Hacıqabul Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Konfransda şuranın üzvləri, ziyalılar, idarə, təşkilat rəhbərləri və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov konfrans iştirakçılarını salamlayaraq rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolundan, rayonda onların nüfuzunun artmasından söz açıb və şuranın ötən dövrdəki fəaliyyətini müsbət qiymətləndirib.
Hesabat məruzəsi ilə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov Prezident İlham Əliyevin uğurlu xarici və daxili siyasətindən danışaraq qeyd edib ki, müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyası bu gün uğurla davam etdirilir və bunun nəticəsində ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrəti, eləcə də beynəlxalq nüfuzu günbəgün artır.
Konfransda çıxış edən rayon ağsaqqalları Şükür Məmmədov, Əhməd Ağayev və Süleyman Bəşirov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsində, işğal olunmuş ərazilərdə yenidənqurma və abadlıq işlərinin aparılmasında əvəzsiz fəaliyyətindən bəhs ediblər. Natiqlər son illərdə Hacıqabul rayonunda ağsaqqalların gündən-günə artan səmərəli fəaliyyətindən, rayonun ictimai-siyasi həyatında danılmaz rolundan söz açıb və şuranın ötən dövrdəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov respublikamızın ictimai-siyasi həyatındakı mövcud vəziyyəti geniş təhlil edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan iqtisadi islahatlardan, uğurlu daxili və xarici siyasətdən danışıb. O, həmçinin cəmiyyətimizdə mövcud olan problemlərin qarşısının alınmasında ağsaqqalların əvəzolunmaz rolunun olduğunu qeyd edib və bu işlərdə ağsaqqalları daha fəal olmağa çağırıb.
Ə.ƏLİYEV
XQ