AMEA-nın Naxçıvan Bölməsində baş tutan “28 May – Müstəqillik Günü” mövzusunda elmi konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.
Akademik çıxışında müstəqillik, ərazi bütövlüyü və suverenlik anlayışlarının xalq üçün vacibliyindən, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yerindən danışıb. AXC-nin təkcə Azərbaycanın deyil, bütün Şərq dünyasının ilk demokratik, hüquqi və dünyəvi dövləti olduğunu vurğulayıb.
Natiq bildirib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə bir çox mühüm islahatlar həyata keçirib.
İsmayıl Hacıyev ADR-in fəaliyyətini xalqın öz müqəddəratını təyin etmək potensialının təzahürü kimi qiymətləndirib. Azərbaycana siyasi rəhbərliyinin birinci dövründə Ulu Öndər Heydər Əliyevin xalqı müstəqilliyə hazırlamaq üçün yürütdüyü siyasətdən, ölkədə ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından sonra müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən bəhs edib. Heydər Əliyev siyasi xəttinin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.
Çıxışının sonunda bölmə sədri tədbir iştirakçılarının timsalında xalqımızı Müstəqillik Günü münasibətilə təbrik edib.
Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun gənc əməkdaşlarından Əli Tağıyev “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına gedən yol”, Səfər Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Çinarə Rzayeva “Cümhuriyyət dövründə ədəbiyyat və dil siyasəti” mövzusunda məruzə ediblər.
Məruzələrdə XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda, eləcə də qonşu ölkələrdə baş verən ictimai-siyasi proseslərə nəzər salınıb, milli oyanış hərəkatının Cümhuriyyətin qurulmasında oynadığı mühüm rol vurğulanıb. Bildirilib ki, xalqın istiqlal arzusu, ziyalıların milli şüuru və mütəşəkkil mübarizə nəticəsində müstəqil dövlət qurmaq mümkün olub. Cümhuriyyətin elan olunması, dövlət quruculuğu sahəsində atılan mühüm addımlar, qanunvericilik, ordu, təhsil və diplomatik fəaliyyət sahəsindəki nailiyyətlər, aparılan diplomatik danışıqların məğzi geniş şərh olunub.
Konfransda həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə ana dilinə verilən önəm xüsusi qeyd edilib. Ana dilimizin dövlət dili elan edilməsi, mətbuatın, xalq ziyalılarının, eləcə də ədəbi mühit nümayəndələrinin əsərlərinin milli kimlik və birlik düşüncəsinin formalaşmasında oynadığı rol vurğulanıb.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.