənzil məsələləri üzrə açıq tərkibli işçi qrupu çərçivəsində qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası ilə bağlı müzakirələrə həmsədrlik edir. Bu baxımdan, qeyri-rəsmi yaşayış məntəqələrinin tanınması və bu barədə məlumatların statistika və siyahıyaalma sistemlərinə daxil edilməsi əsas prioritetlər arasındadır.
Ərazilər həm də şəhərlərə gələn insanlar üçün təhsil, səhiyyə, məşğulluq və digər imkanlara çıxış yaradır. Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası üçün mənzil, infrastruktur, sosial xidmətlər və maliyyə sahələrini əhatə edən inteqrə edilmiş həllər tələb olunur. Güclü mənzil siyasəti, icma əsaslı yenilənmə proqramları və qeyri-rəsmi yaşayış məntəqələrinin şəhər sisteminə inteqrasiyası əsas həll yollarıdır.
Bu ərazilərə investisiya qoyulduqda yeni iş yerləri yaranır, yerli iqtisadiyyat canlanır və nəticədə ölkələrin ümumi daxili məhsulu artır.
Mikayıl Cabbarov, Azərbaycan Respublikasının iqtisadiyyat naziri:
– Azərbaycanda muzdlu işçilərin sayının çoxalması və kölgə iqtisadiyyatının azalması nəticəsində əldə olunan gəlirlər 3 dəfədən çox artıb. Əvvəllər bir çox vətəndaş sosial müdafiə sistemindən kənarda qalır, əməkhaqqını nağd şəkildə alırdı. Dövlət isə həmin fəaliyyətlərdən vergi və sosial ödəniş əldə etmirdi.
Aparılan islahatlar nəticəsində insanlar sosial təminat sisteminə inteqrasiya olunur, sosial sığorta ödənişlərindən daxil olan vəsaitlərin bir hissəsi isə sosial müdafiəyə ehtiyacı olan şəxslərin mənzil təminatına yönəldilir. Bu yanaşma nəticəsində cəmiyyətin dəstəyi təmin edilir, dövlət üçün dayanıqlı maliyyə mexanizmi formalaşdırılır.
Hökumətin siyasəti balanslı şəkildə qurulub. Bir tərəfdən vətəndaşların hüquqları və sosial ehtiyacları nəzərə alınır, digər tərəfdən isə hüquqi intizamın gücləndirilməsi və standartlara uyğun məsuliyyətli idarəetmə təmin olunur.
Ölkəmiz 2019–2025-ci illəri əhatə edən xüsusi hədəf proqramı çərçivəsində qeyri-rəsmi məşğulluğun və yaşayış sahələrinin leqallaşdırılması istiqamətində mühüm addımlar atıb.
“Mədəni irsin və inklüziv şəhər regenerasiyasının yenidən düşünülməsi"
Anaklaudia Rossbax, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru:
– İçərişəhər tarixi məkanın gözəlliyi ilə yaxından tanış olmuşam. Ümumiyyətlə, mədəni irsin konservasiyasının yaxşı həyata keçirildiyi şəhərlərdə olmaq, belə müzakirələr aparmaq çox əlverişlidir. Həmin məkanları gəzdikcə mədəni irsi və tarixi qorumağın insanlıq üçün öhdəlik olduğunu başa düşürük.
Gələcəyin şəhərlərində mədəniyyət və mədəni irs prioritet olmalıdır.
Biz bununla bağlı UNESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik.
İsmayıl Serageldin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri:
– Şəhərlər də genişlənməli, böyüməli və ətraf mühitlə davamlı təmasda olmalıdırlar. Məsələn, Buxara şəhərini nümunə göstərə bilərəm. Çünki tarixi-mədəni irs müasir şəhərsalma ilə uyğunlaşır. Ümumiyyətlə, binaların da xarakteri olur və insanlıq bu xarakteri qorumağa borcludur.
Konservasiya işində gələcək şəhərsalma anlayışı da vacibdir.
Konservasiya zamanı turistlər və ölkəyə gələn qonaqlar da düşünülməlidirlər. Eyni zamanda, iqlim, hava şəraiti, coğrafi mövqe və digər amillər də nəzərdə keçirilməlidir.
Adib Benbrahim, Mərakeşin Mənzil üzrə dövlət katibi:
– Müasir şəhərsalmada tarixi məhəllələrin və binaların ruhu qorunub saxlanılmalıdır. Əlbəttə, bəzən tarixi məhəllələrdə işsizliklə bağlı problemlərin də olduğunu görürük. Lakin hər halda, biz mədəni irsin böyük ölçüdə mədəni kimlik və mədəni keçmiş olduğunu unutmamalıyıq.
Mərakeş təcrübəsinə diqqət çəksək, onlar bina və məhəllələrin heç bir halda tarixi keçmişinə və izinə xələl gətirmirlər. Biz bu kontekstdə bəlli planlama ilə hərəkət edirik. Hesab edirəm ki, Mərakeşin turistik ölkə kimi tanınmasında tarixi bina və məhəllələrə həssas yanaşma da vacib rol oynayır.
İnti Munoz, Meksika şəhərinin mənzil təsərrüfatı naziri:
– Meksika dünyanın ən böyük və zəngin tarixi məhəllələrinə sahibdir. Bu məhəllələrin tarixi təbəqələri arasında astek dövrünün şəhər strukturları və ispan müstəmləkə irsi xüsusi yer tutur.
Şəhərlərin yenilənməsi və inkişafı prosesində bu tarixi çoxqatlılıq diqqətlə qorunmalıdır. Meksika şəhərinə gələn ziyarətçilər üçün bu tarixi irs böyük əhəmiyyət daşıyır və şəhərin mədəni kimliyinin əsas hissəsini təşkil edir. Son illərdə Meksika şəhərinə turist axını və ümumi şəhər həyatı intensiv şəkildə artıb.
“Bakı şəhərsalma mükafatı: Mənzil həllərini qlobal təsir üçün genişləndirmə”
Anaklaudia Rossbax, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru:
– BMT-nin Məskunlaşma Proqramının fəaliyyəti və inkişafı üçün bu mükafatlar xüsusi olaraq əhəmiyyətlidir. Burada tərəfdaşlarımızı, o cümlədən Şanxay nümayəndələrini görməkdən çox məmnunuq. Mükafatların təqdim olunması prosesində digər tərəfdaşlarla da sıx əməkdaşlıq qurmuşuq və bu əməkdaşlığın nə qədər vacib olduğunu xüsusi qeyd etmək lazımdır.
Bu mükafatlar vacibdir, çünki onlar bizə yüksək səviyyəli kuratorlar, akademik dairələr, ekspertlər və vətəndaş cəmiyyəti ilə tərəfdaşlıq qurmağa şərait yaradır. Onlar, həmçinin “Yeni şəhərsalma gündəliyi”nin irəli aparılmasına töhfə verəcək uğurlu təcrübələri müəyyənləşdirməkdə, sistemləşdirməkdə bizə kömək olur. Bu təcrübələrin toplanması qlobal şəhər icmasına və ümumilikdə cəmiyyətə praktik şəkildə faydalı ola biləcək ictimai resurs təqdim edir.
İnsanlar siyasət sahəsində hansı tendensiyaların formalaşdığını daha aydın görürlər.
Bundan əlavə, bu mövzuda maraqlı tərəflərin, milli hökumətlərin, vətəndaş cəmiyyətinin, özəl sektorun, icmaların, yerli və regional hökumətlərin qarşılaşdıqları çağırışları və bu problemlərə tapdıqları praktiki həll yollarını və innovativ yanaşmaları daha yaxşı anlamağa imkan verir.
Anar Quliyev, WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri:
– Bakı Şəhərsalma Mükafatını beynəlxalq qonaqları olan milli mükafat kimi deyil, Azərbaycanı ev sahibi edən qlobal mükafat kimi görürük. Onun gələcək dövrləri hər regiona və hər gəlir səviyyəsinə açıq olacaq.
Azərbaycanın Qlobal Şəhər Gündəliyinə sadiqliyi uzunmüddətli və çoxməzmunludur. Biz COP29-a ev sahibliyi etdik və dayanıqlı, sağlam şəhərlər üçün çoxşaxəli fəaliyyət istiqamətlərini və Bakı Davamlılıq Koalisiyasını işə saldıq.
Hazırda isə somalili dostlarımızla birlikdə UN Habitat-ın “Hamı üçün münasib mənzil” üzrə Hökumətlərarası İşçi Qrupuna həmsədrlik edirik. WUF13-ün ev sahibi və UN-Habitat ilə birlikdə daimi qlobal bir qurumun təsisçisiyik. Biz bu addımların hər birinə sadiq olan bütün hökumətləri, şəhərləri, maliyyə institutlarını, akademiyaları, mütəxəssisləri və vətəndaş cəmiyyəti tərəfdaşlarını bu yolu bizimlə birlikdə getməyə dəvət edirik.
“Şəhər zəlzələsinə hazırlığın gücləndirilməsi daha təhlükəsiz və daha davamlı şəhərlər üçün BMT-nin Həlləri”
Dmitri Mariyasin, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası icra katibinin müavini:
– Zəlzələ riskləri çoxfaktorlu və bir-biri ilə əlaqəli olduğundan dünyanın bir çox şəhərləri həmin risk və təhlükələrlə üzləşməyə hazır deyil.
Bura insan mənşəli və təbii fəlakətlər, münaqişələrin nəticələri, həm də iqlim dəyişikliyi ilə bağlı qəfil baş verən hadisələr daxildir.
Bu hadisələri bəzən düzgün təsnif etmək çətindir, çünki onlar çox vaxt təbii və texnoloji fəlakətləri bir araya gətirir. Lakin demək olar ki, dünyadakı şəhər əraziləri üçün zəlzələlərdən daha dağıdıcı risk yoxdur. Zəlzələlər şəhərlərin struktur zəifliklərini üzə çıxarır, mənzil, infrastruktur və torpaq idarəetmə sistemlərinin harada çökdüyünü göstərir.
İdarəetmə mexanizmlərini sınağa çəkir, böyük sosial və iqtisadi itkilərə səbəb olur. Bu itkiləri bərpa etmək çox çətindir. Ümumi prinsip isə burada da keçərlidir: fəlakətdən sonra yardım göstərməkdənsə, əvvəlcədən dayanıqlılığa investisiya qoymaq daha yaxşıdır.
BMT Avropa İqtisadi Komissiyası qitədə və digər bölgələrdə baş vermiş son fəlakətlər bunu çox aydın şəkildə göstərir. Təəssüf ki, dayanıqlılığa böhran başlamazdan əvvəl investisiya qoyulmalıdır. Böhran baş verdikdə isə artıq gec olur. Bir neçə il əvvəl Türkiyədə baş vermiş dağıdıcı zəlzələ bizə çox vacib və aktual dərslər verdi.
Batatunde Ahonsi, BMT-nin Türkiyə üzrə rezident əlaqələndiricisi:
– Zəlzələlər həm milli, həm də qlobal təhlillərimizdə şəhərlərdə mövcud olan fiziki həssaslığın miqyasını, eyni zamanda XXI əsrdə risklərini formalaşdıran sistemli qarşılıqlı asılılıqları göstərir.
Lakin bu böyük faciələrin içində mühüm bir imkan da var. Bu, bərpa prosesini dayanıqlılıq, davamlı inkişaf və inklüzivlik istiqamətində gələcəyə hesablanmış bir gündəliyə çevirmək fürsətidir. Bu yanaşma bərabərsizliklərin və müxtəlif risklərə məruz qalmanın azaldılması baxımından da mühüm əhəmiyyət daşıyır. Məhz buna görə şəhər dayanıqlılığı həm milli bərpa strategiyalarının, həm də COP31-də qlobal proseslərin mərkəzində dayanmalıdır.
Hasan Suver, Türkiyənin ətraf mühitin mühafizəsi, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini:
– Türkiyənin zəlzələ bölgəsində 455 mindən çox mənzil inşa edilib. Bu prosesdə biz insanlar üçün sadəcə yaşayış evləri tikmirik, həm də infrastrukturu, sosial obyektləri, yaşıl sahələri, enerji səmərəliliyi yanaşması və ekoloji davamlılığı ilə birlikdə kompleks yaşayış məkanları qururuq. Şəhər dayanıqlılığının gücləndirilməsində maliyyə alətləri də kritik əhəmiyyət daşıyır.
Bu çərçivədə 81 vilayətdə 500 min sosial mənzil və İstanbulda 100 min mənzil hədəfi ilə həyata keçirilən sosial mənzil təşəbbüsü təhlükəsiz və əlçatan mənzilə çıxışı dəstəkləyir.
Şəhərsalma siyasətimizin mərkəzində təhlükəsizlik, dayanıqlılıq, risklərin azaldılması və fəlakətlərə hazırlıq dayanır.
Talantbek İmanakun Uulu, Qırğız Respublikasının tikinti, memarlıq və mənzil-kommunal xidmətləri nazirinin müavini:
– Qırğızıstanda tikili və qurğularda seysmik təhlükəsizliyin təmin olunması əsas prioritetlərdəndir. Tikinti normaları ölkə ərazisində vahid layihələndirmə yanaşmasını təmin edən norma və qaydaları, eləcə də müvafiq standartları özündə birləşdirir.
Normativ bazanın modernləşdirilməsinin əsas nəticələrindən biri də torpaq xəritələrinin yaradılmasıdır. Eyni zamanda, seysmik davamlı tikinti üzrə müasir hesablamalar və layihələndirmə metodları işlənib hazırlanır. Yeni yanaşmalar çərçivəsində seysmodavamlı bina və qurğuların hesablanma metodları təkmilləşdirilib, çoxmərtəbəli tikililər üçün icazə verilən göstəricilər artırılıb. Bundan əlavə, 1918 yaşayış məntəqəsi üzrə torpaq növü və yerli şəraitdən asılı olaraq yüksək sürətlənmə parametrləri müəyyən edilib.
“Sirkulyar və yaşıl iqtisadiyyata keçid”
WUF-13 çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə “Sirkulyar və yaşıl iqtisadiyyata keçid: dayanıqlı şəhərsalma çağırışları və imkanları” mövzusunda təqdimat keçirilib.
QHT Agentliyinin pavilyonunda keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən BAMF-ın prezidenti Umud Mirzəyev ilk öncə QHT Agentliyinə təşəkkür edib:
– Bu gün burada müzakirə etdiyimiz mövzu - yaşıl və sirkulyar iqtisadiyyata keçid olduqca aktual və strateji əhəmiyyət daşıyır. Əslində, bu iki istiqamət gələcəyin şəhərlərinin yeni fəlsəfəsidir. Azərbaycan da bu sahədə mühüm addımlar atır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, yaşıl enerji zonalarının yaradılması dayanıqlı inkişaf modelinin real nümunəsidir.
Metropolislərin Dünya Assosiasiyasının Baş katibliyinin siyasət üzrə məsul əməkdaşı Oskar Nunyez “Günəş enerjisi və yaşıl enerji həllərinin şəhər inkişafına töhfəsi”, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi Araşdırmalar İnstitutunun direktor müavini Zahid Fərrux Məmmədov “Beton iqtisadiyyatı”ndan yaşıl urbanizasiya modelinə”, dünya iqtisadiyyatı üzrə Xəzər Universitetinin doktorantı, araşdırmaçı-yazıçı Nik Nvolisa “Neftdən asılılıqdan sirkulyar dayanıqlılığa: Azərbaycanın dayanıqlı şəhər inkişafı üçün yaşıl iqtisadiyyat yolu”, Azərbaycan Tibb Universitetinin Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent Fəridə Əli isə “Şəhərsalma və insan sağlamlığı” mövzusunda çıxış ediblər.
Sonda spikerlər və iştirakçılar arasında interaktiv sual-cavab sessiyası keçirilib. Sessiya zamanı yaşıl və sirkulyar iqtisadiyyata keçidin şəhərsalma siyasətinə təsiri, bərpaolunan enerji mənbələrinin urbanizasiya prosesində rolu, həmçinin dayanıqlı şəhər inkişafı üçün yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
“Qlobal mənzil maliyyələşdirməsindən yerli əlverişli mənzil fəaliyyətinə: qlobal inkişafdan və submilli maliyyədən istifadə”
Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeri Levkov panel müzakirəsində deyib ki, mənzil sektoru qlobal ümumi daxili məhsulun (ÜDM) 15 faizini formalaşdırır: “Mənzil sektoru iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir. Orta hesabla ÜDM-in 15 faizini onun payına düşür, bununla belə, o, tikinti və memarlıqdan tutmuş sənaye istehsalı, ticarət və maliyyə sahəsinə qədər müxtəlif sektorlarda məşğulluğun artmasına töhfə verir. Şəhərlərin işçi qüvvəsini cəlb etmək üçün keyfiyyətli və maliyyə cəhətdən əlçatan mənzillərə ehtiyacı var. Üstəlik, bu, təkcə inkişaf etməkdə olan iqtisadiyyatlara aid deyil - bu, genişmiqyaslı bir çağırışdır”.
Bundan əlavə, o qeyd edib ki, mənzil şəhər infrastrukturunun inteqratoru funksiyasını yerinə yetirir, çünki ev təsərrüfatları məhz onun vasitəsilə kommunal xidmətlərə və s. çıxış əldə edirlər.
Fransanın davamlı şəhərlər üzrə nazir nümayəndəsi İv-Loran Sapoval isə bildirib ki, Fransa əlçatan mənzillərin maliyyələşdirilməsi həcminin artırılmasının tərəfdarıdır: "Mənzil tikintisinə ayrılan rəsmi inkişaf yardımının payını əhəmiyyətli dərəcədə artırmaq lazımdır. Hazırda bu ehtiyacların payına rəsmi inkişaf yardımının 1 faizdən azı düşür, bu da tamamilə kifayət deyil. Biz mənzil sektoruna ayrılan rəsmi inkişaf yardımının həcmini artırmalıyıq".
ILBANK qrupunun direktoru Şevket Altuğ Taşdemir isə bildirib ki, Türkiyənin dövlət inkişaf və investisiya bankı (ILBANK) şəhərlərin dayanıqlığının təmin edilməsinə yönəlmiş və təqdimatı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) keçirilməsinə qədər planlaşdırılan yeni maliyyə alətinin yaradılması ilə məşğuldur.
“Su ilə “ağıllı şəhərlər”: potensialın inkişafı vasitəsilə şəhər dayanıqlığının qurulması”
“ACWA” şirkətinin biznesin inkişafı üzrə direktoru Polina Liubomirova bildirib ki, hazırda Səudiyyə Ərəbistanının "Acwa" şirkətinin Ərəbistan yarımadasından kənarda həyata keçirildiyi böyük layihə Azərbaycandadır. O qeyd edib ki, heç bir region enerji resurslarına nəzarətsiz, geosiyasi üstünlüyə səbəb olacaq qədər çıxış əldə etməməlidir:
– Hazırda Yaxın Şərq və Mərkəzi Asiya kimi regionların həm qlobal iqlim dəyişikliyi, həm də sürətli sənaye genişlənməsi səbəbilə artan təzyiqlərlə üzləşdiyini görürük. Bütün bunlar milli inkişaf strategiyalarının ümumi çərçivəsində nəzərə alınmalıdır. İqlimlə bağlı təzyiqlər ildən-ilə daha da artır. "Acwa" şirkətində biz bu çətinlik və imkanların birləşməsini inteqrasiya olunmuş inkişaf yanaşmasının bir hissəsi kimi görürük. Layihələrimiz yerli icmaları dəstəkləmək, bilik və bacarıqların inkişafını təşviq etmək, investisiyaları cəlb etmək və dayanıqlı inkişafı təmin etmək məqsədi daşıyır.
Məqsədimiz yalnız yüksək istehsal nəticələri əldə etmək deyil, eyni zamanda, gələcək iqlim şəraitinə və işçi qüvvəsinin tələblərinə uyğun uzunmüddətli dayanıqlılıq formalaşdırmaqdır. Azərbaycandakı layihə də bu məqsədin ən yaxşı nümunələrindən biridir.
“İnvestisiya əsasları: Bazarı investisiya üçün cəlbedici edən nədir?”
WUF13 çərçivəsində keçirilən “Business roundtable” təqdimatında qlobal mənzil böhranı, özəl sektorun rolu və dayanıqlı şəhərsalma üçün maliyyə mexanizmləri əsas müzakirə mövzusu olub.
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) nümayəndəsi Edlan Yumeru bildirib ki, WUF13-ün əsas diqqət mərkəzində dünyada mənzil və yaşayış şəraiti ilə bağlı həssaslıq riski ilə üzləşən 3,4 milyard insanın problemləri dayanır. O qeyd edib ki, forum bu çağırışlara cavab verəcək praktik həll yollarının müzakirəsi üçün mühüm platformadır.
Edlan Yumeru vurğulayıb ki, UN-Habitat dövlət qurumları, yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti, siyasətçilər və özəl sektor arasında əməkdaşlıq üçün geniş imkanlar yaratmağa çalışır. Onun sözlərinə görə, mənzil maliyyələşməsi sahəsində mövcud boşluqların yalnız dövlət resursları hesabına aradan qaldırılması mümkün deyil və özəl sektor bu istiqamətdə əvəzolunmaz tərəfdaş hesab olunur.
Qeyd edilib ki, WUF13 çərçivəsində aparılan müzakirələr “Bakı Fəaliyyət Çağırışı” sənədinin formalaşmasına töhfə verəcək. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası dayanıqlı şəhərsalma və urban inkişaf sahəsində ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur və burada formalaşan tərəfdaşlıqlar gələcək qlobal təşəbbüslər üçün yol xəritəsi rolunu oynayacaq.
Müzakirələr “Hindistanda əlçatan mənzil sahəsində sektorlararası maliyyə katalizatorlarının təmin edilməsi” və “İnvestisiya əsasları: Bazarı investisiya üçün cəlbedici edən nədir?” mövzularında dəyirmi masa ilə davam edib.
Hazırladılar:
Ləman TƏHMƏZ,
Nurlan ABDALOV,
Cavid QAÇAYEV (foto),
Rauf İBRAHİMOV (foto)
XQ






