Kimlər 5 il tez pensiya hüququ qazanır?

post-img

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XQ-yə bildiriblər ki, “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə edilən yeni dəyişiklik uşaqlara görə güzəştli şərtlərlə (pensiya yaş həddi 5 il azaldılmaqla) pensiya hüququ olan şəxslərə də pensiyanın proaktiv təyin edilməsinə imkan yaradacaq.

Qeyd edilib ki, bu vaxta qədər 5 və daha çox uşağı olan şəxslərə güzəştli şərtlərlə pensiya təyinatı üçün qanunda həmin uşaqların 8 yaşınadək tərbiyəetmə və böyütməsi tələb olunurdu. Bu fakt da yalnız vətəndaşın təqdim etdiyi arayış əsasında təsdiq edilirdi. Yeni dəyişikliklə artıq bu tələb aradan qalxıb və həmin pensiya növünün də proaktiv təyinatına maneə qalmır. Eyni zamanda qanunun 8.1-ci maddəsində göstərilir ki, qadınlar öz uşaqlarından əlavə, övladlığa və ya qəyyumluğa uşaq götürüb 8 yaşınadək tərbiyə etdikdə və uşaqların sayı öz uşaqları ilə birlikdə 5 və ya daha çox olduqda onların da 5 il erkən pensiya hüququ var. 

Yeni dəyişikliklə övladlığa və ya qəyyumluğa götürülən uşaqların yalnız valideynlərini itirmiş və ya himayədən məhrum olması şərti ilə bu hüquq yaranacaq. Əlilliyi müəyyən edilmiş uşağı olan valideynlərlə yanaşı, əlilliyi müəyyən edilmiş uşağı 8 yaşınadək övladlığa və ya qəyyumluğa götürmüş şəxslərə də uşaqlara görə güzəştli şərtlərlə pensiya hüququ veriləcək. Bu, övladlığa və qəyyumluğa götürülməyə ehtiyacı olan, müvafiq dövlət müəssisələrində yerləşdirilmiş uşaqların ailə qayğısı ilə əhatə olunmasını stimullaşdırmaq məqsədi daşıyır. 

Qanuna əlavə edilən daha bir dəyişiklik də diqqət çəkir. Belə ki, bu vaxtadək ana vəfat etdiyinə və ya valideynlik hüququndan məhrum edildiyinə, yaxud ana ilə nikaha xitam verildiyinə görə 5 və daha çox uşağını və ya əlilliyi müəyyən edilmiş övladını növbəti nikah bağlamadan, təkbaşına 8 yaşınadək böyüdən atalara 5 il erkən pensiyaya çıxmaq hüququ verilirdi. Yeni dəyişiklik həmin atalara yalnız növbəti nikaha daxil olduqları halda da bu hüququn şamil olunmasını nəzərdə tutur.

Zərifə BƏŞİRQIZI 
XQ

 

Sosial həyat