Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupunun ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş baş tutub.
Görüşdə AQUPDK-nın sədrinin müavini Aynur Sofiyeva çıxış edərək, Afrika ilə Avropa arasında strateji körpü rolunu oynayan Mərakeşin bu mövqeyindən bacarıqla istifadə etdiyini, regional və qlobal əməkdaşlıqda fəal iştirak etdiyini qeyd edib. O, ölkədə həyata keçirilən islahatlar, irimiqyaslı infrastruktur layihələri və xüsusilə alternativ enerji sahəsində əldə olunan uğurların sosial rifahın yüksəldilməsinə və dayanıqlı inkişafa əhəmiyyətli töhfələr verdiyini vurğulayıb.
A.Sofiyeva iki ölkə arasında münasibətlərin dostluq və qarşılıqlı anlaşma prinsipləri üzərində qurulduğunu, son illərdə isə bu əlaqələrin daha da dərinləşdiyini diqqətə çatdırıb. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Rabata səfəri və Şahzadə Lalla Hasnaanın Bakıya səfəri ilə əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bildirib.
Sədr müavini, həmçinin Mərakeşin uşaq hüquqlarının müdafiəsi, təhsilə çıxış və ictimai proseslərdə uşaqların fəal iştirakı istiqamətində gördüyü işlərin təqdirəlayiq olduğunu vurğulayaraq, bu sahədə birgə təşəbbüslərin gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu bildirib.
A. Sofiyeva, Azərbaycanın ailə dəyərlərinin qorunması, qadın və uşaq hüquqlarının müdafiəsi, qızların təhsilə çıxışına dəstək, qadın iştirakçılığının artırılması və gender bərabərliyinin təmin olunması sahəsində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. O, həmçinin bu istiqamətlərdə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı görülən işlərdən bəhs edib.
Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının deputatı, tematik qrup sədrinin müavini Hasan Umribt çıxışında ölkələrimiz arasında mövcud olan tarixi və mədəni bağlara diqqət çəkərək, əməkdaşlığın bütün sahələrdə genişləndirilməsinin önəmini vurğulayıb. O, xüsusilə savadsızlıqla mübarizə sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsinin əhəmiyyətini qeyd edib.
Mərakeş Parlamentinin üzvləri Turia Afife və El Ayaçi El Farfar qadın və uşaq məsələlərinin Mərakeşdə daim diqqət mərkəzində saxlanıldığını bildirərək, həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlər barədə danışıblar. Onlar uşaqların təhsil imkanlarının genişləndirilməsi sahəsində görülən işləri diqqətə çatdırıb, bu istiqamətdə Azərbaycanla təcrübə mübadiləsinin faydalı olacağını vurğulayıblar.
Tərəflər uşaq hüquqlarının müdafiəsi, savadsızlıqla mübarizə və digər sosial məsələlər üzrə beynəlxalq əməkdaşlıq çərçivəsində birgə təşəbbüsləri müzakirə edib, iki ölkə arasında uşaq məsələlərinə dair əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.
Görüşdə, həmçinin Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin məsləhətçisi Elvin Əliyev, eləcə də Mərakeş nümayəndə heyətindən parlament üzvləri Xadduj Slassi, Nadia Buzendufa, Yussef Çirri, Fatima Yasin, Hakima Şaki, Monitorinq və Qiymətləndirmə Şöbəsinin direktoru Said El Miri, Tərəfdaşlıq və Əməkdaşlıq üzrə rəhbər Vafae Znadi iştirak ediblər.