Mədəniyyət Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində “Azərbaycan Respublikasının mədəniyyət siyasəti və media” mövzusunda maarifləndirici seminar keçirilib.
Mədəniyyət sahəsində fəaliyyət göstərən qurumların media ilə səmərəli kommunikasiyasının qurulması, informasiya yayımı prosesində müasir metodların tətbiqi və strateji kommunikasiya bacarıqlarının artırılması məsələlərinə həsr olunan seminarda Medianın İnkişafı Agentliyinin şöbə müdiri – mətbuat katibi Səidə Şəfiyeva “Mədəniyyət qurumlarının fəaliyyətinin mediada səmərəli kommunikasiyasının təşkili” mövzusunda təqdimatla çıxış edib. O, mədən dəyərlərin beynəlxalq aləmdə tanıdılması baxımından media və kommunikasiyanın əvəzolunmaz bir vasitə kimi rolunu yüksək dəyərləndirib.
“Əvvəllər mədəniyyət qurumları əsasən ənənəvi vasitələrlə – qəzetlər, jurnallar, televiziya proqramları və kitablarla informasiya yayırdısa, bu gün rəqəmsal dövr dövlət qurumları üçün tamamilə yeni imkanlar açır. İndi biz sosial media platformaları, virtual texnologiyalar və rəqəmsal resurslar vasitəsilə mədəniyyət tədbirlərini minlərlə, hətta milyonlarla insana çatdırmaq imkanına malikik. Bu dəyişikliklər göstərir ki, keçmişdə statik və birtərəfli olan kommunikasiya artıq daha dinamik, rəqəmsal və interaktiv xarakter daşıyır”, – deyə S.Şəfiyeva qeyd edib.
Seminarda həmçinin, media və mədəniyyət qurumları arasında əməkdaşlığın əhəmiyyətindən, informasiya siyasətinin qurulmasında yeni texnologiyaların rolundan və bu sahədə beynəlxalq təcrübədən danışıb. Agentliyin departament direktoru Ləman İsgəndərova “Media savadlılığı: başlıca prinsipləri, hədəf qrupları və perspektivləri” mövzusunda çıxış edərək media savadlılığının cəmiyyət üçün əhəmiyyətindən danışıb.
“Redaksiya siyasəti və jurnalistlərin peşə davranış qaydaları” mövzusunda çıxış edən Medianın İnkişafı Agentliyinin media təhlil şöbəsinin müdiri Səbinə Seyidova jurnalist etikası və redaksiya siyasətinin peşəkar media mühitinin formalaşmasında əsas şərtlərdən olduğunu bildirib. O vurğulayıb ki, jurnalistlər informasiya əldə edərkən və yayarkən obyektivlik, dəqiqlik və qərəzsizlik prinsiplərinə əməl etməlidirlər.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dosenti, elmi işlər üzrə dekan müavini Sevinc Əliyevanın “Milli Mətbuat – 150. Azərbaycan publisistikasında qadın hüquqları uğrunda mübarizə və gender bərabərliyi məsələləri” mövzusunda çıxışı da maraqla qarşılanıb. O, XIX əsrin sonu–XX əsrin əvvəllərindən etibarən milli mətbuatda qadınların təhsili, ictimai həyatda iştirakı və hüquqlarının müdafiəsi istiqamətində müzakirələr aparıldığını qeyd edib. Həmçinin bu mövzunun günümüzdə də aktuallığını qoruduğunu və gender bərabərliyi məsələlərinin mediada daha geniş işıqlandırılmasının vacibliyini vurğulayıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
XQ