Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə İraq və Suriya türkmənlərindən ibarət nümayəndə heyəti “Türkmən mirası: sivil toplum dayanışması” konfransına qatılmaq məqsədilə Bakıda olub. “XQ” heyət üzvlərinin Şuşaya səfəri barədə məlumat vermişdi. Bu dəfə İraq Türkmən Jurnalistlər Cəmiyyəti xarici əlaqələr şöbəsinin müdiri, doktor Kürşat Çavuşoğlunun Xankəndi səfəri ilə bağlı özəl qeydlərini oxucuların ixtiyarına veririk.
Qarabağın ən böyük şəhəri Xankəndiyə səfərimiz hafizəmdə dərin izlər buraxdı. Bələdçimizdən öyrənirik ki, 1991-ci ildən Ermənistanın işgalı altında olan Xankəndini Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-da Qarabağda başladılan və 23 saat davam edən anti-terror əməliyyatından sonra azad edib. İndi qədim Azərbaycan torpağı olan Qarabağın hər yerində, o cümlədən Xankəndinin üzərində üçrəngli bayrağımız dalgalanır.
Daha sonra türkmən heyəti Xankəndi şəhərində yeni qurulmuş, azərbaycanlı gənclərə yüksək təhsil verməyə başlayan Qarabağ Universitetini ziyaret etdi. Universitetin rektoru Şahin Bayramov bu yeni təhsil ocağının normal fəaliyyət göstərməsi üçün dövlət tərəfındən hər cür şəraitin yaradıldığını söylədi. Biz universitenin laboratiya və kitabxanasını gəzdik, dərsliklərlə tanış olduq. Heyətin üzvləri Azərbaycanın müasir elm və təhsil yolunda atdığı uğurlu və qətiyyətli addımları əyani şəkildə, həm də yerində görməkdən böyük qürur və məmnunluq duydular. Ziyarət zamanı türkmən heyətinin üzvləri Qarabağ Universiteti ilə Türkmən akademiyaları arasında elmi-mədəni ortaq layihələrlə akademik əməkdaşlığı güçləndirməklə bağlı öz baxışlarını bildirdilər. Hörmətli rektora qonaqqpərvərliyi üçün təşəkkür borcumuz var.
Azərbaycan igidləri Qarabağı yağıdan azad etdi
Azərbaycan Prezidenti İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə yaradılan Qarabağ Universitetinin təməl hədəfi bölgənin sosial-iqtisadi vəziyyətinə uyğun olaraq pedaqoq ehtiyacını ödəməkdir. Xankəndinin göbəyində qərar tutmuş universitet Elm və Təhsil Nazirliyinin muxtar statusa malikdir. Onun bu statusu Azərbaycan Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli qərarı ilə təsdiqlənib. 2024-cü il sentyabrın 23-dən etibarən 1,154 tələbə, 6 fakültə və 27 şöbə ilə ilk tədris ilinə başlayıb. Bu universitetin hədəfləri arasında cəmiyyətin sosial, iqtisadi, texnoloji və mədəni həyatında mühüm rol oynayacaq, beynəlxalq miqyasda tanınacaq, müasir elm, təhsil və sənət mərkzlərindən birinə çevrilmək yer alır.
Qarabağ Universitetinin əsas missiyası isə ölkənin gələcəyə yönəlik sosial, iqtisadi və mədəni inkişafına öz töhfəsini verməkdir. Buna görə, universitet müasir elmi araşdırmalar aparmağı, çağdaş problemlərin yeni həll yollarını tapmağı, dünya standartlarına uyğun yüksək intellektli mütəxəssislər yetişdirərək dövlətə və xalqa faydalı xidmət göstərməyi özünün proqramı kimi qəbul edib.
2023-cü ilin sentyabrında 23 saata Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxmağa tələsməyən 15 minlik tör-töküntüsünün müqavimətini qıran Azərbaycan Ordusu bununla 2020-ci ildə yarımçıq qalmış işi başa çatdırdı, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bir il səkkiz ay bundan əvvəl Azərbaycan, Xankəndi daxil olmaqla, bütün torpaqları üzərində nəzarətini və təhlükəsizliyini təmin etdi. Bununla da Xanın kəndindəki separatçı rejim çökdü, onun “liderləri” isə bunu rəsmən bəyan etdilər. Qarabağın 1992-ci ildən bəri davam edən erməni işğalına son qoyuldu, üçrəngli bayraq şəhərin ən hündür nöqtəsinə sancıldı.
Hayların qulağına taxılan “sırğa”
SSRİ-nin dağıldığı və müstəqilliyini qazandığı o çətin dövrdə Azərbaycan naxələf qonşusu Ermənistanın “pis sürprizi” ilə qarşılaşmalı oldu. Yəni siyasi, iqtisadi, sosial xarakterli problemlərlə üzləşmiş Azərbaycan, üstəlik, işğalçı Ermənistanla mücadilə etməyə məcbur oldu. Yüz il əvvəl Azərbaycanın tarixi torpaqları hesabında heçdən qurulan Ermənistan bu dəfə Qarabağa iddia etmək kimi həyasıqlığını sərgilədi. Sovetlər birliyi dağılanda böyük ərazilərini itirən Rusiya isə keçmiş SSRİ coğrafiyasında hegomonluğunu davam etdirməyin ən asan yolu kimi etnik qarşıdurmalara rəvac verməyə başladı. Milli zəmində körükləndirilən münaqişə ocaqlarından biri olmaq Qarabağın bəxtinə düşmüşdü. Moskva məhz bu səbəbdən Ermənistanı hər cəhətdən dəstəkləyirdi. Hayların 1988-ci ildən etibarən başladıqları Qarabağa iddiaları işgalla yekunlaşdı. Bölgənin aborigen sakinləri – azərbaycan türkləri hər cür işgəncəyə, soyqırımına məruz qaldı. Ölən öldü, sağ qalanlar isə öz yurdlarında köçkünə, qaçqına döndülər. Dünya xəritəsində nöqtə boyda olan Qarabağ Azərbaycan üçün böyük yaraya çevrilərək 30 ilə yaxın Ermənistanın işgalı altında inlədi.
Amma zülmün, istibdadın, işğalın da bir sonu olur. İndi Ermənistan baş naziri Nikol Paşinyanın “Azərbaycanın 86 min 600 kilometrlik ərazi bütövlüyünü tanıyırıq” açıqlaması hayların qulağına taxılan sırğa kimi batır.
Qarabağ bizimdir,
Qarabağ Azərbaycandır!
Səfərimiz zamanı ünsiyyətdə olduğumuz insanlardan eşitdiklərimiz bizdə qəti qənaət formalaşdırdı: Azərbaycan türkləri Ermənistanın 30 il sürən işğal məşəqqətinə baxmayaraq, doğma yurdlarından bir gün deyil, bir saniyə belə vaz keçmədilər. On illərcə davam edən mücadilə və yaşanan acılar mütləq özünün məntiqi sonluğuna çatmalı, Qarabağ özünün əvvəlki azadlığına qovuşmalı idi. Artıq qardaşlarımız “Qarabağ Azərbaycandır!” nidasını bütün dünyaya qəbul etdirib. Bu gün üçrəngli Azərbaycan bayrağı qədim türk yurdu Qarabağın hər guşəsində dalğalanır.
Vətən torpağından bir an belə vaz keçməyən Azərbaycan xalqı, onun Ali Baş komandanı və müzəffər ordusu Qarabağı erməni işgalından birdəfəlik qurtardı. Bununla da Qarabağ özü də həqiqi sahibləri olan Azərbaycan türklərinə qovuşdu. Azərbaycan igidləri xalqın illərlə davam edən acısına, Vətən həsrətinə də son qoydu. Haqq edilərək qazanılan Zəfər Azərbaycanın özü qədər də Türk dünyasını sevindirdi. Bəli, bu Zəfər, sadəcə tək Azərbaycanın deyil, eyni zamanda, bütün Türk dünyasının zəfərinə çevrilmiş oldu.
Şair gözəl deyib: Bayraqları bayraq yapan üstündəki qandır, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Doğma torpağını işgaldən qurtaran, Vətəninin bölünməzliyi, bütövlüyü uğrunda canlarını sevə-sevə fəda edən şəhidlərimizin əziz xatirəsini minnətlə, rəhmətlə anırıq.
Kürşat ÇAVUŞOĞLU,
İraq Türkmən Jurnalistlər Cəmiyyətinin xarici əlaqələr şöbəsinin müdiri