Könül yolu

post-img

O, ərə gedəndə uca dağların, zümrüd donlu meşələrin ətəyində ailəsinə yurd yeri seçdi, təzə yuva qurdu. Kəndin şahanə yerindəki o yurdda çiçəklər çətirləndi, güllər ətirləndi. Nur boyalar evlərinin həyətinə təravət gətirdi. O yurdda ocağı gur yandı, çırağı nurlandı. Amma taleyin qismətindən bircə kəsiri vardı. Ucalar-ucası övlad sarıdan qismətini kəm eləmişdi. Öz əllərinin zəhməti, ürəyinin hərarəti ilə qurduğu ailə ocağından soyuyurdu. Axarlı-baxarlı həyət-bacada könlü küskün gəzirdi. Övladı olmasa da, ərinin Güləsər xalaya ürəyindəki ər sevdası, eşqi tükənməz idi.

Güləsər xala ürəkdəki sevdanın və həyat eşqinin mənasını övlad nəfəsində, körpə gülüşündə görürdü. Övladsız ömrü yarımçıq ömür adlandırırdı Güləsər xala. Bakirə duyğulu, gül çöhrəli, nurani-pirani ömrün gözəllik taxtında olsa da, övlad həsrətindən qəlbi qovrulurdu. Övlad həsrəti onun ürəyinin sarı simi idi.

Özünün təkidiylə əri ikinci dəfə ailə qurdu və bu izdivacdan Nurxan dünyaya gəldi. Yaradan onu yeni muraza yetirdi. Bu, taleyin hökmü, Tanrının töhfəsi idi. Güləsər xala Tanrının Nurxan kimi bir töhfəsinin bəxtəvəriydi. Onu ömrünün nurlu çırağı sanır, bu çırağın başına pərvanələr kimi dolanırdı. Nurxanın barmağına tikan batsaydı, onun göz yaşından göllər yaranardı. O, belə “ögey ana” idi. Onların ürəkləri arasında gözlə görünməyən ilahi bağlar vardı. Onun ana bətnindən doğulmasa da, Nurxana doğma anasından da yaxın idi. Şirin laylalarının ahəngində böyüyən Nurxan onun həyat ağacının şax budağıydı.

... O, vicdanı qarşısında üzüağ idi. Onun həssas, zərif övlad sevgisi, Nurxanın da ona qarşı mehri- məhəbbəti çoxlarını heyrətləndirirdi. Güləsər xalanın ürəyində mərhəmət hissi o qədər güclü idi ki, ərinin ikinci arvadını xoş sözlərlə “təzə gəlin” deyə çağıranda “gəlin”in üzünə inci kimi xoş təbəssüm qonurdu. Onlar yaxşı bilirdilər ki, “ər ocağı dəyirman bucağı”dır. Hər söz- söhbət bu “dəyirman bucağı”nda da üyünməli, ər evindən qırağa çıxmamalıydı.

Əri ikinci evlilikdən sonra da vəfalı və cəfalı birinci ömür-gün yoldaşını çox sevirdi. Bir-birinə can deyib, can eşitmələri öz aralarındakı müraciət formasından da bilinirdi. Güləsər xala ərini “Xan Məmməd”, əri isə onu “Güləsər xatun” deyə çağırırdı. Bu, sadədən sadə “Xan” və ”Xatun”ailəsinin öz həyat hikməti, öz qayda-qanunları vardı. Bir damın altında, bir çırağın işığında, bir ocaq başında bir kişinin müxtəlif taleli, fərqli xarakterli, eyni arzu və istəklə yaşayan iki arvadının birgə, mehriban yaşayışı çoxlarına qəribə gəlirdi. Hətta, bir çoxlarını da heyrətləndirirdi. Onların birgə qayğısı və qarşılıqlı sayğısı ilə Nurxan xoşbəxt böyüyürdü.

Nurxan böyüdükcə Güləsər xala sarı simdə gümüldənə-gümüldənə onun boyunu oxşayırdı. Onun öyüdləri Nurxanın ədəb-ərkan yolunu işıqlandırırdı. Hamı ona həsəd aparırdı. Nurxan onun qolları üstə şirin yuxu yatırdı. Ögey anasının noğul kimi şirin laylaları ilə böyüyüb boya başa çatırdı.

Güləsər xalanın özü heç bir təhsil görməmişdi. Amma hər nəzakətin, hər hərəkətin yerini bilirdi. Çox hikmətdən xəbərdar idi. Körpəlikdən Nurxanın ürəyinin hər zərrəsində doğmalıq ögeyliyi üstələyirdi. Ögeyliyin içindəki bu doğmalığı dərindən duyduğunu hiss edirdi.

Nurxanın gələcəyini düşündükcə, xəyalında min aləm gəzirdi Güləsər xala. Aram-aram, kəlmə-kəlmə, təmkinlə Nurxana həyatın sirlərini anladırdı. Dərdlərini, fikirlərini onunla bölüşürdü.

İstəyirdi ki, Nurxan yaxşı oxusun, savadlı olsun. Onun oxuyub ali təhsil alması üçün min bir əziyyətə qatlaşırdı. Nurxan da o əziyyəti itirmədi. Orta məktəbi bitirdikdən sonra universitetin hüquq fakültəsinə qəbul oldu. O dövrlərdə kasıb bir ailənin oğlunun belə bir universitetin adlı-sanlı fakültəsinə qəbul olması möcüzəyə bərabər idi.

Nurxan universiteti müvəffəqiyyətlə bitirdi. Uzun illər hüquq-mühafizə sistemində, nüfuzlu yerlərdə çalışdı. Özü də böyük nüfuz qazandı. Nurxanın uğurlarına sevinən Güləsər xalanın sevincdən ürəyi dağa dönürdü. Deyirdi ki, bütövlükdə xoşbəxt ömür olmasa da, ömrün xoşbəxt anları varmış.

... Güləsər xala öz ömrünü Nurxana bağışlayıb dünyadan köçdü. Ondan bir neçə il sonra, fəaliyyətinin ən parlaq dövründə Nurxan da xəstəlik səbəbindən vəfat etdi. İndi hər ikisi kənd qəbristanlığında yanaşı məzarlarda uyuyur. Onların gözləri dolduran, ürəkləri duyğulandıran, ruhları dilləndirən qoşa qəbirlərini ziyarət edəndə könlüm göynədi. Onları hələ də unuda bilmirəm:

Siz köçüb gedəli həyətinizdə
Gül açır arzunuz, niyyətiniz də.
Həsrət göyərəndə cığırda, izdə,
Tanrı dağlarından yel əsər, xalam,
Yeriniz görünür, Güləsər xalam!..

Beşikdən məzara uzanan ömür yolu burada bitir. Bundan belə yol bağlıdır, yol çətin. Neyləməli, budur sənin taleyinlə qismətin. Amma bircə təsəlli var; Ömür yolu yarıda qırılsa da, könül yolu ürəklərdən-ürəklərə gedib çatır və xoş xatirəyə dönür...

Həzi HƏSƏNLİ,
şair-publisist

Sosial həyat