Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfərə yola düşüb.
Səfər Macarıstan Milli Seçki Bürosunun prezidenti Nagy Attilanın dəvəti əsasında həyata keçirilir. Nümayəndə heyətinin səfərinin məqsədi aprelin 12-də Macarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etməkdir.
Bu barədə XQ-yə Mərkəzi Seçki Komissiyası Katibliyindən məlumat verilib.
Bildirilib ki, səfər proqramına əsasən, MSK sədri M.Pənahovun həmkarı A.Nagy və digər rəsmi şəxslərlə, habelə seçkilərin müşahidəsinə qatılan müxtəlif ölkələrin ali seçki qurumlarının rəhbərləri ilə görüşlər keçirməsi planlaşdırılır. Görüşlər zamanı seçki idarəçiliyi sahəsində təcrübə mübadiləsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı müzakirələr aparılması nəzərdə tutulur.
MSK nümayəndələri paytaxt Budapeştdə seçkiqabağı hazırlıq prosesi ilə tanış olacaq, həmçinin seçki günü məntəqələrdə səsvermənin gedişini müşahidə edəcək.
Qeyd etmək lazımdır ki, Mərkəzi Seçki Komissiyası Macarıstanda parlament seçkilərinin müşahidəsində ATƏT/DTİHB-nin müşahidə missiyasının tərkibində də təmsil olunur.
N.Adilqızı
XQ

