Azərbaycan Respublikasında ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə alaraq Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı tapşırıqlarına əsasən, respublikada ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində müvafiq tədbirlər davam etdirilir.
Zaqatala rayonu da Azərbaycanın barama istehsalında mühüm rol oynayan bölgələrindən biridir. Son illərdə ipəkçilik burada da əhəmiyyətli dərəcədə artmış və dövlət dəstəyi ilə bu sahə daha da inkişaf etdirilmişdir. İstehsalın genişləndirilməsinin dəstəklənməsi məqsədi ilə rayonda, təxminən, 700-800 qutu ipəkqurdunun dirildilməsi üçün inkubasiya kamerası və digər zəruri avadanlıqlarla təchiz olunmuş 400 kvadratmetr sahəsi olan barama qəbulu məntəqəsi tikilib istifadəyə verilmişdir. Bundan başqa yem bazasının genişləndirilməsi istiqamətində son iki ildə rayonda 17050 ədəd yerli tut tingi əkilmişdir.
Rayonda baramaçılığın inkişafı istiqamətində Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin tövsiyə və tapşırığına əsasən RİHB-nın İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində kümçülərlə işin düzgün qurulması, onlara metodik tövsiyələrin verilməsi, maarifləndirmə işinin aparılması öz səmərəliyini biruzə vermişdir. Belə ki, rayon icra hakimiyyətinin əməkdaşları konkret kəndlərə təhkim edilmişlər. Onlara gündəlik olaraq kümxanalarda olmaları, yaranmış problem və çatışmazlıqları dərhal yerində aradan qaldırmaları barədə tapşırıq verilmiş, icrası mütəmadi olaraq nəzarətdə saxlanılmışdır.
Zaqatala rayonunda cari ildə yaş barama istehsalının 18 tondan yuxarı olması proqnozlaşdırılır. Bu məqsədlə 144 kümçü ilə müqavilə bağlanılıb və onlara 450 qutu ipəkqurdu toxumu paylanılıb. Artıq barama qəbuluna başlanılmış rayonun qabaqcıl kümçülərindən olan Mazıx kənd sakini İlham Bağırov 110 qram ipək qurduna qarşı 410 kiloqram, Lahıc kənd sakini Zülfiyə İbrahimova 110 qrama qarşı 387 kiloqram, Aşağı Tala kənd sakini Cəbrayıl Səfərov 57 qrama qarşı 190 kiloqram barama təhvil vermişlər.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri