Xəzər sahilində məskunlaşmanın çağdaş memarlıq örnəyi
Müasir dövrdə şəhərsalma yalnız yeni binaların inşası, yolların çəkilməsi və ya infrastrukturun genişləndirilməsi ilə məhdudlaşmır. Bu anlayış insanların rahat yaşayışı, təhlükəsiz mühit, ekoloji tarazlığın qorunması, sosial rifahın təmin olunması və şəhər estetikasının formalaşdırılması kimi daha geniş mənalar kəsb edir. Bugünkü dünyada şəhərlər təkcə daş və betonla yox, eyni zamanda, ideya, konsepsiya və insan mərkəzli yanaşma ilə qurulur. Azərbaycan isə bu baxımdan artıq uzun illərdir ki, inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan sürətli inkişaf yolu keçərək yeni şəhərsalma düşüncəsinin ön sıralarında dayanır.
Paytaxt Bakı bu gün qədimliklə müasirliyin heyrətamiz harmoniyasını özündə birləşdirən nadir şəhərlərdən biridir. Hər addımda tarix nəfəsi duyulan, eyni zamanda, müasir göydələnləri, geniş prospektləri, yaşıl parkları və müasir nəqliyyat şəbəkəsi ilə dünya şəhərləri sırasında yer alan şəhərimiz sürətli inkişaf dövrünü yaşayır. Paytaxtın simasına vurulan yeni naxışlar onu regionun ən müasir şəhər mərkəzlərindən birinə çevirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası nəticəsində şəhərsalma sahəsində ardıcıl, məqsədyönlü və sistemli tədbirlər reallaşdırılır. Hazırda Bakının hər bir guşəsində inkişafın, tərəqqinin nəfəsi duyulur. Bu reallıq Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində Prezident İlham Əliyevin çıxışında da xüsusi vurğulandı. Dövlət başçısı nitqində ölkədə şəhərsalma sahəsində görülən işlərin uğurlu nəticələrindən bəhs edərkən diqqəti xüsusi olaraq “Sea Breeze” istirahət məkanına yönəltdi.
Dövlətimizin başçısının konfrans iştirakçılarına, xüsusən də soyuq suda üzməyi sevənlərə həmin məkana getməyi tövsiyə etməsi isə təkcə bir zarafat və ya səmimi çağırış deyildi. Bu, “Sea Breeze” layihəsinin artıq Azərbaycan sərhədlərini aşaraq beynəlxalq səviyyədə tanınan, müasir şəhərsalma modelinə çevrildiyini təsdiqləyən mühüm mesaj idi.
Tarixi irsdən çağdaş metropola
Bakı əsrlər boyu Xəzərin sahilində formalaşan qədim mədəniyyət şəhəridir. Neft sənayesinin beşiyi sayılan paytaxtımız tarixən iqtisadi həyatın əsas mərkəzlərindən biri olub. Lakin müstəqillik illərində Bakı neft şəhəri olmaqla bərabər, həm də turizm, biznes, mədəniyyət, beynəlxalq toplantılar və urbanistik yenilənmə mərkəzi kimi tanınıb.
Son illər Bakıda həyata keçirilən irimiqyaslı abadlıq və yenidənqurma işləri şəhərin simasını tamamilə dəyişib. Yeni parklar və bulvar zolaqları, geniş prospektlər, nəqliyyat qovşaqları, körpülər, tunellər, müasir binalar, idman və mədəniyyət obyektləri paytaxtın inkişafını daha da sürətləndirib. Ən əsası isə bu inkişaf təsadüfi yox, planlı şəkildə, dövlətin müəyyənləşdirdiyi strateji proqramlar çərçivəsində gerçəkləşdirilib. Bu gün Bakı artıq özünün yeni siması ilə dünyanın aparıcı şəhərləri sırasında yer alıb. Bu inkişafın parlaq nümunələrindən biri isə Xəzərin sahil zonasında yaradılan unikal kurort-şəhər konsepsiyası olan “Sea Breeze”dir.
Bakının mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən “Sea Breeze” kompleksi sadəcə istirahət mərkəzi deyil. Bu layihə, eyni zamanda, mahiyyət etibarilə yaşayış, turizm, sosial həyat və xidmət sektorunu birləşdirən gələcəyin şəhər modelidir. Belə bir nəhəng kompleks hazırda artıq öz miqyası və imkanları ilə regionda analoqu olmayan layihə kimi tanınır. Məlumatlara görə, indiyədək burada 3 milyon kvadratmetrdən çox yaşayış binası və 500-dən artıq daşınmaz əmlak obyekti inşa olunaraq istifadəyə verilib.
Hazırda mərkəzdə 20 min sakin yaşayır. Bu rəqəmin 2028-ci ilə qədər 50 mindən çox olacağı gözlənilir. Layihə tam şəkildə başa çatdıqdan sonra isə burada 500 min nəfərin yaşayacağı planlaşdırılır. Bu isə “Sea Breeze”in yaxın gələcəkdə yarım milyonluq müasir şəhər funksiyasını daşıyacağını göstərir.
Müasir şəhərsalmanın əsas istiqamətlərindən biri ekoloji tarazlığın qorunmasıdır. Bu baxımdan “Sea Breeze” layihəsi daha çox diqqət çəkir. Kompleksin ərazisində parklar, rekreasiya zonaları və çimərliklər üçün artıq 150 hektardan çox ərazi ayrılıb. Ümumilikdə isə yaşıllıq sahələrinin həcmi 300 hektara çatdırılıb. Bu məqsədlə “Sea Breeze”də, təxminən, 10 milyon bitki və ağac əkilib.
Yaşıllıq zolaqlarının genişləndirilməsi həm Xəzər sahilinin ekoloji sabitliyinə, həm də insanların sağlam həyat tərzinin təşviqinə mühüm töhfə verir. Bu da təsadüfi deyil. Çünki hazırda dünyanın böyük şəhərlərində yaşıllıq sahələrinin azalması ciddi problem kimi narahatlıq doğurur. “Sea Breeze” isə əksinə, şəhərsalma prosesini təbiətlə harmoniyada quraraq ekoloji yanaşmanın prioritet olduğunu göstərir.
Sosial infrastruktur rahatlığa qucaq açıb
“Sea Breeze” layihəsi uğurunun əsas səbəblərindən biri burada sosial infrastrukturun yüksək səviyyədə inkişaf etdirilməsidir. Kompleks ərazisində məktəb, uşaq bağçası və xəstəxananın inşa olunaraq fəaliyyətə başlaması da bunun parlaq ifadəsidir. Eyni zamanda, sakinlərin və turistlərin asudə vaxtının səmərəli təşkili üçün açıq və qapalı hovuzlar, fitnes mərkəzləri, restoranlar, kafelər, idman və uşaq meydançaları, qaçış və velosiped yolları, fəvvarələr, eləcə də istirahət zonaları yaradılıb.
Bu imkanlar “Sea Breeze” kompleksinin yalnız yay mövsümündə fəaliyyət göstərən kurort deyil, eyni zamanda, ilboyu yaşamaq üçün tam rahatlıq yaradan müasir yaşayış məkanı olduğunu sübut edir.
“Sea Breeze” layihəsi ölkə iqtisadiyyatına ciddi töhfə verən mühüm investisiya platformasına çevrilib. Hazırda kompleksdə 6 min 500-dən çox şəxs işlə təmin olunub. Layihə genişləndikcə, bu rəqəmin daha da artacağı gözlənilir.
Layihəyə yatırılan ümumi investisiya artıq 3 milyard ABŞ dollarına çatıb. Növbəti 5 ildə isə 10 milyard dollardan çox sərmayənin cəlb edilməsi nəzərdə tutulur. Bu investisiyalar təkcə tikinti sektorunun inkişafına deyil, həm də xidmət sahələrinin genişlənməsinə, turizmin canlanmasına və qeyri-neft sektorunun güclənməsinə xidmət edir. Yeri gəlmişkən, “Sea Breeze” artıq Azərbaycan Respublikasının ən iri vergiödəyicilərindən biri kimi tanınır. Bu isə layihənin dövlət büdcəsinə və ümumi iqtisadi dövriyyəyə verdiyi töhfənin miqyasını açıq şəkildə nümayiş etdirir.
Qlobal çağırışa ayna tutan təqdimat
Azərbaycanın beynəlxalq nüfuzunun artmasının ən bariz nümunələrindən biri də COP29 kimi mühüm tədbirə ev sahibliyi etməsidir. Bu çərçivədə “Sea Breeze” kompleksinin, təxminən, 4 minə yaxın konfrans iştirakçısını qəbul etməsi layihənin yüksək xidmət standartları nümayişinin parlaq ifadəsidir. Xatırladaq ki, o zaman qonaqların böyük hissəsinin “Park Residences 2” layihəsi çərçivəsində yerləşdirilməsi bu yaşayış məkanlarının rahatlıq, xidmət keyfiyyəti və infrastruktur baxımından beynəlxalq standartlara cavab verdiyini sübut etdi.
Yeri gəlmişkən, “Sea Breeze” kompleksində istismara verilmiş “Park Residences 2” layihəsi çərçivəsində 1260 mənzildən ibarət yeddimərtəbəli 10 bina tikilib. Layihədə hovuzlar, istirahət zonaları, geniş yaşıllaşdırma sahələri nəzərdə tutulub. Bu layihə “Sea Breeze”də artıq yeni yaşayış mədəniyyətinin formalaşdığını göstərir. Başqa sözlə, burada hər bir sakin təkcə mənzil almır, eyni zamanda, xidmət, rahatlıq və müasir həyat tərzi əldə edir.
“Sea Breeze”in perspektiv planları layihənin miqyasını daha da böyüdür. 2028-ci ilədək burada əlavə 700 binanın tikilməsi nəzərdə tutulur. Bununla yanaşı, 50 hektar sahəni əhatə edən aypara formalı nadir süni yarımadanın yaradılması da planlaşdırılır. Bu layihədə dünyanın aparıcı mehmanxana şəbəkələrinin hotelləri, ticarət mərkəzləri, yaxtalar üçün dayanacaqlar, həmçinin 40 mindən çox tamaşaçı tutumu olan konsert meydançasının yer alacağı nəzərdə tutulur.
Bundan başqa, süni adada tikiləcək və 11 mərtəbəli layner formasında inşa ediləcək “Caspian Dream Liner” layihəsi “Sea Breeze” kompleksinin flaqman layihələrindən biri olacaq. Bu obyektin apart-hotel, ticarət mərkəzi və hovuzlarla təchiz olunacağı qeyd edilir. Unikal memarlıq həlli “Sea Breeze” layihəsinin dünya turizm xəritəsində daha cəlbedici məkana çevrilməsindən xəbər verir.
Nardarandan dünyaya açılan qapı
Nardaran qəsəbəsinin dənizkənarı ərazisi uzun illər Bakı sakinlərinin ən sevimli şəhərətrafı istirahət zonalarından biri olub. Dəniz, qumlu çimərliklər, gözəl iqlim və şəhərə yaxınlıq bu ərazini həmişə cazibədar edib. “Sea Breeze” layihəsinin məhz burada reallaşdırılması isə Nardaranın turizm potensialını daha da yüksəldib.
Bu gün kompleksdə onlarla restoran və kafe, ticarət obyektləri, aptek və tibbi xidmətlər, idman meydançaları, fitnes mərkəzləri və fasiləsiz işləyən marketlər fəaliyyət göstərir. Bu isə “Sea Breeze”i təkcə elit istirahət zonası deyil, eyni zamanda, yaşayış və xidmət mərkəzi kimi tanıdır.
“Sea Breeze” ərazisində yaradılan “LANDAU School” Təhsil Kompleksi xüsusi diqqət çəkir. Britaniya kurikulumuna əsaslanan və tədrisi ingilis dilində reallaşan bu məktəb müasir təhsil infrastrukturu ilə seçilir. 1100-dən çox şagird üçün nəzərdə tutulan kompleksdə laboratoriyalar, kompüter sinifləri, psixoloq kabinetləri, açıq və qapalı idman meydançaları fəaliyyət göstərir.
Ərazidəki ən böyük apart-hotel olan “The Grand” isə 224 mənzil və 3 penthausdan ibarətdir. Burada hovuzlar, restoranlar, SPA mərkəzi, konfrans zalı və digər xidmətlər fəaliyyət göstərir. Bu cür obyektlər “Sea Breeze”in turizm və yaşayış baxımından tam müstəqil bir şəhər funksiyasını daşıdığını sübut edir.
Bu məqamda bir məsələni də xatırlatmaq yerinə düşər. “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov mediaya müsahibəsində WUF13 forumunun COP29-dan sonra Azərbaycanın ən əhəmiyyətli beynəlxalq tədbirlərindən biri olduğunu vurğulayıb. O, “Sea Breeze” layihəsinin ekoloji cəhətdən təmiz və rahat şəhərlərin necə yaradıldığının parlaq nümunəsi olduğunu bildirib. Onun sözlərinə görə, layihə çərçivəsində artıq bir neçə milyon kvadratmetr daşınmaz əmlak istifadəyə verilib, hazırda 4 milyon kvadratmetr ərazidə isə tikinti-abadlıq işləri görülür. Emin Ağalarov qeyd edib ki, aparıcı beynəlxalq memarlarla əməkdaşlıq genişləndirilir və əsas məqsəd sakinlər və qonaqlar üçün maksimum rahat mühit yaratmaqdır.
“Sea Breeze” layihəsinin uğuru artıq region miqyasında da özünü göstərir. Belə ki, Özbəkistan Nazirlər Kabinetinin müvafiq qərarı ilə Daşkənd vilayətinin Bostanlıq rayonunda Çarvak su anbarının sahilində “Sea Breeze Uzbekistan” adlı bütün mövsümlük kurort kompleksinin yaradılması təsdiqlənib. 577 hektar sahəni əhatə edəcək bu layihənin “Sea Breeze” Azərbaycan brendi əsasında reallaşdırılması Azərbaycanın urbanistika və turizm sahəsində formalaşdırdığı təcrübənin artıq ixrac olunduğunu nümayiş etdirir.
Yuxarıda qeyd edilənlərə əsasən belə bir nəticəyə gəlinir ki, bu gün “Sea Breeze” təkcə kurort və istirahət mərkəzi deyil, eyni zamanda, bu layihə Azərbaycan şəhərsalma siyasətinin uğurlu nəticəsi, müasir urbanistik düşüncənin parlaq təcəssümü, ölkənin qeyri-neft sektoruna verdiyi real töhfənin nümunəsidir.
Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında bu layihəni xüsusi qeyd etməsi təsadüfi deyil. “Sea Breeze” Xəzərin sahilində yaradılan yeni şəhər konsepsiyası kimi Azərbaycanın turizm imkanlarını genişləndirəcək, investisiya cəlbediciliyini artıracaq və ölkəmizin beynəlxalq imicinə əlavə güc qatacaq.
Sosial infrastrukturu, ekoloji yanaşması, turizm potensialı və iqtisadi faydası ilə “Sea Breeze” artıq bu gün gələcəyin şəhəri kimi formalaşır. Qarşıdakı illərdə həyata keçiriləcək nəhəng layihələr isə bu məkana daha böyük şöhrət qazandıracaq, onu təkcə regionun deyil, dünyanın ən cazibədar turizm və yaşayış məkanlarından birinə çevirəcək.
Vaqif BAYRAMOV
XQ

