Milli Observatoriya vətəndaş cəmiyyəti institutlarının nümayəndələri üçün infotur təşkil edib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, o cümlədən Nazirlik yanında İctimai şuranın üzvləri üçün infotur təşkil edib.

Tədbir korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha da gücləndirilməsi, QHT nümayəndələrini Milli Observatoriya tərəfindən kadrların qiymətləndirilməsi və təlim proseslərinin təşkilində şəffaflığın təminatı ilə bağlı görülən işlərlə, qurumun fəaliyyəti ilə yaxından tanış etmək məqsədi daşıyıb.

İnfotur çərçivəsində iştirakçılar Milli Observatoriyanın nəzdindəki Təlim və İnkişaf Mərkəzi və Qiymətləndirmə Mərkəzi ilə tanış olublar. Bu mərkəzlərdə həyata keçirilən qiymətləndirmə prosesi, tətbiq olunan metodologiyalar və təlim proqramları barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Qiymətləndirmə Mərkəzində tətbiq olunan yanaşmalar beynəlxalq standartlara əsaslanır və şəffaflıq, obyektivlik prinsiplərinə söykənir.

Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli qeyd edilən mərkəzlərin əsas məqsədinin əmək bazarının dəyişən tələblərinə uyğun olaraq insan resurslarının bacarıq və biliklərinin inkişaf etdirilməsi olduğunu vurğulayıb. Bu istiqamətdə fəaliyyətin əmək bazarının səmərəliliyinin artırılmasına xidmət etdiyini bildirib.

Təlim və İnkişaf Mərkəzi Nazirlik və ona tabeli qurumların əməkdaşlarının peşəkar inkişafını dəstəkləmək məqsədilə müasir təlim modulları təqdim edir. Bu modullar əmək bazarının real ehtiyaclarına uyğun hazırlanır və iştirakçılara praktiki bacarıqlar qazandırmaqla onların bilik və səriştələrinin artırılmasına yönəlib.

İnfoturun sonunda QHT nümayəndələrinin mərkəzlərin fəaliyyəti ilə bağlı sualları da cavablandırılıb və fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları Milli Observatoriyanın belə bir infotur təşkil etməsini yüksək qiymətləndirib, belə görüşlərin davamlı olmasının vacibliyini qeyd ediblər.

M.Kamal
XQ







Sosial həyat