Azərbaycan UNESCO-nun növbəti sessiyasında

post-img

Parisdə UNESCO-nun Baş Qərargahında Dünya İrsi Komitəsinin 47-ci sessiyası keçirilir.

Sessiyanın gündəliyinə uyğun olaraq, iyulun 11-də Dünya İrsinin İlkin Siyahısına təqdim olunan nominasiya fayllarının müzakirəsi aparılıb.

Azərbaycan tərəfindən təqdim olunmuş “Qədim Qəbələ şəhəri” və “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib.

Sessiyada Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin nümayəndə heyəti də iştirak edir. Azərbaycan üzrə Ümumdünya İrs Siyahısına daxil edilmiş 2 irs ərazisinin – “Xan Sarayı ilə birgə Şəki şəhərinin tarixi mərkəzi” və “Xınalıq və Köç Yolu mədəni landşaftı”nın mühafizə vəziyyətinə dair dövri hesabatları dinlənilərək qəbul olunub.

Bundan başqa, dünən sessiya çərçivəsində İçərişəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Seymur Fətəliyev, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev, İdarənin Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Elsevər Məmmədov və “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Elçin Ağacanov çıxış edərək, İçərişəhərdə aparılan bərpa və konservasiya işləri, kommunikasiya layihələri, mədəni irsin cəmiyyətə inteqrasiyası istiqamətində görülən tədbirlər barədə məlumat veriblər.

Qeyd edək ki, sessiya iyulun 16-na kimi davam edəcək.

XQ

Mədəniyyət