“Diplomat Magazine” jurnalında Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadənin 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı məqaləsi dərc olunub. Məqalə Azərbaycanın şəhərsalma və memarlıq inkişafı sahəsində zəngin təcrübəsini, həmçinin ölkənin tarixi və müasir şəhərsalma proseslərini əks etdirir.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın şəhərsalma tarixinin əsas mərhələləri ardıcıl şəkildə təqdim olunur. Vurğulanır ki, Qobustan qayaüstü rəsmləri ölkədə insan məskunlaşmasının ən qədim izlərini əks etdirir. Bakı, Şəki, Gəncə, Şamaxı və Şuşa kimi qədim şəhərlərin planlaşdırılması, eləcə də Lahıc kəndindəki su və kanalizasiya sistemi Azərbaycanın qədim mühəndislik, memarlıq mədəniyyətinin parlaq nümunələridir.
XIX əsrin sonlarında baş verən ilk neft bumu dövründə Bakının simasında baş verən dəyişikliklər, Avropanın memarlıq üslublarının təsiri ilə inşa olunan binalar, geniş prospektlər və ictimai parkların salınması ölkənin şəhər inkişafında yeni mərhələ kimi təqdim olunur. XX əsrin ortalarında isə monumental memarlıq və geniş yaşayış massivlərinə əsaslanan şəhərsalma strategiyaları ön plana çıxıb.
Yazıda diqqətə çatdırılır ki, Azərbaycanın müstəqillik dövrü sürətli iqtisadi inkişafla müşayiət olunan müasir şəhərsalma mərhələsi kimi xarakterizə olunur. Bu dövrdə Bakıda inşa edilən və beynəlxalq səviyyədə tanınan Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Bakı Kristal Zalı, Xalça Muzeyi və Bakı Konqres Mərkəzi kimi memarlıq nümunələri ölkənin müasir simasını formalaşdıran layihələr sırasında göstərilir. “Port Baku”, “Dəniz Mall” və “Crescent Development” kimi iri layihələr Azərbaycan paytaxtının Bakının sahilboyu panoramasını tamamlayır.
Səfir qeyd edir ki, Azərbaycanın yeni inkişaf mərhələsində davamlılıq və ekoloji məsuliyyət əsas prioritetlərdəndir. Bu istiqamətdə “Ağ şəhər” layihəsi, Bakı bulvarı boyunca həyata keçirilən yaşıllaşdırma təşəbbüsləri və “Sea Breeze” kimi müasir yaşayış, turizm layihələri ölkənin ekoloji baxımdan balanslı şəhərsalma proseslərini nümayiş etdirir.
Hazırda ölkənin şəhərsalma siyasəti işğaldan azad edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına yönəlib. “Böyük Qayıdış” Proqramı çərçivəsində bu ərazilərdə ağıllı, dayanıqlı və ekoloji təmiz şəhər və kəndlərin salındığı bildirilir. Zəngilanın Ağalı kəndi “ağıllı kənd” konsepsiyasının ilk uğurlu nümunəsi kimi qeyd olunur. Füzuli, Zəngilan və Laçın hava limanlarının, yeni magistral yolların, dəmir yolu xətlərinin, tunel və körpülərin inşası azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial həyatına inteqrasiyasına mühüm töhfə verir. Şuşa şəhərinin yenidən qurulması isə mədəni irsin bərpası baxımından xüsusi önəm daşıyır.
Məqalədə Azərbaycan ilə Niderland arasında şəhərsalma sahəsində əməkdaşlıq imkanlarına da diqqət yetirilir. Qeyd olunur ki, Azərbaycan qədim qala-şəhərlərdən başlayaraq müasir “ağıllı şəhər” modellərinə qədər çevik və davamlı inkişaf təcrübəsinə malikdir. Niderland isə su idarəçiliyi və davamlı urbanizasiya sahəsində qlobal liderdir. Hər iki ölkənin ekoloji dayanıqlılıq, innovativ məkan planlaşdırması və inklüziv yaşayış siyasəti kimi ortaq məqsədləri gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.
Məqalənin sonunda vurğulanır ki, WUF13 çərçivəsində qlobal səviyyədə şəhərsalma problemləri, xüsusilə mənzil məsələsi müzakirə olunacaq. Azərbaycan bu sahələrdə öz təcrübəsini, bilik və baxışlarını beynəlxalq ictimaiyyətlə bölüşməyə hazırdır. Müəllif fikrini belə yekunlaşdırır: “Bakı şəhərinin əsrarəngiz və ikonik mənzərəsindən başlayaraq, azad edilmiş ərazilərdə salınan ağıllı kəndlərə qədər olan inkişaf nümunələri göstərir ki, Azərbaycan təkcə şəhərlərin necə inşa olunduğunu deyil, həm də onların necə yenidən dirçəldiyini dünyaya nümayiş etdirəcək”.

