Gəncədə “Qadın problemləri: 100 il əvvəl və indi” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Konfransa şəhərin ziyalı qadınları, alimlər, qadın təşkilatlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri dəvət olunmuşdular.
Konfransı giriş sözü ilə Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Tərifə Abbasova açmışdır. O, qeyd etmişdir ki, müzakirəyə çıxarılmış mövzu olduqca aktualdır və o, bu gün də öz əhəmiyyətini qoruyub saxlayır.
Mövzu ilə bağlı tarix üzrə fəlsəfə doktoru Amalya Qasımova çıxış edərək demişdir ki, XX yüzilliyin əvvələrində Azərbaycanda qadın hərəkatı ümumiyyətlə baş verməmişdir. Onların problemlərini həll etmək vəzifəsini dövrün qabaqcıl ziyalıları – milli mətbuatımızın nümayəndələri öz üzərlərinə götürmüşdülər.
Mətbuat qadınların təhsil, ailə-nikah, sosial və hicab ətrafında mübahisələr mövzusunu geniş işıqlandırırdı. Bakı və Tiflisdə nəşr olunan qəzet və jurnallarda dövrün qabaqcıl ziyalıları qadın azadlığı uğrunda apardıqları mübarizəni ilk növbədə onların təhsil probleminin həllinə yönəltmişdilər. Çünki qızlar təhsil ala bilmirdilər və üstəlik dövrün mürtəce qanunları buna yol vermirdi. XIX əsrin 40-cı illərində Azərbaycanda kəbin-boşanma işlərinə şəriət məhkəmələri baxırdı. Qadınlar erkən yaşda ərə verilir, başlıq pulu alınır, onunla ailənin qulu kimi rəftar edilirdi. Boşandıqda, valideynini itirdikdə, əmlak bölgüsündə ayrı-seçkiliyə məruz qalırdılar.
Rəsmi mənbələrin yazdığına görə əsrin əvvəllərində dövlət idarələrində cəmi 17 müsəlman qadın çalışırdı. Ona görə də mətbuat qadınların sosial problemlərinə də işıq salmağa çalışırdı. Şəfiqə xanım Əfəndizadə “Dirilik” məcmuəsində bütün dünyada qadınlar arasında sənət öyrənməyə, cəmiyyətdə işləməyə marağın artdığını qeyd edir, Azərbaycanda hələ ibtidai halda olan “diriliyin” inkişafına nail olmağın yollarından danışır, sırf müsəlman qızlara məxsus sənət məktəbləri açılmasını vacib hesab edirdi.
Hicab ətrafında diskussiyalar daha gərgin mübarizə şəraitində baş verirdi. Mətbuat iki cəbhəyə bölünüb çadranın lehinə və əleyhinə çıxışlar edirdi. “Əkinçi”, “Həyat”, “Tərəqqi”, “İqbal”, “Səda” qəzetləri “Tazə həyat”, “Şəlalə” məcmuələri ilə çəkişirdilər. Hicabın ləğv olunmasına qarşı çıxanlara Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbov cavab olaraq “Səda” qəzetinə göndərdiyi məktubda yazırdı: “qadınların üzü, əlləri və ayaqlarının açıq olması caizdir”.
Belə bir vaxtda ziyalı qadınlar Bakıda “İşıq” adlı qadınlar qəzetinin açılmasına nail oldular və onun tribunasından öz hüquqsuz vəziyyətlərini aləmə bəyan etdilər.
Amalya Qasımova öz çıxışını müasir dövrdə mövcud qadın problemlərinə yönəltmişdir və demişdir ki, bu gün də qadınlarımızın həyatında müəyyən çətinliklər mövcuddur. Azyaşlı qızlar yaşlı kişilərə ərə verilir və ailə yükünü çəkə bilməyib ayrılırlar, yaxud övladlarından imtina edirlər. Zorakılıq halları, həyatlarına yaranan təhlükələr artır. Əslində biz ziyalı qadınların da əlində sosial şəbəkələr kimi bir tribuna var. Burada öz sözümüzü deyib təbliğatımızı aparmalıyıq. Bizim hər birimiz belə hallara qarşı çıxmalıyıq.
Sonra konfransda bu mövzuda geniş müzakirələr aparılmışdır. Gəncə şəhər MKS-nin direktor vəzifəsini icra edən Tərifə Abbasova, yazıçı-dramaturq, publisist və ictimai xadim Nüşabə Əsəd Məmmədli, “Gəncənin səsi” qəzetinin Baş redaktoru Rəfiqə Sadıqova, AYB-nin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova, şairə, AYB-nin üzvü Aləmzər Əlizadə, “Novosti Qyandji” qəzetinin əməkdaşı Fatma Cəfərova, AMEA Gəncə bölməsinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, GDU-nun tarix üzrə fəlsəfə doktoru Nurlana Həmzəyeva, Azərbaycan-Xəbər portalının Gəncə bölməsinin rəhbəri Dəniz Əlizadə, AMEA Gəncə Bölməsinin tarix şöbəsinin müdiri Nərgiz Rəsulova, Gənclər Evinin əməkdaşı Xuraman Ağayeva və başqaları çıxış edərək müzakirə olunan məsələ ilə bağlı öz fikirlərini bildirmiş və təkliflər irəli sürmüşlər.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə