Norveçdə yaşayan azərbaycanlı bəstəkarın Bakıda müəllif konserti olub

post-img

Beynəlxalq Muğam Mərkəzində Norveçdə yaşayan azərbaycanlı bəstəkar və musiqiçi, Norveç Azərbaycanlıları Təşkilatının üzvü, Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin sədri Arzu Rzayevanın “Arzuların melodiyası” adlı müəllif konserti təşkil olunub.

XQ xəbər verir ki, tədbir Oslo Azərbaycan Evi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə həyata keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidov çıxışında layihənin milli-mədəni dəyərlərimizin beynəlxalq səviyyədə təbliğində əhəmiyyətini vurğulayıb və diaspor nümayəndələrinin bu işdəki rolunu yüksək qiymətləndirib.

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu belə layihələrin Azərbaycan mədəniyyətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi önəm daşıdığını bildirib.

Xalq artisti Fəxrəddin Manafov tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq Arzu Rzayevanın yaradıcılığını yüksək qiymətləndirib və ona uğurlar arzulayıb.

Professor, tanınmış dirijor və A. Rzayevanın müəllimi, Xalq artisti Ağaverdi Paşayev tələbəsinin uğuruna çox sevindiyini bildirib və bu cür layihələrin Azərbaycan mədəniyyəti üçün vacib olduğunu qeyd edib.

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Özbəkistanın mədəniyyət səfiri Sahib Paşazadə milli-mənəvi dəyərlərin qorunmasında bu cür mədəni tədbirlərin rolunu xüsusi vurğulayıb.

Konsertin aparıcısı, Əməkdar artist Dilarə Əliyeva A. Rzayevanın yaradıcılıq yolu haqqında danışıb və onun bəstələrində vətənə və torpağa sevginin xüsusi yer tutduğunu qeyd edib.

Konsert proqramı Azərbaycan musiqi ənənələrinə əsaslanan zəngin əsərlərlə təqdim olunub. Arzu Rzayevanın müəllifi olduğu bəstələr tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Tədbir iştirakçıları Azərbaycan mədəniyyətinin ruhunu hiss edib və layihənin milli mədəniyyətimizin beynəlxalq səviyyədə təbliği baxımından əhəmiyyətini yüksək qiymətləndiriblər.















Mədəniyyət