Azərbaycanın yeni gerçəkliyi Zəfər ünvanından daha aydın görünür
“Qafqazın Xirosiması” adlanan Ağdamın əvvəlki mənzərəsindən bir nişanəyə rast gəlməmək nə qədər ağır olsa da, Qarqarçayın axarı boyunca dağlara qalxıb Şuşanın, sözün hər iki mənasında, dumansız olan zirvələrini görmək, Sarı Aşığın vətənində, Xosrov bəy Sultanovun yurdunda qonaq kimi gecələmək olduqca sevindirici və öyünclü idi.
Milli tariximizdəki 1992-ci il soyqırımı faktının şahidi olmuş Xocalı aeroportunun viranəlikləri fonunda şəkil çəkdirmək, Əlif Hacıyevin xatirəsini anmaq nə qədər üzücü olsa da, dünyanın ən müasir hava gəmilərinin enib-qalxdığı Laçın Beynəlxalq Hava Limanı barədə maraqlı fikirlər eşitmək o qədər xoş idi.
“O görünən ərazi Daşaltı deyilən yerdir. Orada çox böyük itkilərimiz olmuşdu” ifadəsini eşitmək ürəyimizdəki hüznü artırıb, kədəri “qanatsa” da, Xankəndinin mərkəzi meydanında eynilə Bakıdakı kimi əlimi-qolumu sallayaraq, əmin-arxayın oturub istirahət etməyim milli fəxarət dəryamızı dalğalandırırdı.
Ağdamda, Şuşada, Laçında tarixin haqsızlığını, insanların ədalətsizliyini görərək “heyrətdən daş ağzı açıq qalmış” viranə evlərimizi görmək iyun ayında da canımıza üşütmə salsa da, ötən əsrin yetmişinci illərində Bakıda olmuş gürcü yazıçının
(təəssüf ki, indi adını xatırlaya bilmirəm) bir ifadəsini xatırlayanda özüm özümə təsəlli verdim. Gürcü dostumuz Bakıdakı tərəqqi barədə söz açarkən tikinti kranlarını “quruculuq simfoniyasının dirijoru” adlandırmışdı. Həmin “dirijorlar” indi Ağdam, Şuşa və Laçında ( təbii ki, ancaq bu səfərdə gördüyümüz faktları yada salırıq) çox çox möhtəşəm quruculuq simfoniyasını müşayiət edirlər.
Qağayılar qarşısında etiraf
Biz Bakıdan yola düşəndə, daha doğrusu, Sahil qəsəbəsinə çatanda qağayılar dənizdən kənarda, sahilin üstündə uçuşur, haradansa bulud sürüyüb gətirən küləyə qarşı çıxırmış kimi “manevr edirdilər”. Onda mən 15–16 il əvvəl məhz qağayılara xitabən yazdığım sətirləri xatırladım: “Sizə nə var, hara istəsəniz uçub gedirsiniz. İstəyirsiniz əlli ölkə, əlli dəniz üstündən keçib gedin. Heç bir qorxunuz, qadağanız yoxdur. Mən isə burdan-bura Ağdama, Şuşaya gedə bilmirəm”.
... Qağayılar dediyimi başa düşsəydilər onlardan üzrxahlıq edərdim. Deyərdim ki, bağışlayın, mən indi Ağdama, Şuşaya gedirəm. Həm də oğlum və nəvəm ilə birlikdə.
Bərdə həm gözəldir, həm bərəkətli...
...Tarixi memarlıq ornamentlərindən də istifadə edərək hazırlanmış, üstündə böyük şriftlərlə “Bərdə” yazılmış geniş ala qapıdan keçəndən ta nəfəsimizi dərmək üçün dayandığımız ünvanadək yolun hər iki tərəfində boy sırası düzülmüş qızılgüllər (dekorativ olsa da, çox gözəl idilər) guya, qonaqlara xoşgəldin deyir, gələnlərin hamısını salamlayırdı. Sanki, ulu Nizami “Bərdə nə gözəldir, necə qəşəngdir” ifadəsini məhz bu lövhəni görəndən sonra yazmışdı.
Nizami demişkən, o böyük mütəfəkkirimizin müdrik hökmdar obrazı kimi yaratdığı Nüşabə Bərdədə fateh İsgəndəri qarşılamaq üçün açılmış süfrəyə daş, torpaq düzdürmüş və demişdi ki, bunları yeyə bilməyəcəksənsə, bu qədər insanları qırğına vermək nəyinə gərəkdir? Ermənilərdə bir misqal qədər də fatehlik olmasa da, onlara da bu sualı vermək istədim. Amma yadıma düşdü ki, ermənilər Qarabağ və Şərqi Zəngəzurun daşını, torpağını, ağaclarını çox yeyiblər. Lap çox. Vəhşicəsinə.
...Süfrədən söz açmışkən, iyunun 6-da bərdəlilərin bizim üçün açdığı süfrədəki nemətlər haqqında bəlkə də Qarabağa növbəti səfərimizədək danışacağam. (Yəqin, oxucu başa düşdü ki, reklam haqqında qanuna əməl etmək məqsədiylə konkret ünvanı göstərmədim).
“Ay sona bülbüllər”
Ağdamın tarixi şəxsiyyətləri, görkəmli elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri çox olsa da, bu rayonun ərazisində dolananda, xüsusən, ötən ay dövlət başçımız və Birinci vitse-prezidentin iştirakıyla açılışı edilmiş Ağdam Muğam Mərkəzinin misilsiz gözəlliyinə heyran olanda xatırladığım ilk ağdamlı – Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri, xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Qədir Rüstəmov oldu.
Yadımdadır, 1995-ci ildə hansısa verilişə çəkmək üçün onu televiziyaya dəvət etmişdilər. Bütün jurnalistlər kimi mən də məqamdan istifadə edərək ona yaxınlaşdım və radiodakı verilişimə dəvət etmək istədim. Bu məqsədlə 1970-ci ildə “yumşaq plastinka” deyilən texniki vasitəyə yazılmış “Sona bülbüllər” mahnısını, kənd klubunda səsləndirilən həmin mahnıya qulaq asmaq üçün məktəbin divarından aşarkən ayağımın burxulduğunu (o zaman internat məktəbdə oxuyurduq və gün batandan sonra bizim məktəbin həyətindən kənara çıxmağımıza icazə vermirdilər) danışdım və xahiş etdim ki, ya bu gün, ya da sabah on dəqiqəlik qonağımız olun.
Söylədiklərimə diqqətlə qulaq asandan sonra dedi: “Ağdam işğaldan azad ediləndən sonra oraya gedib gəlim, sonra siz jurnalistlərin hamınızın qonağı olmağa hazıram”.
Ağdam işğaldan azaddır, Qədir müəllim...Üstəlik, sənin iştirakınla start verilmiş “Xarı bülbül” muğam festivalı da on illərdən sonra yenə Ağdama qayıdıb.
Qocaların yallısı, “Yaşa Azərbaycan!” nidası
Bu bizim torpaqlarımız işğaldan azad ediləndən sonra Şuşaya ikinci səfərimiz idi. Şuşa sanki 13 ay əvvəl gördüyümüz şəhər deyil. Maşallah, nə qədər yeniliklər, tərəqqi, inkişaf var. Allah qorusun.
Ötənilki səfərimiz zamanı dağlar elə dumanlı idi ki, biz Cıdır düzündə özümüzdən başqa heç nəyi, heç yanı görə bilmirdik. Elə qonaq da az idi. İndi isə heç bir mədəni-kütləvi tədbir olmasa da, Cıdır düzündə iynə atsan yerə düşməzdi. Bir tərəfdə qocalı-qadınlı 10-15 nəfər yallı oynayır, bir tərəfdə təxminən əlli nəfərlik turist qrupu “Yaşa Azərbaycan!” mahnısının sözlərini də, ritmini, taqtını da öz bildikləri kimi oxuyur, bu yerin Zəfərin adına layiq şənlik edirdilər. Meydanı qəhqəhə sədaları başına götürmüşdü.
Başqa bir tərəfdə isə Şuşanı yaxşı tanıyanlar qonaqlara Topxana meşələri tərəfi, Daşaltı istiqamətini göstərir, Xüsusi təyinatlılarımızın dırmaşdığı vahiməli qayaların fəthindən danışırdılar. Məni ən çox məmnun edən isə nəvəm Davidin Şuşa ilə bağlı verdiyi sualların tükənməməsi idi.
Oyanan qeyrətin sübhü, səhəri...
Xankəndinin ilk binalarını görəndə ürəyimdən hansı hisslər keçdisə... demək də olmur, yazmaq da. Hər halda beyin bizdən asılı olmayaraq öz “göstəriş”lərini verir. Ötən əsrin 88-90-cı illərində – Ermənistanın güclü himayədarlarının dəstəyi ilə torpaqlarımıza göz dikdiyi, meşələrimizi qırıb, gənclərimizi öldürdüyü günlərdə, haqlı ola-ola səsimizi kiməsə eşitdirə bilmədiyimiz zamanda mənim gücüm Qarabağ barədə nə isə yazmağa çatmışdı:
Oyanan qeyrətin sübhü, səhəri,
Qızaran üfüqdə dandı Qarabağ.
Düşmənin gözünə millənən bıçaq,
Dostuna şöhrətdi, şandı Qarabağ!
Vaqif düzən yerdə söz qatarını,
Üzeyir yaradıb öz qatarını.
Sadıqcan sinədə tutub tarını
Çalanda deyiblər: yandı Qarabağ!
(Xatırladaq ki, Azərbaycan tarı Sadıqcana qədər diz üstündə çalınırdı.)
Doğrudan da, uzun yol gələndən sonra Xankəndinin mərkəzi meydanında oturub istirahət etməyimin tarixçəsini 35-36 il əvvəl qızaran üfüqdəki səhərin işığı ilə bağlamağa çalışdım. Həmin işığı bu günümüzə daşıyan Heydər Əliyev siyasi kursuna minnətdar olduğumu öz-özümə söylədim, bizi bu vüsala çatdıran Ali Baş Komandanımız, ordumuz və liderini, ordusunu möhtəşəm sədaqətlə dəstəkləyən xalqımızın ünvanına söylədiyim alqışları özümdən başqa heç kəs eşitməsə də (halbuki, meydanda yüzlərlə insan var idi) davam etdirdim.
İlk dəfə olduğum Xankəndi haqqında birinci təəssüratım burada gördüyüm cökə ağacları oldu. İlahi, bir şəhərdə nə qədər cökə ola bilərmiş? Allah xana rəhmət eləsin. Alimlər yazırlar ki, yarpağından ərzaq kimi istifadə edilən cökə ən çox bal və oksigen verən ağaclardan biridir. Üstəlik, şəhərin küçələrinə xüsusi gözəllik bəxş edir. Buradakı ikinci təəssüratım isə xan babamızın kəndini tamamilə yenidən quran insanların arasında Azərbaycanın demək olar, bütün guşələrinin təmsilçilərinin olması idi:
Bakı diyarımın görən gözüdür,
Gəncə dəyanəti, Qazax sözüdür.
Naxçıvan ürəkdə odu, közüdür,
Bu böyük bədəndə candı Qarabağ.
Hava yağıntılı olsa da, Xankəndində çox gəzdik. Qarabağ Universitetinə də baş çəkdik, bu ərazilərin qədim sakinlərindən olan albanların ibadət etdiyi kilsəyə də, çoxsaylı yeni tikililərə də. Həyətlərin birindəki ağacın budağını əyərək albalı da yedim. Ona görə ürəkli yedim ki, həm haylar İrəvanda, Göyçədə, Zəngəzurda, Qarabağda yüz illər boyu– bu ərazilərə köçürüləndən bəri bizim meyvələrimizdən çox bəhrələniblər, həm də torpaq mənim babamındırsa, Aşotun orada əkdiyi meyvədən nə üçün dadmayım?
Diqqətimi ən çox çəkən isə işğaldan azad edilmiş ərazilərimizdə istifadəyə verilmiş və tikilməkdə olan möhtəşəm yol infrastrukturu oldu. Mən belə rahat yolları “ağac əkmək üçün yer qazanda neft çıxan” Səudiyyə Ərəbistanında görmüşdüm.
Həkəri, ay Həkəri...
Laçınlı dostum, mərhum Əlqəmə müəllimin (mən “Xalq qəzeti”ndə onun Laçınla bağlı olan neçə yazısını vermişdimsə, bir Allah bilir) yazılarının birində belə sətirlər var idi:
Həkəri, ay Həkəri,
Mar eyləmə şəkəri.
Vaxt gələr, bizə dönər
Zəmanənin təkəri.
Həmin vaxt gəlib, Əlqəmə müəllim. Zəmanənin təkəri elə bir dönüş etdi ki, mən bir gündə Həkərinin üstündən beş-altı dəfə keçdim. Həkərinin sağ sahilində nəvəmlə çörək yedim, sol sahilində – xeyli yüksəklikdəki qonaq evində isə gecələdik.
Həmin gecənin rahatlığını, əmin-amanlığını, sakitliyini bəlkə də heç zaman unuda bilməyəcəm. O sakitliyi səhərə qədər Həkərinin səsi müşayiət elədi, səhərə yaxın isə qaratoyuqların nəğməsi.
Səsyazansız və qələm-dəftərsiz səfər
...Son qırx ildə hansısa səfərə səsyazan və ya qələm-dəftərsiz getdiyim yadıma gəlmirdi. İndi isə yadıma gəlir. Bu il iyunun ilk ongünlüyündə Qarabağ və Şərqi Zəngəzura gedəndə jurnalistə lazım olan heç nə götürməmişdim. Amma səfər boyu yaddaşıma çox məqamları köçürdüm.
Xocalı aeroportunun qalıqlarının yaratdığı kədəri, Əsgəran qalasının köhnə kitaba oxşayan “üz qabığını”, Cıdır düzündəki izdihamı, Ağdamın Cümə məscidini, Konqres sarayını və Muğam Mərkəzini, Qafqazın Xirosimasında Milli Qəhrəman Allahverdi Bağrovun da dəfn edildiyi qəbristanlığı, Həkəri və Qarqarçayın səsini, Xankəndidə Qarabağ Universitetinin qürurlu duruşunu, min illərdən bəri yaşatdığımız tolerantlığın nümunəsi olan Alban kilsəsinin memarlıq üslubunu, Laçın yollarının dolanbaclığını, yol kənarındakı lalə festivalını (orada lalələr indi çiçəkləyib və sanki bu azömürlü çiçəyin orada çoxsaylı növləri var) yaddaşıma elə yazdım ki, bəlkə də qələm-dəftər elə yaza bilməzdi.
Xatırladım ki, yuxarıda adını çəkdiyim “Qarabağ” şeirinin son bəndinə görə məni açıq şəkildə qınayanlar olmuşdu:
İnsan rəzil olur söz götürəndə
Dərd götürən də var, söz götürən də.
İttifaq, ölərsən qan itirəndə
Özün bil, damarda qandı Qarabağ.
Zəng edib deyirdilər ki, Qarabağ əldən getdi, əgər o sənin damarında qan idisə, bəs qansız necə yaşayırsan?
Bu sualın cavabını Azərbaycan Prezidenti, ordumuz və xalqımız verdi. Lider, ordu və xalq sübut etdi ki, biz Qarabağsız yaşaya bilmərik. Mənə qalan isə 35 il əvvəlki inamımın həqiqətə çevrilməsini məhz Qarabağda, Şərqi Zəngəzurda bayram etmək oldu. Həm də oğlum və nəvəmlə…
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist
Ağdam – Şuşa – Xankəndi – Laçın