Bu mülahizələrdən hansına inanaq?
Sosial şəbəkələrdə hər gün qarşımıza çıxan “möcüzə pəhrizlər” və “şok arıqlama proqramları” böyük maraq doğurur. Xüsusilə gənclər qeyri-peşəkarların məsləhətləri əsasında qidalanmada kəskin məhdudiyyətlər edir, tibbi mənbələrə və mütəxəssislərin rəylərinə güvənmək əvəzinə, asan və sürətli nəticələr axtarırlar. Bəs bu vədlərin arxasında nə dayanır? Hər pəhriz sağlamlığa xidmət edirmi?
28 yaşlı Nigar Məmmədova yay aylarında detoks suları ilə pəhrizə başlayıb: “Hər gün müxtəlif tərəvəzlərlə hazırlanan detoks suları içirdim. Bir neçə kilo atdım, amma sonra davam edə bilmədim. Enerjim tükənmişdi və əsəbi idim. Pəhrizi dayandıran kimi atdığım çəki iki qat geri qayıtdı”. 35 yaşlı Aytən Həsənova məşhur ketogen pəhrizini sınayıb: “Qısa müddətdə nəticə əldə etsəm də bu, sosial həyatıma təsir etdi. Üstəlik, daimi yorğunluq və baş ağrıları məni narahat edirdi”.
55 yaşlı Sevda Əliyeva isə son dövrlər çox populyar olan "aralıqlı oruc" (intermittent fasting) pəhrizi ilə bağlı təcrübəsini bölüşdü:
– Bu pəhriz sayəsində qısa müddətdə müəyyən nəticələr əldə etdim, lakin maddələr mübadiləsini sürətləndirməsinə, insulin həssaslığını artırmasına baxmayaraq, səhhətimdə bəzi ciddi problemlər yaratdı. İlk günlərində özümü yaxşı hiss etsəm də sonradan davamlı yorğunluq, halsızlıq və başgicəllənmə problemi ilə üzləşdim. Həkimlə məsləhətləşdikdə məlum oldu ki, pəhriz mənim vəziyyətimi daha da ağırlaşdırıb. Həqiqətən, hər kəsin orqanizmi fərqlidir və birinə uyğun olan pəhriz digərinə zərər verə bilər. Düşünürəm ki, pəhrizə başlamazdan əvvəl mütləq həkim nəzarətindən keçmək lazımdır.
Bu nümunələr göstərir ki, ciddi pəhrizlər sağlamlıqla bağlı bir çox problem yaradır.
Həkim-dietoloq Tutu Zeynalova sürətli çəki atmaq istəyən insanların yol verdikləri səhvlərdən və sağlam həyat tərzinin vacibliyindən danışdı:
– Bir çox insan illər ərzində topladığı artıq çəkidən qısa müddətdə azad olmaq istəyir. Bu cür yanaşma isə orqanizmdə ciddi fəsadlara səbəb olur. Qısamüddətli pəhrizlər zamanı orqanizm lazımi vitamin və mineralları almır, nəticədə əsəbilik, yuxu pozğunluğu, saç tökülməsi və dərinin elastikliyini itirməsi kimi problemlər yaranır. Üstəlik, bu pəhrizlər davamlı nəticə vermir, çünki insanlar əvvəlki qidalanma vərdişlərinə qayıdırlar. Nəticədə itirilmiş çəki geri qayıdır və hər dəfə orqanizm qoruma rejiminə keçir, maddələr mübadiləsi zəifləyir.
Artıq çəki problemi olan insanlar ilk növbədə vəziyyətin səbəbini araşdırmalıdırlar. Bunun üçün müvafiq analizlər vermək, qidalanma vərdişlərinə diqqət yetirmək və mütəxəssislə məsləhətləşmək lazımdır. Həmçinin piylənməyə səbəb olan “fast food”ların qəbulu azaldılmalıdır.
Çəki problemi ilə üzləşənlərin ilk olaraq terapevt və ya endokrinoloqa müraciət etmələri tövsiyə olunur. Bəzən artıq çəki “D” vitamini və ya dəmir çatışmazlığından qaynaqlana bilər, bu halda pəhrizlər effekt vermir. Bəzi insanların həddindən çox yeməklərinin səbəbi psixoloji problemlərlə də əlaqəlidir. Bu halda peşəkar psixoloqa müraciət etmək məsləhətdir.
Ən çox yayılan səhvlərdən biri isə insanların ac qalması və ya gün ərzində yalnız bir dəfə qidalanmasıdır. Bu, tamamilə yanlışdır. Qidalanmanı balanslı şəkildə qurmaq və həyat tərzini dəyişmək lazımdır. Bu proses fiziki aktivliyi — gündə ən azı yarım saat açıq havada gəzinti, idman və düzgün yuxu rejimini əhatə edir. Balanslı qidalanma hər şeydən tamamilə imtina etmək deyil, radikal qərarlar insanın psixoloji sağlamlığına mənfi təsir göstərə bilər.
Müasir dövrün ən böyük problemlərindən biri qidaların keyfiyyətidir. Kütləvi istehsal nəticəsində qidaların tərkibi dəyişib. Bir çox emal olunmuş məhsulda süni əlavələr, konservantlar, həddindən artıq şəkər və trans yağlar mövcuddur. Uzunmüddətli istifadə zamanı bu maddələr orqanizmə zərər vurur, iltihabi proseslərə, piylənməyə və xroniki xəstəliklərə səbəb olur.
Dünyanın bir çox ölkəsində, məsələn, ABŞ və Avropada qidaların tərkibinin sağlamlığa təsiri ilə bağlı geniş araşdırmalar aparılır və ictimaiyyət məlumatlandırılır. Bəzi ölkələr yüksək şəkər və duz tərkibli məhsullara əlavə vergi tətbiq edir. Buna görə təbii və minimal emal olunmuş qidalara üstünlük vermək vacibdir.
Unutmaq olmaz ki, pəhriz sadəcə müvəqqəti məhdudiyyət deyil, sağlam həyat tərzinin tərkib hissəsidir. Sağlam qidalanma “möcüzə” pəhrizlərdən daha çox, ağıllı və davamlı həyat tərzidir.
Arzu ƏLİYEVA
XQ