UEFA Avropa çempionatının seçmə mərhələsinin qaydalarını dəyişəcək

post-img

UEFA 2028-ci ildən sonra Avropa çempionatının seçmə mərhələsinin qaydalarını dəyişəcək

Avropa Futbol Assosiasiyaları İttifaqı - UEFA 2028-ci ildən sonra Avropa çempionatının seçmə mərhələsinin formatını dəyişəcək. Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Hazırda Avropa çempionatının seçmə mərhələsi belə təşkil olunur: konfederasiyaya üzv olan 53 milli komanda 10 qrupa bölünür (yeddi qrupda beş, üç qrupda isə altı komanda yer alır). Qrup qalibləri və ikinci yeri tutan komandalar avtomatik olaraq final mərhələsinə vəsiqə qazanırlar. Daha dörd vəsiqə isə UEFA Millətlər Liqasının reytinqinə əsasən seçilən 12 komandanın iştirak etdiyi pley-off oyunlarında müəyyənləşir.

Yeni sistemə əsasən seçmə mərhələ iki səviyyəyə bölünəcək. “Liqa 1”ə Millətlər Liqasının ən güclü 36 komandası daxil olacaq. Həmin komandalar hərəsində 12 yığma olmaqla üç qrupa ayrılacaq. Hər komanda altı fərqli rəqibə qarşı altı oyun keçirəcək — hər səbətdən iki rəqiblə qarşılaşacaq. Başqa sözlə, seçmə mərhələnin strukturu UEFA-nın klub turnirləri olan UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqası yarışlarının ümumi mərhələsinə bənzəyəcək.

“Liqa 2”yə isə daha zəif milli komandalar daxil ediləcək. Burada iki qrup altı, üçüncü qrup isə yeddi komandadan ibarət olacaq.

“Liqa 1” qruplarının qalibləri birbaşa Avropa çempionatına vəsiqə qazanacaqlar. Digər yerlər isə pley-off vasitəsilə bölüşdürüləcək və bu mərhələdə “Liqa 2” komandaları da iştirak edəcək.

Avropa çempionatına ev sahibliyi edən ölkələrin yığmaları əvvəlki kimi final mərhələsinə avtomatik vəsiqə əldə etsələr də, onlar seçmə oyunlarda iştirak etməli olacaqlar. Bu oyunların nəticələri növbəti UEFA Millətlər Liqası mövsümündə komandaların səbətlər üzrə bölgüsünə təsir göstərəcək.

Yaxın aylarda konsepsiya daha da təkmilləşdiriləcək, daha sonra isə UEFA İcraiyyə Komitəsinin təsdiqinə təqdim olunacaq. Yekun qərar sentyabrın 15-də Saloniki şəhərində keçiriləcək komitə iclasında qəbul ediləcək.

Bundan əlavə, 2028/29 mövsümündən etibarən UEFA Millətlər Liqası dörd deyil, üç səviyyədən ibarət olacaq. Bununla belə, dörddəbir final, yarımfinal, final və yüksəlmə/enmə oyunlarından ibarət yekun mərhələ dəyişməz qalacaq.

S.ELAY

XQ

İdman