Azərbaycan dənizçiləri peşə bayramlarını qeyd edirlər

post-img

25 iyun – Dənizçi Günü münasibətilə Dövlət Dəniz və Liman Agentliyinin kollektivi Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Dənizçilər tərəfindən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən XQ-yə bildirilib ki, Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının, o cümlədən I Qarabağ müharibəsində şəhid olan dənizçilərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

Ölkəmizdə 25 iyun tarixi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə Dənizçi Günü peşə bayramı təsis olunub.

Hazırda Azərbaycanın sürətli inkişafında dənizçilərin xüsusi əməyi var. Onlar həm yükdaşımalarda, həm də dənizdə neft-qaz hasilatında mühüm rol oynayırlar. Həmçinin Xəzərdən kənar sularda Azərbaycan bayrağı ilə üzən dənizçilərimiz daim ölkəmizi qürurla təmsil edir, Azərbaycanın və dünya iqtisadiyyatının inkişafında mühüm rol oynayırlar.

Sosial həyat