Göyçayda qiraət müsabiqəsi

post-img

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən bu təşkilatın prezidenti Elxan Süleymanovun təşəbbüsü ilə növbəti təhsil layihəsi - Göyçay məktəbliləri arasında “Göyçay şairləri – qiraət müsabiqəsi” keçirilib. Xalq şairi Rəsul Rza, Əli Kərim, İsgəndər Coşqun, İbrahim Göyçaylının yaradıcılığına həsr olunmuş layihə Göyçay rayon məktəblərində təhsil alan şagirdlərin ədəbi bilgilərinin artması, bədii-estetik zövqünün, nitq səviyyəsinin yüksəlməsini nəzərdə tuturdu.

İlk mərhələlərdə rayon məktəbləri üzrə keçirilən layihə AVCİYA-nın Mərkəzi Aran Regional Təhsil İdarəsi, Göyçay rayon-şəhər məktəbləri ilə koordinasiyalı əməkdaşlıq əsasında həyata keçirilib və məktəblər üzrə qaliblər müəyyənləşdirilib. Növbəti mərhələdə məktəb qalibləri arasında rayon üzrə müsabiqə təşkil olunub.

Yekun mərhələsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatırının aktyoru, Xalq artisti Nürəddin Mehdixanlının sədrliyi ilə, Xalq artisti Tarıyel Qasımov, AVCİYA-nın birinci vitse-prezidenti Asif Hacılı, göyçaylı şairlər Adil Məmməd, Ətraf Sərraf, müəllim Tahirə Əsədovadan ibarət münsiflər heyəti tərəfindən 54 məktəbdən müsabiqəyə qatılmış 113 şagirddən 19 nəfər qalib seçilib.

Mükafatlandırma mərasimindən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi və haqqa qovuşmuş şailərin məzarları ziyarət edilib, gül dəstələri qoyulub. Göyçay rayon Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə rayon ictimaiyyətinin, icra aparatının, Mərkəzi Aran Regional Təhsil İdarəsinin, məktəblərin nümayəndələri və valideynlər iştirak ediblər. Qaliblərə Qran-pri (1 mükafat), 1-ci yer (3 mükafat), 2-ci yer (3 mükafat), 3-cü yer (3 mükafat) və 9 həvəsləndirici mükafat təqdim olunub.

Mərasimdə çıxış edən ziyalılar, valideynlər Elxan Süleymanovun bu təşəbbüsünü yüksək qiymətləndirib, bu aksiyanın şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinə, ana dili və ədəbiyyata olan marağının artmasına təkan verəcəyini qeyd ediblər.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sosial həyat