Bu gün ölkəmizdə mühafizə edilən tarixi abidələrdən biri də “Atəşgah” kompleksidir. Suraxanı rayonunda yerləşən, müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş məbəd “Alov evi” və ya “Alov yeri” anlamını verir. Qədim əsrlərdən bəri Azərbaycanda yanan təbii əbədi odlar insanların dini etiqadlarına güclü təsir göstərmiş və oda sitayiş etmək inancı yaratmışdır.
XVII əsrdə məbədin ətrafında bir-birinin yanında ibadətxana, 26 hücrə və karvansara inşa edilmişdir. Vaxtilə hücrələrdə müxtəlif dini ayinlərin icra olunması və oda sitayiş edən kahinlərin fəaliyyəti üçün lazımi şərait də olmuşdur. Məbədə gələn zəvvarlar karvansarada istirahət imkanı da əldə etmişlər.
“Atəşgah”ın taleyində Azərbaycan xalqının çoxəsrli, hadisələrlə zəngin tarixinin böyük mərhələləri bir-birinə qovuşmuşdur. Abidənin tarixi kökləri çox qədimlərə, Azərbaycan dövlətçiliyinin yarandığı və ölkədə hakim dinin yaranma tarixi eramızdan əvvəl X–IX əsrlərə aid olan zərdüştlük olduğu dövrlərə aparır. Belə ki, dünyada ən qədim dinlərdən biri olan zərdüştlük məhz Azərbaycan ərazisində yaranmışdır. Abşeron yarımadası isə, xüsusən neft və qaz yataqları ilə zəngin olan Suraxanı zərdüştilərin təxminən bizim eranın II–III əsrlərində özlərinə məbəd tikdirmələri üçün ən münasib yer olmuşdur, məbəd isə “Atəşgah”, yəni “od yeri”, “od səcdəgahı” adlandırılmışdır.
Tarixi mənbələrə istinadən qeyd edə bilərik ki, XVIII əsrdə Bakıya Hindistanın Multan vilayətindən həm ticarət, həm də əbədi odu sitayiş etmək üçün gələn hindli tacirlər Atəşgah məbədini bərpa edərkən burada hind məbədlərinə məxsus elementləri inşa ediblər.
Bakı şəhərinin tarixini işıqlandıran Qərbi Avropa səyyahları arasında 1683-cü ildə burada olmuş alman səyyahı Engelbert Kempferin qeydləri mühüm əhəmiyyət kəsb edir. Belə ki, E.Kempfer Suraxanı ərazisində yerləşən “Atəşgah məbədi”ndə də qonaq olub. Səyyah burada gördüklərini ətraflı və dəqiq qələmə alaraq yazmışdır: "Biz burada onlarla adamın olduğunu gördük. Kimsə yanan alovdan ocaq düzəldib, mis qazanlarda Suraxanı camaatı üçün xörək bişirir, digərləri isə əhəng yandırmaqla məşğul olurdu. İki nəfər qədim pars tayfasından olan kəs və gəlmə hind atəşpərəstlərindən olan adamlar tikdikləri hasar ətrafında oturaraq qaya çatlarından havaya yüksələn alova səcdə edərək ibadət edirdilər".
Fransız səyyahı Orsol 1883-cü ildə burada olandan sonra gündəliyində qeyd etmişdir ki, məbəddə 30-a qədər müxtəlif həcmli otaqlar var. Daha sonra bildirmişdir ki, 1864-cü ildə axırıncı kahin öldürüldükdən sonra, bir neçə il keçmiş Bombeydən buraya başqa bir kahin göndərilsə də, o, burada çox qalmır və 1880-ci ildə Hindistana qayıdır.
XIX əsrin əvvəllərindən başlayaraq “Atəşgah məbədi” dünyanın bir çox rəssamlarının da diqqətini özünə çəkmişdir. Onların əsərləri məşhur muzeylərdə və kitabxanaların arxivlərində qorunur. Onlardan biri fransız rəssamı Jean-Pierre Moynet olmuşdur. O, 1858-ci ildə Aleksandr Düma ilə birlikdə Rusiya və Qafqaza səyahət etmişdir. Azərbaycanda səfərdə olarkən “Atəşgah məbədi”ndə də olmuş 1860-cı ildə “Bakı atəşgahında gebrlərin ibadəti” adlı rəsm çəkmişdir.
Digər bir əsər isə alman rəssamı Villem Kizevetterin yağlı boya ilə çəkilmiş “Suraxanı atəşgahı” əsəridir. Bu əsər Almaniyanın Berlin şəhərində yerləşən Avropa Mədəniyyətləri Muzeyində sərgilənir.
“Qafqaz səfəri” əsərində Aleksandr Düma “Atəşgah” barədə yazıb: “Nahar qurtaran kimi qapıda hazır dayanan faytonlara minib məşhur Atəşgaha getdik. Bakı Atəşgahı, az səyahət edən fransızlar istisna olmaqla, bütün aləmə bəllidir. ...Biz tamamilə alova bürünmüş qapıdan həyətə girdik. Böyük dördkünc həyətin ortasında günbəzli səcdəgah ucalır. Səcdəgahın tən ortasında əbədi alov şölələnir”.
Rus kimyaçısı Dmitri Mendeleyev rus taciri Konerevin 1855-ci ildə “Atəşgah”ın arxasında tikdirdiyi kerosin zavodunda işləyib. O, həyat yoldaşına məktubunda “Atəşgah”ın çox maraqlı məbəd olduğunu yazıb. Bildirib ki, mən indiyəcən belə məbəd görməmişəm.
1855-ci ildə “Atəşgah” yaxınlığında zavod tikildikdən sonra məbədin təbii alovları tədricən zəifləyib. Alovları zəifləmiş məbədi 1887-ci ildə Rusiya imperatoru III Aleksandr ziyarət edib. 1902-ci il yanvarın 6-da Bakı atəşgahının sonuncu təbii alovu sönüb.
1925-ci ildən sonra məbəd zərdüştilər tərəfindən tərk edilib. Bu vəziyyət əlli il davam edib və məbəd baxımsız qalıb. İndira Qandinin baş nazir olduğu dövrlərdə Hindistanla SSRİ arasında əlaqələr güclənmiş, dostluq münasibətləri möhkəmlənmişdi. Hindistanın baş naziri İndira Qandi SSRİ-yə rəsmi səfəri zamanı “Atəşgah məbədi”ni ziyarət etmək istəyini bildirir. Beləliklə də İndira Qandinin Bakıdakı tarixi məkana ziyarəti təşkil olunur. Bu məbədin baxımsız vəziyyətdə olduğu müşahidə edildikdən sonra ətraflı yenidənqurma işlərinə ehtiyac olduğuna qərar verilir. 1975-ci ildə aparılan yenidənqurma işlərindən sonra “Atəşgah məbədi” yenidən ziyarətçilər üçün açılır.
1998-ci ildə isə “Atəşgah məbədi” UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmaq üçün namizəd siyahısına daxil edilib. 2024-cü ilin “Atəşgah məbədi” abidəsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün işlərə başlanılıb.
Prezident İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılmış, kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir. Qoruq kimi fəaliyyətə başladıqdan sonra bir çox beynəlxalq və dövlət səviyyəli rəsmi tədbirlərə ev sahibliyi etmişdir. Onlardan biri də 2015-ci il aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində Birinci Avropa Oyunlarının məşəlinin məhz Bakıda - “Atəşgah məbədi”ndə alovlandırılması olmuşdur. Ölkəmizin müstəqillik tarixində keçirilən bu mötəbər tədbir – Birinci Avropa Oyunları beynəlxalq idman ictimaiyyətinin diqqət mərkəzində idi. Olimpiya ənənəsinə uyğun olaraq, tədbirin başlanğıcı qədim od məbədi olan “Atəşgah məbədi” Dövlət-Tarix Memarlıq Qoruğundan götürülüb.
Turizm üzrə ekspert Rəhman Quliyevin fikrincə, “Azərbaycana gələn turistlər, xüsusən də tarixi yerlərə çox üstünlük verirlər. Təbii ki, bu da ölkə əhalisinin yanaşmasından çox şey asılıdır. Çünki burada, xüsusilə Yaponiya, Koreya və Avropadan gələn turistlər tarixi yerləri çox sevirlər. Xüsusilə Atəşgah məbədinə Hindistandan gələn turistlər daha çox maraq göstərirlər. Ümumi olaraq dünya təcrübəsinə nəzər salsaq, görərik ki, belə tarixi abidələrin, UNESCO-nun Mədəni İrs Siyahısına düşən abidələrin ziyarəti daha çoxdur. Təbii ki, bu gün UNESСO-nun Mədəni İrs Siyahısına daxil olmasa da, cənab Prezidentin sərəncamı ilə bu dövlət qoruğu elan olunması, bir növ yerli turistlərin də böyük marağına səbəb olacaq.
Burada, təbii ki, başqa nüanslar da var. Turistlərin oraya cəlb olunması üçün yerli turizm şirkətləri daha fəal olmalıdır, proqramlara xüsusi olaraq buranın salınması lazımdır. Çünki bu, Azərbaycanın tarixini, qədim xalq olduğunu əks etdirən əyani bir vasitədir. Hesab edirəm ki, tək bu deyil, Azərbaycanın hər bir guşəsi, hətta işğaldan azad olunmuş ərazilərimizdə – Füzulidə Azıx mağarası, Zəngilanda türbələr, Kəlbəcərdə, Laçında türbələr, tarixi memarlıq abidələri, eyni zamanda, Şuşada, Xankəndidə qədim Azərbaycan xalqına aid olan məzarlıqlar, qədim türbələr belə Azərbaycanın çox qədim xalq olduğunu, min illərlə bu ölkədə, bu ərazilərdə yaşamasını sübut edən əyani vasitədir. Hesab edirəm ki, biz bu tarixi ənənələrimizi qorumaq üçün və bütün dünyaya qədim xalq olduğumuzu nümayiş etdirmək üçün belə məbədləri, dini ziyarət yerlərini, tarixi abidələri qoruyub saxlamalıyıq. Xaricdən Azərbaycana turist gətirmək üçün xaricdə Azərbaycanın reklam çarxlarında belə abidələrin də həmin videoçarxlarda xüsusi bir yer tutmasını mən zəruri hesab edirəm. Təbii ki, bu tək “Atəşgah məbədi”nə aid deyil, bütün belə bu kimi tarixi abidələrimizi daha önə çəkib gələcək nəsillərə ötürmək və bir güzgü olaraq xarici vətəndaşların, xarici turistlərin nəzərinə çatdırmaq daha məqsədəuyğun olar”.
“Atəşgah” unikal və milli-maddi sərvət kimi bu gün də qədim din olan zərdüştiliyin ardıcılları haqqında ən müfəssəl məlumat verən, bütün yer üzündəki iki nadir atəşgahdan birincisi olaraq qalmaqdadır. Dünyanın ən qədim dinlərindən biri – zərdüştilik dininin məbədi olan “Atəşgah” dünya mədəni irsində özünəməxsus yerə malikdir. Bu məbəd Azərbaycanda xüsusi diqqətlə qorunaraq ziyarətə gələn qonaqlara ölkəmizin tarixi mədəniyyəti haqqında məlumat verilməklə gələcək nəsillərə ötürülür.
Müşfiq MİRZƏ
XQ


