AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin tarixi Bakı qurultayının 100 illik yubileyi münasibətilə ərsəyə gətirdiyi “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” adlı fundamental əsəri işıq üzü görüb.
Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan kitabın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru akademik Nizami Cəfərov, rəyçisi Türk Dil Qurumunun başqanı professor Osman Mertdir.
Azərbaycan Prezidenti İlham Əliyevin I Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında 22 oktyabr 2025-ci il tarixli sərəncamının mətni ilə açılan kitab “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.
Tədqiqatın annotasiyasında müəllif Nadir Məmmədli əsərin ərsəyə gəlməsində, 1 əsr öncə baş vermiş mühüm tarixi hadisənin siyasi, iqtisadi, sosial və mədəni mənzərəsini geniş əks etdirən qiymətli arxiv sənədlərinin sistemli şəkildə araşdırılmasında göstərdikləri dəstəyə görə professor Əsgər Rəsulova, Elmira Ələkbərovaya, Lamiyə Həsənovaya və digər arxiv cəfakeşlərinə minnətdarlığını bildirib.
Əsərin təsirli bədii-publisistik üslubda qələmə alınmış giriş mətnində qeyd olunur ki, 1926-cı ilin bir qış axşamında İsmailliyə binasında yanan gur işıqlar Bakının səmasını işıqlandırıb və I Türkoloji Qurultay mənəvi dünyamızda öz sözünü deyərək tarixə yazılıb. Küçə boyunca asılmış bayraqlar, “Yeni həyat – yeni yazı!”, “Yaşasın yeni türk əlifbası!” kimi şüarları, əlvan şarlar, bir sözlə, əsl bayram ovqatı vardı. İçəridə isə başqa bir aləm vardı.
Qısası, İsmailiyyə binası bu dəfə sadəcə möhtəşəm memarlıq abidəsi deyildi, Türk dünyasının gələcəyi haqqında söz açılan, tarix yazılan bir məbədə çevrilmişdi. Orada yüzlərlə alim, yazıçı, pedaqoq və siyasətçi bir araya gəlmişdi. Uzaq diyarlardan – qardaş məmləkətlərdən buraya gələnləri təkcə elm sevdası deyil, əlifbalarının, dillərinin gələcək taleyi ilə bağlı parlaq amal, məslək birləşdirmişdi. Bütün bunlar Türk dünyasının ruhuna köklənən, gələcəyinə ünvanlanan çağırışın cazibə qüvvəsini göstərirdi...
Əsərdə həmin dövrün tarixi şəraiti, 100 il keçməsinə baxmayaraq, tədqiq olunmayan arxiv sənədləri və mətbuat materiallarının xronoloji ardıcıllıqla transkripsiyası, seçmə tərcümələr və elmi şərhlər verilib. İrihəcmli nəşrdə qurultayın protokolları, məruzə və çıxış mətnləri, rəsmi teleqramlar, eləcə də müvafiq komissiyaların sənədləri birbəbir yer alıb.
Əsərdə tarixi Bakı məclisinin sovet məkanında türk dillərinin gələcək inkişafı, yazı sisteminin transformasiyası və mədəni inteqrasiya mexanizmləri ilə bağlı strateji qərarların formalaşdırıldığı rəsmi platforma kimi hərtərəfli təhlil edilir, onun tarixi-funksional mahiyyəti, türkoloji istiqamətdə yaratdığı mədəni nəticələr də sistemli şəkildə araşdırılır.
Professor Nadir Məmmədli 828 səhifəlik nəşrdə təkcə hadisələrin ardıcıllığını əks etdirməyi deyil, eyni zamanda, bunun arxasında dayanan tarixi-siyasi məzmunu, ideoloji istiqamətləri analitik şəkildə açıqlamaq kimi qarşısına məqsəd qoyub və əminliklə deyə bilərik ki, ağır və şərəfli araşdırmanın öhdəsindən uğurla gəlib.
Xatırladaq ki, Türkoloji Qurultayın yubileyi ərəfəsində professor Nadir Məmmədli kitabın bir sıra epizodlarını “Xalq qəzeti”nin oxucularına təqdim edib.
Akademik nəşr sayılan “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” kitabı dilçilər, ədəbiyyatçılar, tarixçilər, tələbə-filoloqlar, türkoloji araşdırmaçılar üçün zəngin və dəyərli mənbədir.
Əli NƏCƏFXANLI
XQ

