Nüfuzlu mükafata atılan erməni lobbisi qarmağı
“Azad, özünə hörmət edən və özünü təmin edən vətəndaşlar olmadan azad və müstəqil dövlət yaratmaq mümkün deyil”. Bu dəyərli sözləri çex yazıçısı, dramaturq, dissident, insan hüquqları müdafiəçisi və dövlət xadimi. Çexoslovakiyanın sonuncu (1989–1992), Çexiyanın birinci prezidenti (1993–2003) Vatslav Havel deyib.
Yəni, azad olmaqdan ötrü kənar asılılıqdan qurtulmalı, özünə hörmət etməkdən ötrü isə başqalarına, ilk növbədə qonşularına hörmətlə yanaşmalısan. Nə yazıq ki, özlərini siyasətçi, “milli təəssübkeş” adlandıran ermənilərin əksəriyyəti çex siyasətçi-filosofun bu təyininə uyğun gəlmir. Bu gün Ermənistanın dövlət və cəmiyyət kimi dalana dirənməsinin bir səbəbi də məhz azad, müstəqil düşüncəli aydınlarının qıtlığı, ya da belələrinin çox az olmasıdır.
Məlum olub ki, xaricdəki erməni lobbisinin muzdlu təbliğatçıları sayılan bir qrup hüquq müdafiəçisi hazırda çoxsaylı ağır cinayətlərə görə Bakı həbsxanasında cəza çəkən erməni əsilli keçmiş rus oliqarxı Ruben Vardanyanın Vatslav Havel İnsan Haqları Mükafatına namizədliyini irəli sürüb.
Bəri başdan onu deyək ki, əgər bu təşəbbüs reallaşarsa, ən azından, məşhur çex dissidenti, əfsanəvi demokrat Vatslav Havelin adını daşıyan mükafata, beynəlxalq hüquqa ləkə gətirən hərəkətdən başqa bir şey olmayacaq. Separatçı Vardanyanı filantrop Havellə yanaşı tutmaq dünyanın nə sivil, nə də hüquq qaydalarına sığar.
Özlərini hüquq müdafiəçisi kimi qələmə verən qrupun bəyanatında deyilir ki, Vardanyanın bu mükafata namizədliyi “insan hüquqlarının müdafiəsi üzrə qlobal səylərinə və Qarabağdakı ermənilərin hüquqlarının ictimai müdafiəsinə görə” irəli sürülür. Sənəddə, həmçinin Qarabağ separatçısının əməlləri ilə Vatslav Havelin yaradıcılığı arasında riyakarcasına paralellər aparılır, hətta çex dissidentin “insan ağlı, ədəb-ərkan, həmrəylik və qarşılıqlı anlaşmaya və ədalətli birgəyaşayışa hazır olmaq onları təhdid edən hər şeyə qalib gələcək” sözləri sitat gətirilir və Vardanyanın fəaliyyətinin guya “eyni idealları əks etdirdiyi” qeyd edilir.
Oxuculara bildirək ki, 2013-cü ildə məlum mükafat AŞPA, Vatslav Havel Kitabxanası və “Xartiya 77” Fondu tərəfindən təsis edilib və vətəndaş cəmiyyətinin inkişafına və insan hüquqlarının müdafiəsinə töhfə vermiş şəxslərə verilir. Mükafatlandırma mərasimi ənənəvi olaraq AŞPA-nın payız sessiyası zamanı keçirilir. Bəs Vardanyanı Vatslav Havellə eyniləşdirməyə cürət edən bu adamlar kimlərdir? Doğrudanmı onlar rus-erməni milyarderin, Moskvanın Ermənistanda hakimiyyətə gətirməyə çalışdığı “siyasi desantın” insan haqları fəaliyyətini diqqətlə izləyib, indi onu Çexiyanın tanınmış dissidenti və dövlət xadiminin adını daşıyan mükafata layiq hesab edirlər? Ruben Vardanyan beynəlxalq aləmdə Rusiyadan ofşor sxemlər vasitəsilə milyardlarla dollar çirkli pulların yuyulması ilə tanınırdı. Qərbin araşdırmaçı jurnalistləri onun rəhbərlik etdiyi “Troyka dialoq” investisiya bankı vasitəsilə təşkil edilmiş maliyyə fırıldağının sxeminin təfərrüatlarını üzə çıxarmışdılar.
Bu məqamda haypərəst təşəbbüs qrupunun üzvlərinin kimliyinə nəzər yetirək. Müraciəti imzalayan qrupa “qlobal enerji məsələləri üzrə ekspert və insan alveri əleyhinə fəal” erməni Vahan Zanoyan başçılıq edir. Özünü yazıçı kimi təqdim edən Zanoyan Vardanyanla uzunmüddətli dostluğundan fəxrlə danışır. Müraciəti imzalayanlar arasında Konqo Demokratik Respublikasından hüquq müdafiəçisi Julienne Lusenge də var. O, müharibələr zamanı cinsi zorakılığa məruz qalan qadınları müdafiə edən işi ilə tanınır. Siyahıda yer alan digər hüquq müdafiəçisi iraqlı yezidi kürd fəalı Mirzə Dinnaidir. Soydaşlarının hüquqlarının müdafiəsi ilə “məşhurlaşan” Dinnai 2014-cü ildə Sincar dağına sığınan yezidilərin, guya İŞİD-in hücumlarından xilas edilməsi əməliyyatında iştirak edib. Qrupun sonuncu üzvü amerikalı həkim və humanitar Tom Catenadır. Konqolu, burundili və yezidi “fəallardan” fərqli olaraq, 2017-ci ildə erməni milyarder ona özünün Avrora Fondu vasitəsilə 100 min dollar, habelə humanitar məqsədlər üçün 1 milyon dollar qrant ayırıb. Deməli, mahnı hələ 9 il əvvəl sifariş verilib, qalıb o havaya oynamaq... Amma bu, qu quşlarının son nəğmələri kimi, onların da son rəqsi olacaq.
Azərbaycan ərazisində insan haqlarının müdafiəsi ilə deyil, daha çox antihumanitar fəaliyyətlə məşğul olan, öz vəsaiti hesabına Qarabağa çoxsaylı piyada əleyhinə minalar daşıyan və düzən Vardanyanın bu mükafata layiq görülüb-görülməyəcəyini söyləmək hələ tezdir. Fəqət onun bu mükafatı alması üçün Qərbdəki lobbiçilərin dəridən-qabıqdan çıxacaqları şəksizdir. Bu işdə onlara Azərbaycanın 3 il əvvəl tərk etdiyi AŞPA-nın da öz xidmətini təklif edəcəyi gözləniləndir. Axı orada da haylara muzdlu lobbiçilik edənlər az deyil.
Yazımıza hay avantürasından ruhu sərgərdan olan Vatslav Havelin kəlamı ilə başladıq, onun sözləri ilə də nöqtə qoyuruq: “Biz hələ də əxlaqı siyasətdən, elmdən və iqtisadiyyatdan üstün tutmağı bilmirik. Biz hələ də başa düşə bilmirik ki, hərəkətlərimizin yeganə həqiqi dayağı – əgər onlar mənəviyyatdırsa – məsuliyyətdir”. Əxlaqı müvəqqəti unutmaq, görməmək olar, amma onu tamam yox etmək mümkün deyil. Gec-tez əxlaqi naqislər üçün məsuliyyət divanı qurulur.
İ.HƏSƏNQALA
XQ

