Milli dilçiliyimizin terminologiya tədqiqatçısı

post-img

Sayalı Sadıqova – 65

Mənalı həyat yolu keçən şəxsiyyətlərin xidmətləri qürur doğurur. Nəsillərə örnək ola bilən, məhsuldar elmi yaradıcılığı və fəaliyyəti ilə seçilən Sayalı Sadıqova belə ziyalılardandır.

Filologiya elmləri doktoru, professor Sayalı Sadıqova 1960-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalında, Çəmbərək rayonunun Cil kəndində ziyalı ailəsində anadan olub. 1967-ci ildə Cil kənd orta məktəbində başlayan təhsil uğurları AMEA Nəsimi adına Dilçilik İnstitutunda şöbə müdiri vəzifəsinə qədər yol gəlib.

AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini və məsul katibi olan Sayalı xanım, eyni zamanda, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavinidir. Bu illərdə 140-a qədər terminoloji lüğət nəşr olunub. Müxtəlif sahələrin elmi dilinin formalaşmasında və standartlaşmasında bu lüğətlərin böyük xidmətləri var.

Elmi üslubun inkişafı ədəbi dilin inkişafına təkan verir. Bununla bağlı alim tərəfindən ədəbi dilin qorunması və inkişafı istiqamətində bir sıra yeni təkliflər hazırlanıb. S.Sadıqova 2002-ci ildən AMEA RH yanında Terminologiya Komissiyasının xətti ilə nəşr olunan “Terminologiya məsələləri” toplusunun redaktorudur. Onun elmi yaradıcılığı çoxsahəlidir. Tədqiqatları ümumi dilçilik, terminologiya, ədəbi dil tarixi, tətbiqi dilçilik, onomastika və s. sahələrlə bağlıdır.

Alimin elmi yaradıcılığı ilə tanış olanda onun məhsuldar fəaliyyətinə qibtə edirsən. İstedadlı alim, publisist S.Sadıqovanın elmi fəaliyyətinin əsas istiqamətini Azərbaycan dilində terminologiyanın təşəkkülü, formalaşması və inkişafının öyrənilməsi təşkil edir. Dilçiliyin son illərdəki inkişafının əsas nailiyyətlərindən biri terminologiyanın hazırda dilçiliyin müstəqil bir sahəsinə çevrilməsidir. Bu baxımdan nəzəri problemlərin araşdırılmasında S.Sadıqovanın xidmətləri var.

Görkəmli alimin Azərbaycan dilçiliyinin aktual problemləri ilə bağlı 30 monoqrafiyası, 460-dan çox elmi məqaləsi nəşr edilmişdir. 3 cildlik “Dilçiliyin nəzəri problemləri”, “Azərbaycan ədəbi dilinin zənginləşmə mənbələri və inkişafı”, “Azərbaycan dilinin terminologiyası”, “Azərbaycan terminlogoyasının nəzəri əsasları” və s. kitabları dəyərli incilərdəndir. Bu əsərlərdə aktual problemlər nəzəri aspektdə araşdırılır. Monoqrafiyalarda qoyulan problemlər – terminlərin mahiyyəti, dilin leksik sistemində yeri, terminlərin yaranma prosesi və yolları, struktur-semantik xüsusiyyətləri, lüğətlərdə əksi, verilmə prinsipləri və s. məsələlər öz aktuallığı ilə diqqəti cəlb edir.

Professor Sayalı Sadıqovanın əsərlərində ədəbi dilin, sahəvi terminlərin zənginləşmə mənbələri faktlarla araşdırılır. Müəllif terminologiyanın nəzəri məsələlərindən bəhs edərkən müasir dilçilikdə mübahisəli məsələlərə öz münasibətini bildirərək, məntiqi cəhətdən onları təhlil edir. Hazırkı dövrdə terminoloji sistemə daxil olan leksik vahidlərin bütövlükdə monoqrafik şəkildə tədqiq olunması, etimoloji izahının verilməsi əhəmiyyətli olduğu qədər də mürəkkəbdir.

S.Sadıqovanın “Azərbaycan dilində terminologiyanın təşəkkülü və inkişafı”, “Müasir Azərbaycan ədəbi dilində termin yaradıcılığı prosesi”, “Azərbaycan dilində terminologiyanın standartlaşdırma formaları”, “Azərbaycan terminologiyasının nəzəri əsasları “ adlı və digər elmi əsərləri alim zəhmətinin nəticələridir. O, 806 səhifəlik sanballı monoqrafiyasında terminologiyanın aktual problemləri araşdırıb. Monoqrafiyada Azərbaycan terminologiyasının struktur-genetik xarakteristikası verilmiş, elmi dilin spesifik cəhətləri, terminologiyada baş verən semantik proseslər, Azərbaycan dilində terminləşmənin yolları və aktual linqvistik problemlər öz həllini tapıb.

Alimin dilçilik sahəsindəki uğurları respublikamızın hüdudlarından kənarda da ona nüfuz qazandırıb. Əsərləri Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə və İranda nəşr olunub. S.Sadıqova respublikamızda, eləcə də Türkiyə, Qazaxıstan və İranda keçirilmiş konfrans və simpoziumlarda maraqlı məruzələrlə çıxış edib. 2011-2012-сi ildə Türkiyədə keçirilən Dil qurultayına nümayəndə heyəti üzvü kimi qatılıb. Dilçiliyin bir sıra sahələri ilə bağlı tədqiqatlar aparan professor Sayalı Sadıqova ədəbi istiqamətdə bir çox nəsr və nəzm əsərlərinin ön sözünün müəllifi və redaktorudur.

S.Sadıqovanın rəhbərliyi ilə dilçiliyin müxtəlif problemləri ilə bağlı 18 nəfər filologiya üzrə fəlsəfə doktoru, o cümlədən 2 nəfər filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi alıb. 2008-ci ildə AAK tərəfindən ixtisas üzrə professor adına layiq görülüb.

Alimin elmi və təşkilati fəaliyyəti yüksək qiymətləndirir. “Tərəqqi” medalı, AMEA Rəyasət Heyətinin qərarı ilə “İlin alimi”, 2024-cü ildə Türk dünyası araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademik üzvü seçilməsi buna sübutdur.

Görkəmli alimin pedaqoji və elmi fəaliyyəti, yazdığı sanballı əsərlər, yetişdirdiyi kadrlar fədakar alim fəaliyyətinin parlaq nümunəsidir. Şərəfli bir ömür yaşayan, məhsuldar elmi yaradıcılığı ilə Azərbaycan dilçiliyinə töhfələr verən professor S.Sadıqovanın 65 illik yubileyini təbrik edirik.

Almaz ÜLVİ,
filologiya elmləri doktoru

Mədəniyyət