XX əsrin əvvəllərində “Şərqi-Rus”dan sonra işıq üzü görmüş 2-ci anadilli qəzetimiz “Həyat” Azərbaycan mətbuatının tarixinə ilk milli burjua nəşri kimi daxil olub. Bu qəzet 1905-ci il iyunun 7-də I Rus inqilabının yüksəlişi zəminində ictimai-siyasi hadisələrin kəskinləşdiyi bir dövrdə nəşrə başlayıb.
O zaman çarizmin zəifləməsindən öz məqsədləri üçün istifadə edən Daşnaksütyun Partiyasının üzvləri Azərbaycan xalqına qarşı terror və təxribatlar həyata keçirirmişdilər.Ölkəmizdə özlərinə isti yuva tapmış və hakim dairələrin himayəsi ilə xalqımıza qarşı düşmənçiliyi gücləndirmiş erməni millətçiləri Bakıda, Naxçıvanda, Qarabağda və Zaqafqaziyanın azərbaycanlılar yaşayan hissələrində qətliamlar törətmişdilər. Belə ağır vəziyyətdə xalqın üzləşdiyi irili-xırdalı problemlərin müzakirə edilməsi və nicat yolları tapılması üçün informasiya və təbliğata ciddi ehtiyac var idi. Zamanın tələblərinə uyğun olaraq gündəlik qəzet nəşr etmək məsələsi Azərbaycan ziyalılarını, eləcə də milli mövqelərini müdafiə etməyə məhkum burjuaziyanı ciddi düşündürürdü. Məhz onlar “Həyat” qəzetini bu zərurətdən nəşr etdilər.
Qəzetdə dərc edilən məqalələrin məzmununu, əsas ideya istiqamətlərini dövrün görkəmli ziyalıları, “Həyat”ın ayrı-ayrı dövrlərdə redaktoru işləmiş Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu müəyyənləşdirirdilər. “Həyat”a qarşı erməni senzorlar təzyiq və təhdidlər göstərir, qəzetin nəşrinin dayandırılması üçün hər vasitələrdən istifadə edir, böhtan kampaniyası həyata keçirirdilər.
“Həyat” ilk sayında dərc etdiyi “Qəzetimizin məsləki” adlı baş məqaləsində mətbuatın xalqın həyatında, cəmiyyətin inkişafındakı müstəsna rolundan bəhs edərək yazırdı: “Qərb ölkələrində, hətta əhalisi 4-5 milyon nəfər olan ölkələrdə 300-400 qəzet buraxılır. Mədəni millətlər qəzeti “bəşəri ehtiyacların ən zərurilərindən” sayırlar. Həmin ölkələrdə insanlar qəzet oxumağa öyrəniblər, çaysız-çörəksiz dolana bilmədikləri kimi, qəzetsiz də keçinə bilmirlər... Mətbuat insan üçün munis bir yoldaş, xeyirxah bir müəllim, nafiz bir məktəbdir, həm də zillətdə qalanlara doğru yolu, hidayət yolunu göstərir.
Qəzet Qafqazda, Volqaboyunda, Orta Asiyada, İranda və Türkiyə kimi geniş coğrafi ərazidə yayılaraq türk və müsəlman xalqlarının milli oyanışına xidmət edirdi. Azərbaycan ziyalılarının ədəbi-ictimai və siyasi fikir tarixində müstəsna xidmətləri olan görkəmli şəxsiyyətlərin əsl mübarizə meydanına çevrilən “Həyat” qəzetində Ə.Hüseynzadə, Ə.Ağaoğlu, H. Zərdabi, A.Səhhət, M.Hadi, H.S.Ayvazov, Ü.Hacıbəyli, Ə.Haqverdiyev, M.Ə.Sabir, N.Nərimanov, M.Hacınski, M.Ə.Şeyxzadə, S.M.Qənizadə, Axund Əbuturab kimi ziyalılar müxtəlif mövzuda qələmə aldıqları maraqlı yazıları ilə çıxış edirdilər.
“Həyat” qəzeti Azərbaycan publisistikasında yeni bir mərhələ açdı. Bu qəzetdə dərc edilən publisistik yazılarda əsasən milli birlik, qadın azadlığı, elm, təhsil, maarif, dil və mədəni irs kimi məsələlər əksini tapırdı. Məqalələrin ideya xəttini əsasən Şərq və Qərb münasibətləri, Türkçülük və İslamçılıq, müasir təhsil sistemi ilə ənənəvi dini məktəblər arasındakı fərqlər təşkil edirdi.
“Həyat” qəzeti öz səhifələrində məram və məqsədini açıqlayır, ümmət və millət məsələlərinə, ana dilinin inkişafına, maarifçiliyə xüsusi diqqət yetirəcəyini bəyan edirdi. Qəzetdə Əli bəy Hüseynzadənin 50-yə qədər tarixi-publisistik, siyasi-fəlsəfi məzmunlu məqaləsi dərc edilmişdi. Milli ideologiyanın zəruriliyini irəli sürən bu mütəfəkkir ziyalı “Həyat” qəzeti və “Füyuzat” dərgisi ilə Azərbaycanda milli məfkurənin, türkçülük hərəkatının öncülü olmuş, XX əsr ictimai-siyasi və ədəbi-fəlsəfi fikir tarixinin əsas simalarından birinə çevrilmişdi.
Azərbaycan xalqının tarixində mühüm rol oynayan Əhməd bəy Ağaoğlu da “Həyat” qəzetində öz siyasi-publisistik yazıları ilə çıxış edirdi. Böyük ideallar sahibi “Həyat”ın ilk sayında dərc etdirdiyi proqram xarakterli məqaləsində kimliyini dərk edən və milli sərvətlərinə sahib olan Azərbaycan xalqının islami dəyərlərə sadiq qalacağını ön plana çəkərək yazırdı: “Əgər biz irəliləmək və həyati birliyə malik bir millət olmaq istəyiriksə, biz hər şeydən öncə müsəlman olaraq qalmalıyıq. Bizim irəliləmək istəyimiz, həyat şərtlərinin yaxşılaşdırılması istiqamətində olan səylərimiz islam qanunlarına vabəstə olaraq əldə edilə bilər”.
XIX əsrin sonları və XX əsrin əvvəllərində türk xalqlarının millət kimi formalaşması, milli təfəkkür sahiblərinə çevrilməsində müstəsna rol oynayan Ə.Ağaoğlu qəzetin ilk saylarından etibarən Rusiyada, Qafqazda, xüsusilə Bakıda baş verən ictimai-siyasi hadisələri öz publisistik yazılarında geniş şərh edir və qiymətləndirirdi. “Həyat”ın 1905-ci il tarixli 7 və 12 iyun saylarında “Müxtəsir övzi Rusiya” məqaləsində o,rus-yapon müharibəsində Rusiyanın məğlub duruma düşdüyünü, üzləşdiyi çətinlikdən inqilabi-demokratik yolla çıxmağın mümkünlüyündən söhbət açır və çar Rusiyasının yeritdiyi mənfur siyasətin iflasa uğradığını göstərirdi.
Ə.Ağaoğlu xalqın hakimiyyətdən narazılığının əsas səbəblərindən birini onların dini inanclarının həyata keçirilməsinə maneçilikdə görürdü. Çarizmin müsəlman xalqlarının inanclarına qarşı qeyri- etik münasibətlərini, biganəliyini, sərbəstlik verilməməsini nəzərdə tutan Ə. Ağaoğlu yazırdı: “Müsəlmanlar qeyriləri kimi hər yerdə və hər cür məscid, minbər və ibadətgahlar bina edə bilirmi? Müsəlmanlar öz xahiş və qaidələrinə müvafiq məktəbi-ruhaniyyə güşadına azaddırlarmı? Kitabi diniyyə çap və intişar etməkdə sərbəstdirlərmi? Gələcəkdə genə müsəlmanlıq cəhətinə müsəlmanları padşahlıq qulluqlarından, bəzi mənsəblərindən məhrum edəcəklərmi? Genə bəzi məkatibi aliyyənin qapıları onların üzlərinə bağlı qalacaqmı?”.
Göründüyü kimi, Ə.Ağaoğlu hökumətin fərmanlarında xalqın, müxtəlif peşə sahiblərinin mənafeyinə xidmət edən azadlıq və sərbəstliklərin verilməsini, onların maraqlarının təmin edilməsi məsələsini gündəmə gətirirdi.
“Həyat”ın ilk sayı çapdan çıxıb oxucuların ixtiyarına verildikdən sonra onun dili məsələsi gündəmə gəldi və polemikalara yol açıldı. Əli bəy Hüseynzadə ümumtürk ədəbi dil konsepsiyasına əsaslandığı üçün qəzetdə dərc edilən yazılarda da bu üslubdan istifadə edir, yəni ziyalıların, cəmiyyətin elitar təbəqəsinin anlayacağı bir dildə yazmağı qarşısına məqsəd qoymuşdu. Azərbaycanda ümumtürk ədəbi dil konsepsiyasını irəli sürən Əli bəy Hüseynzadə onu praktiki şəkildə öz əsərlərində, publisistik məqalələrində işlədirdi.
Əslində, ümumtürk dil birliyi ideyasının müəllifi “Tərcüman”ın baş redaktoru İsmayıl bəy Qaspıralı idi. O, “Həyat” qəzetini “Tərcüman”ın varisi, layiqli davamçısı hesab edirdi. Həm İ.Qaspıralı, həm də Əli bəy Hüseynzadə bütün türklərin eyni millət olduğunu bildirir və onların vahid dilə, yazı mədəniyyətinə malik olmaları tendensiyasını həyata keçirməyə çalışırdılar. Hər iki mütəfəkkir türk xalqlarının milli-mənəvi birliyinə nail olmaq məqsədilə ümumtürk ədəbi dilinin qaydalarının işlənib hazırlanmasını, orta məktəblərdə və mətbuatda işlək bir dilə çevrilməsini təxirəsalınmaz vəzifə hesab edirdi.
Ortaq türk dili ideyası ilə bağlı polemika XX əsrin əvvəllərində daha da geniş xarakter aldı. Azərbaycan romantik ədəbiyyatının qüdrətli nümayəndəsi Məhəmməd Hadi, Krım türklərinin ziyalıları H.S.Ayvazov, S.İbrahimov da öz publisistik məqalələrində İsmayıl bəy Qaspıralı və Əli bəy Hüseynzadənin ortaq türk dili ideyasını dəstəkləyirdilər.
Böyük satirik şairimiz M.Ə.Sabirin məşhur “Müsəlman və erməni vətəndaşlarımıza” şeiri və “Bir məclisdə on iki kişinin söhbəti” əsərləri də “Həyat” qəzetinin səhifələrində dərc edilmişdir. Məhəmməd Hadinin ilk mətbu əsərləri də “Həyat”da dərc olunmuşdu. Şairin “Bəyani-həqiqət” adlı məqaləsi qəzetin 1905-ci il 24 iyul tarixli sayında çap edilmişdi. Hadinin “Həyat”ın səhifələrində ardıcıl dərc etdirdiyi məqalələrdə elm, maarif və mədəniyyətin təbliği, inkişafı məsələlərinə xüsusi diqqət yetirilirdi.
Azərbaycan mədəniyyətinə böyük töhfələr verən dahi Üzeyir Hacıbəyli də öz publisistik yazıları ilə “Həyat” qəzetində çıxış etməyə başlamışdı. Üzeyir bəyin “Həyat”ın 17 sentyabr 1905-ci il tarixli sayında dərc olunan “Bir xanım əfəndinin bizlərə hüsni-təvəccahi” adlı məqaləsi əvvəlcə Peterburqda çıxan “Novoya vremya”, sonra isə Bakıdakı rusca nəşr olunan “Baku” qəzetində Maqda Neyman adlı jurnalistin erməni-müsəlman davasına həsr etdiyi yazıya cavab şəklində qələmə alınmışdır. Gənc Üzeyir bəy M.Neyman kimi ermənilərin mövqeyindən çıxış edən jurnalistlərə kəskin, sərt və tutarlı dəlillərlə əsaslandırılmış cavablar vermiş, bəzi millətlərin “türk-islam” birliyindən qorxaraq Azərbaycan türklərinə qarşı qarayaxma kampaniyası apardığını yazıb göstərmişdi.
Milli teatr və mətbuatımızın yaradıcısı, böyük mütəfəkkir Həsən bəy Zərdabinin elm, maarif və mədəniyyətə, cəmiyyətin müxtəlif sahələrinə aid çoxlu sayda publisistik məqaləsi “Həyat”da dərc edilmişdir. “Əkinçi” ideyalarının “Həyat”da davam etdirilməsini zəruri sayan müəllif qəzetin 8 dekabr 1905-ci il tarixli sayında çap olunan “Cəmiyyəti-Xeyriyyə binası” adlı publisist məqaləsində yazırdı: “Bizim Bakı şəhərində hər ildə mərsiyəxanalar üçün neçə min manat pul yığılır və ya fağır-füqəra adına ondan da artıq xərc olur. Amma onlardan millətə heç bir xeyir yoxdur. Hətta zərəri də var. Çünki bu səbəblə ilbəil mərsiyəxanaların və qeyri-dilənçilərin qədəri də artır”.
Publisist qeyd edirdi ki, mərsiyəxanalara yığılan həmin vəsaitə məktəblər açılsa, peşə-sənət ocaqları yaradılsa, xeyriyyə cəmiyyətləri düzəldilsə, xalqa çox faydası dəyə bilər. H.Zərdabi məqalədə “zamanı keçmiş, dövrlə uyğunlaşmayan qədim adətləri dəyişdirib, zəmanəyə müvafiq iş görmək” məsələsini aktuallaşdıraraq xalqı maarifləndirməyə səsləyirdi.
“Əkinçi” qəzetinin nəşri tarixini yada salan Həsən bəy “Həyat”ın 28 dekabr 1905-ci il və 3 yanvar 1906-cı il tarixli sayında “Rusiyada əvvəlinci türk qəzetəsi” sərlövhəli məqaləsini çap etdirmişdi. Mətbuatın xalqın maariflənməsində, dirçəlişində mühüm faktorlardan biri olduğunu nəzərə çarpdıran Zərdabi yazırdı: “Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm, qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər böyük daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o daş mürur ilə əriyib deşilir, habelə söz də beyinlərə əsər edər, “sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən yolun doğru olması aşkar olar”.
“Həyat”dakı tənqidi xarakterli kəskin yazılarında Zərdabi dövlət məmurlarını rüşvət almaqda ittiham edir, pul gücünə sadə insanların haqqının pozulmasına qarşı çıxır, haqqı tapdayanları, ədalətsizliyi müdafiə edənləri qınayır, xalqı cəmiyyətdəki bu eybəcərliklərə qarşı mübarizəyə səsləyirdi.
Həsən bəy Zərdabi “Həyat”ın 4 və 11 yanvar 1906-cı il tarixli saylarında dərc etdirdiyi “Zindəganlıq davası və yaxud dirilik mübarizəsi” və “İttihadi-lisan” adlı publisistik məqalələrində həqiqi vətənpərvərliyi, əsl insanlığı xalqı qəflət yuxusundan oyandırmaqda görərək yazırdı: “Oxuyun, elm təhsil edin... Elm təhsil etməyə başlayan tayfa qaranlıq otağın qapısını açıb çölə çıxan kimidir ki, bu zaman günün işığı onun gözlərini nurlandırmaqdan başqa, otağın da içinə daxil olub, orada olan şeyləri artıq işıqlandırıb bir qeyri-surətə salır”.
Görkəmli ictimai-siyasi xadim, yazıçı-dramaturq, publisist Nəriman Nərimanov da “Həyat”ın səhifələrində müxtəlif səpkili yazılarını dərc etdirmişdi. Bu publisist yazılarda əsasən 1905-ci il inqilabı, onun Azərbaycan ictimai-siyasi mühitinə təsiri və xalqın milli oyanışı proseslərinə geniş yer verilmişdi. N.Nərimanov publisistik əsərlərində öz fikir və düşüncələrini daha asan yolla xalqa çatdırmaq məqsədilə müxtəlif ədəbi-bədii vasitələrdən sənətkarlıqla yararlanaraq folklordan, klassik Azərbaycan ədəbiyyatının örnəklərindən və Qərb mütəfəkkirlərinin əsərlərindən nümunələrə istinad etməklə felyetonlarını, məqalələrini maraqlı və oxunaqlı bir tərzdə xalqa təqdim edirdi.
Doktor Nərimanov “Həyat”ın 30 iyul 1906-cı il tarixli sayında yazırdı: “Vətən insanın evidir. Necə ki, evində hər bir şeyə ixtiyarın var, necə ki, evin bədbəxtliyi səni qəm dünyasına mübtəla edir, xoşbəxtliyi şad edir, elə də özün üçün Vətən bildiyin məmləkətdə ixtiyarın gərəkdir ola, onun bədbəxtliyi gərək ürəyini dağlaya, xoşbəxtliyi səni şad-xürrəm edə”.
“Həyat”da “Dərviş” imzası ilə felyetonlar çap etdirən Nəcəf bəy Vəzirov da “Balaca mütəfərriqə” başlığı altında xeyli felyeton dərc etdirmişdi. N.Vəzirovun qəzetdə çap etdirdiyi ədəbi-bədii, publisistik əsərlərində cəhalətin və islam fanatizminin, mövhumatın törətdiyi acınacaqlı məsələlər tənqid hədəfinə çevrilirdi. Yazıçının “Həyat”ın 21 iyun 1905-ci il tarixli sayında çap etdirdiyi felyetonda deyilir: “Ömrümdə hər nə şikayətim varsa, hamısı o məni təngənəfəs edən cəhalətdir. Xudaya, nə vaxt o zülmətdən xilas olacağıq?”.
Azərbaycan milli mətbuatına yeni fəlsəfii düşüncə və üslub, türkçülük ideologiyasını gətirən “Həyat” qəzeti böyük ədəbi şəxsiyyətlərin fikir salnaməsini özündə təcəssüm etdirən dəyərli mətbuat orqanı kimi bu gün də öz tarixi əhəmiyyətini qoruyub saxlamaqdadır.
Gülbəniz BABAYEVA,
AMEA Ədəbiyyat İnstitutu mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi, dosent