Bakıt Torobaev: Qırğızıstan Azərbaycanın aqrar sektorun rəqəmsallaşdırılması və sığortanın tətbiqi təcrübəsini öyrənməkdə maraqlıdır

post-img

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısı çərçivəsində Qırğız Respublikası Baş nazirinin müavini, su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobaev ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən XQ-ə bildirilib ki, görüşdə nazir Məcnun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sahənin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Nazir qeyd edib ki, Azərbaycan Qırğızıstan ilə ticarət dövriyyəsinin artırılması, o cümlədən kənd təsərrüfatının müxtəlif sahələrində, xüsusilə heyvandarlıq, balıqçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə önəm verir.

Qırğızıstanın Baş nazirinin müavini, su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobaev isə öz növbəsində ölkəsinin Azərbaycanın aqrar sektorun rəqəmsallaşdırılması, aqrar sığortanın tətbiqi, kənd təsərrüfatı məhsullarının emalı sahəsində uğurlu təcrübəsini öyrənməkdə maraqlı olduğunu ifadə edib. O, iki ölkə arasında aqrar təhsil sahəsində əməkdaşlığa, tələbə-müəllim mübadiləsi proqramlarında iştiraka maraq göstərdiklərini vurğulayıb.

Həmçinin görüşdə aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, bu istiqamətlərdə təcrübə mübadiləsinin aparılmasının vacibliyi barədə geniş müzakirələr aparılıb, kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Təşkilata üzv ölkələrlə aqrar sahədə əməkdaşlığın mövcud vəziyyətini, əməkdaşlıq perspektivlərini müzakirə edən tərəflər kənd təsərrüfatı sahəsində təşkilata üzv dövlətlərlə əməkdaşlığın genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

İqtisadiyyat