ABŞ-ın sabiq Kuba lideri Raul Kastro və digər şəxslərə amerikalıların öldürülməsi məqsədilə sui-qəsd təşkil etməkdə ittiham irəli sürülüb. Bu barədə ABŞ-ın baş prokuror səlahiyyətlərini icra edən Todd Blanş məlumat verib.
“Raul Kastro və digər fiqurantlara, həmçinin başqa cinayətlər, o cümlədən hava gəmisinin məhv edilməsi, eləcə də qətllə bağlı dörd ayrı ittiham irəli sürülüb”, - Blanş mətbuat konfransında bildirib.
Bu gün Reuters məhkəmə materiallarına istinadən Kastroya qarşı ittihamlar barədə yazıb. Agentliyin məlumatına görə, 94 yaşlı Kubanın sabiq lideri hava gəmisinin məhv edilməsi ilə bağlı iki epizod üzrə ittiham olunur. The New York Times isə yazıb ki, ABŞ rəsmiləri Kubanın sabiq liderinin Venesuela ssenarisi üzrə ələ keçirilməsini mümkün hesab edirlər. Yanvarda ABŞ qüvvələri Venezuela ərazisinə zərbələr endirmiş, prezident Nicolas Maduro və onun həyat yoldaşını saxlayaraq ölkədən çıxarmışdı.
İttihamlar 1996-cı ildə baş vermiş insidentlə bağlıdır. Həmin vaxt Kuba qırıcıları Brothers to the Rescue (“Xilas naminə qardaşlar”) humanitar təşkilatına məxsus iki təyyarəni vurmuşdu. Təşkilat 1991-ci ildə ABŞ-da kubalı mühacirlər tərəfindən yaradılmışdı. Təyyarələrin göyərtəsində olan dörd nəfər həlak olmuşdu. Kuba hökuməti bu addımı ölkənin hava məkanının pozulması ilə əsaslandırmışdı. Hadisədən sonra Brothers to the Rescue fəaliyyətini dayandırmışdı.
S.ELAY
XQ

