Dünya mediası İranın Azərbaycana hücumunu qınayır

post-img

Tehranın təxribatçı addımı beynəlxalq informasiya məkanını silkələyib

Martın 5-də İranın Azərbaycana dronlarla hücum etməsi beynəlxalq mediada geniş rezonans doğurub. Dünyanın aparıcı nəşrləri baş verənləri diqqətlə izləyərək müxtəlif aspektlərdən təhlil edirlər. Bir çox nüfuzlu media qurumları hadisənin regional təhlükəsizlik və siyasi nəticələrinə xüsusi diqqət ayırır. Bəzi beynəlxalq informasiya agentlikləri və analitik platformalar isə hadisənin Cənubi Qafqaz və Yaxın Şərqdə təhlükəsizlik balansına təsirini ön plana çıxarırlar.

Eyni zamanda, Prezident İlham Əliyevin bu məsələ ilə bağlı Təhlükəsizlik Şurasının həmin gün keçirilən iclasındakı çıxışı dünyanın aparıcı media orqanlarının diqqət mərkəzindədir. Almaniya mediası dövlətimizin başçısının çıxışından əsas məqamları işıqlandırıb. “Morgenpost”, “Börsen News”, “FLZ. News”, “Tagesspiegel”, “Frankfurter Rundschau”, “Wirthschau Woche”, “Die Zeit”, “Ad Hoc News”, “Cash”, “Sarganserlander”, “Ostfriezen Zeitung” qəzet və portallarının materiallarında Naxçıvanda hava limanının, orta məktəb binasının və digər mülki obyektlərin dron hücumuna məruz qaldığı diqqətə çatdırılıb.

Britaniya mediası Prezident İlham Əliyevin İranın hücumu barədə səsləndirdiyi fikirləri işıqlandırıb. “The Independent” nəşri yazır ki, Azərbaycan Prezidenti dron hücumlarından sonra ölkənin təhlükəsizliyinə təhdid yaradan qüvvələrə qarşı qətiyyətli mövqe nümayiş etdirəcəyini bəyan edib. Nəşr dövlətimizin başçısının “Azərbaycanın gücünü sınayanlar “Dəmir yumruq”la əziləcək” sözlərinə yer ayırıb.

“Daily Mail” isə yazır ki, İran tərəfindən buraxılan dronlar Azərbaycanın ərazisinə düşərək partlayışlara səbəb olub. Məqalədə qeyd olunur ki, Prezident İlham Əliyev hadisəni “terror aktı” kimi qiymətləndirərək Azərbaycanın cavab tədbirləri görmək hüququnu özündə saxladığını bildirib.

Türkiyənin “TRT World” beynəlxalq telekanalının saytında dərc olunan materialda qeyd edilib ki, martın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinə zəng edib. Diqqətə çatdırılıb ki, Türkiyə Prezidenti İranın Naxçıvana dron hücumunu qınadığını deyib, qardaş Azərbaycan xalqına dəstəyini ifadə edib.

Qazaxıstan mediası da Prezident İlham Əliyevin TŞ-nin iclasındakı çıxışını işıqlandırıb. “Orda.kz” nəşri Azərbaycan Prezidentinə istinadla Naxçıvan ərazisinə edilən dron hücumunun mülki obyektlərə zərər verdiyini bildirib.

“Ulysmedia.kz” yazır ki, dövlətimizin başçısı İrandan izahat və üzr istəməyi tələb edib. Məqalədə qeyd edilir ki, Prezident İlham Əliyev Azərbaycana qarşı terror hücumunu Bakının bundan əvvəlki bütün addımları fonunda həddindən artıq nankorluq aktı adlandırıb. “Arbatmedia.kz” nəşri isə bildirir ki, Azərbaycan Prezidenti İran tərəfindən izahat tələb edib. Məqalədə o da qeyd olunur ki, dövlət başçısı Azərbaycanın İrana qarşı hər hansı əməliyyatda iştirakını istisna edib. “Nur.kz” yazır ki, Prezident İlham Əliyev İran tərəfindən Azərbaycana qarşı terror aktının törədildiyini bildirib.

İsveçin “Dagens Nyheter” nəşri yazır ki, Azərbaycan hakimiyyəti ölkə ərazisinə PUA-larla endirilən zərbələrə cavab vermək niyyətində olduğunu bəyan edib. Məlumatda Prezident İlham Əliyevin sözlərinə istinadən ordunun tam döyüş hazırlığı vəziyyətinə gətirildiyi və cavab tədbirləri hazırlamaq əmri aldığı qeyd olunub. Vurğulanıb ki, Bakıda bu hadisə Azərbaycana hücum kimi qiymətləndirilib və İrandan təcili izahat tələb olunub. İran səfiri XİN-ə çağırılıb. Azərbaycan cavab tədbirləri görmək hüququnu özündə saxladığını bəyan edib.

Norveçin “Aftenposten” nəşri yazır ki, Naxçıvandakı insidentdən sonra Azərbaycan izahat vermək üçün İran səfirini çağırıb. Nəşrdə, həmçinin bildirilir ki, Azərbaycan hakimiyyəti hadisə nəticəsində mülki şəxslərin zərər çəkdiyini, hava limanının terminallarından birinin zədələndiyini açıqlayıb. XİN-də vurğulanıb ki, ölkə baş verənləri hücum kimi qiymətləndirir və “müvafiq cavab tədbirləri” görmək hüququnu özündə saxlayır. “Bildirilib ki, bu hadisə beynəlxalq hüquq normalarına ziddir və regionda gərginliyin artmasına səbəb olur”, – deyə məlumatda vurğulanır.

Rusiya telekanalları və nəşrləri də Azərbaycan Prezidentinin çıxışını geniş işıqlandırıb. “Birinci kanal”ın saytında dərc olunan “Prezident Əliyev Naxçıvana dron hücumunu “çirkin əməl” adlandırıb” sərlövhəli materialda qeyd olunub ki, dövlət başçısı insidentlə bağlı TŞ-nin iclasında Azərbaycan dövlətinin bu çirkin terror aktını qətiyyətlə pislədiyini, onu törədənlərin dərhal məsuliyyətə cəlb edilməli olduğunu bəyan edib.

“İzvestiya” qəzetinin “İlham Əliyev qoşunların döyüş hazırlığı vəziyyətinə gətirilməsi əmrini verib” sərlövhəli məqaləsində bildirilib ki, İran ərazisindən Azərbaycanın Naxçıvan bölgəsinə dron hücumu ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirən Azərbaycan Prezidenti deyib: “Bizim Silahlı Qüvvələrimiz – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar”. Diqqətə çatdırılıb ki, dövlət başçısı İranın bu addımını “Azərbaycan dövlətinə qarşı terror aktı” adlandırıb və Tehranın məsuliyyət daşıdığını bildirib.

“Komsomolskaya Pravda”, “Kommersant” qəzetləri də məsələyə öz səhifələrində yer ayırıblar. NTV, RTR, RT telekanallarının saytında yerləşdirilən videomateriallarda da Prezident İlham Əliyevin fikirləri yer alıb. Azərbaycan Prezidentinin Təhlükəsizlik Şurasının iclasında verdiyi bəyanatlar “Arqumentı i faktı”, “Sputnik”, “News.ru”, “Yamal media”, “Vzqlyad.ru”, “Life.ru”, “Vedomosti.ru”, “Versia.ru”, “360.ru”, “Fontanka.ru”, “Osnmedia.ru”, “TVC.ru”, “VM.ru”, “Radio 1.ru”, “Qovorit Moskva.ru” və digər media orqanlarında geniş işıqlandırılıb.

Dövlətimizin başçısının çıxışı ərəb ölkələri mediasının da diqqət mərkəzində olub. Səudiyyə Ərəbistanının “Dostor”, “Al Masr al Youm”, “Arab News” qəzetlərinə, “Elasoboa”, “Mc-Doualiya”, Tahia Masr”, “Khabarfoori”, “Khabarpu.com” ərəbdilli portallarında dərc olunan məqalələrdə də baş verənlər geniş işıqlandırılıb.

“Azadlıq” radiosunun və BBC telekanalının fars dilində xidmətlərinin dərc etdikləri materiallarda diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İranın dron hücumunu “terror aktı” adlandırıb.

Bütövlükdə, İran dövlətinin həyata keçirdiyi hücum dünya mediasında ciddi narahatlıq və kəskin tənqidlə qarşılanıb. Bir çox beynəlxalq nəşrlər bu addımı regionda sabitliyi pozan və gərginliyi artıran təhlükəli avantüra kimi qiymətləndiriblər. Analitik materiallarda vurğulanıb ki, suveren dövlətin ərazisinə qarşı belə hücumlar beynəlxalq hüququn prinsiplərinə ziddir və regionda onsuz da həssas olan təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirir. Xarici media xüsusilə qeyd edir ki, İranın qonşu ölkələrə qarşı sərt və təhdidedici addımları artıq təkcə regional deyil, qlobal səviyyədə narahatlıq doğuran tendensiya kimi qəbul edilir. Bir sıra şərhlərdə Tehranın bu cür davranışlarının məsuliyyətsiz və təxribatçı xarakter daşıdığı, bunun isə regionda sülh və sabitliyə ciddi zərbə vurduğu vurğulanır. Dünya mediasında səslənən bu mövqelər göstərir ki, İranın belə addımları beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir və açıq şəkildə qınanır.

Səxavət HƏMİD
XQ





Siyasət